Asan deyil ki, qardaşım,
öz qınına çəkilib eləcə
dadını çıxarmaq yaşamağın,
bir də dadmı qalmış,
buralarda yaşamaq sırasına
girmək belə çətin,
asan deyil ölüm saatı qurulmuş
həyata tutunmaq buralarda,
son nəfəsində dirənmək
xaincə boğazlanmış bir məmləkətin…
Asan deyil, didiklənmiş, yanmış,
iç qanamasından can çəkən bir ölkənin
qanına girənlərlə barışmaq,
seyrçisi olmaq doğruya
kəsilən edamların,
asan deyil səsi dibinə batmışların
arasında “ədalət” deyə bağırmaq,
ya da vaz keçib
qaranlıq kölgəsinə sığınmaq
qırıq-töküntü adamların…
Asan deyil ki, qardaşım,
asan deyil içini ağladan,
köksünü dağıdan,
uğruna illərcə savaşdığın
bu yorğun məmləkətin halı,
zordu əlbət, amma yenə onu
dişini qıcamış qansız
sümük sürüsündən
qoparıb almaq sənin işin,
bir savaşçı elə bunun üçün
doğulmuş olmalı…