Salam olsun sənə, əziz dost ! Deyirlər ki, altmışı haqladın.
60 müdriklik yaşıdır, amma bir alim, bir sənətkarçün 60 nədir ki? Əslində yaradıcılığın önəmli dövrüdür bu yaş. Ağlın, zəkanın itiləndiyi, təfəkkürün daha uzağa yol aldığı, ədalətin təntənə dövrü… Düzü, səni bu yaşda təsəvvür edə bilmirəm. Həmişə cavan, həmişə şux və zarafatcıl adamın yaşa dolması, gəlib altmışa çatması, doğrudan da, maraqlıdır. Maraqlı olduğu qədər də mənalıdır.
Ağlına, müdrikliyinə, dar macalda qərar qəbul etmək qabiliyyətinə görə həmişə elə düşünürdüm ki, yaşda məndən böyüksən. Demə, bu dünyaya səndən bir neçə ay tez göz açmışam… Yəqin həm də ən çətin məqamlarda, mənə arxa durduğun üçün böyük bilmişəm səni…Yeddinci onluğun başlanğıcında yolun uğur olsun!” – de¬yi-rəm, böyüklüyündən enməyəsən, Qulu Məhərrəmli!
***
Mənim Qulu adında tək bir dostum var. Heç kimin yanında sıxıldığını, çəkindiyini görməzsən, adının Qulu olmağına baxma. Əxlaqın qulu, kişiliyin qulu, millətin qulu!!! Bu zəmanədə çoxları nəfsinin qulu oldu, amma mənim dostum nəfsini yenə bildi, vəzifəni, pulu, rüşvəti yenə bildi. Parıltılara aldanmadı, ötəri qığılcımlarla yaşamadı. Çoxları əllərini rüşvətin odu ilə isitdiyi vaxtda o, çevrəsinə topladığı gənclərə təmənnasızlıq nümunəsi və əxlaqın gücünü göstərə bildi. Belə dostun olmasını kim istəməz ki?!
Deyirlər istedadlı adam xəmir kimidi… Nə qədər sıxsan, nə qədər yolunu kəssən də, hardan olsa yol tapıb çıxacaq… Niyə axı gərək elə sixasan..? Olmaz ki, yol açasan?.. Qulu Məhərrəmli çox məngənələrə salınsa da, özü sıxılsa da, çoxlarına yol açdı!.. Bir zamanlar min əziyyətlə özünə açmışdı bu yolu, indi ardıcıllarına, davamçılarına açır.
90-cı illərin ortalarında… Daha doğrusu, hardasa, 1996-cı ildə yaxından tanış olduq səninlə. AzTV adlanan məkanda… Çoxlarının çirkaba bulaşdığı, rüşvət, təmənna girdabında boğuldugu, mənəviyyatını təslim etdiyi yerdə barmaqla sadalanan təmiz və ləyaqətli adamlar vardı ki, onlardan biri də SƏN idin – nəfsinə hakimlik edən, prinsiplərini qorumaq üçün bəzən dəmir kimi sərt olmağı bacaran Qulu Məhərrəmli! Kim bilməsə də, mən yaxşı bilirəm ki, yaradıb 12 il rəhbərlik etdiyin populyar “Səhər” proqramının bir uğuru da sənin mənəvi gücünlə bağlı idi…
Bəzən düşünürəm ki, Qulu Məhərrəmlinin gücü nədədir? Hər zaman azadlığını və şəxsi ləyaqətini qorumasında? Daim öz üzərində işləməsində, obyektiv və ədalətli mövqe tutmasında, yoxsa fərqli tərzdə düşünə bilməsində? Məncə, onun ən böyük gücü bütün bunlarla yanaşı, həm də enerjisini gərəkli işlərə sərf edə bilməsində və ən başlıcası, bu yolda heç vaxt yarıda dayanmamasındadır.
***
Əziz dostum, kim bilməsə də, mən axına qarşı durmağın çətin¬liklərini, vicdanlı adamlara diş qıcamağın acı nəticələrini, hər addımda güdülməyin, şər və bötanlarla üzləşməyin, hər fürsətdə üzərinə adamlar qaldırmağın nə demək olduğunu yaxşı bilirəm. “Niyə bu, bizə bənzəmir” deyən və hər addımda səni qaralamaq fürsətindən bəhrələnməyə çalışan xəbis və nadan adamların əlindən nələr çəkdiklərini də görmüşəm. Hələ yazıçı dostlarımızdan biri nadan adamların vaxtilə sənə qarşı hücumları ilə bağlı çox maraqlı yazısına uğurlu bir ad qoymuşdu: “İşığa daş atanlar.” Bəli, ömrünü xalqın tərəqqisinə, elmin, biliyin yayılmasına, cəmiyyətin maariflənməsinə, ictimai əxlaqın möhkəmlənməsinə sərf edən sənin kimi insanları yalnız işığa bənzətmək mümkündür. Belə insanlara daş atanlar isə həmişə olub və yenə də olacaqdır. Önəmli olan bu işığın dan ulduzu kimi hər yerdən görünən, duyulan şüası və hərarətidir. Bu mənada sən bizim jurnalistikamızın, bütövlükdə mənəvi həyatımızın gur işıqlarından birisən desəm, yanılmaram.
Sənin vaxtilə apardığın “7 gün”, Təfsilat”, “Gerçəklik” kimi müəllif verilişləri, yaradıb formalaşdırdığın “Səhər” proqramı televiziya tariximizin parlaq bir səhifəsidir. Bu verilişlər təkcə bədii-publisistik düşüncənin yeni ifadəsi deyildi, həm də mənəvi ölçülərə görə televiziyanın tamamilə fərqli mərhələsi idi. Mən hələ sənin rəsmi tədbirlərdən apardığın canlı reportajların, bir politoloq kimi verdiyin siyasi təhlillərin, ssenari müəllifi oldugun sənədli filmlərin tamaşaçı şüurunda hansı burulğanları yaratdığını, publisistika tariximizdə hansı rolu oynadığını demirəm. Televiziya, radio, kino yaradıcılığına aid çoxsaylı kitablarını, dərsliklərinı, izahlı lüğətlərini də bir yana qoyuram.
“ QOBUSTAN “ adlı sənədli filmi birgə çəkdik.Yaradıcı qrupun bir qanadı sən oldun. İdeya və ssenari müəllifi – Qulu Məhərrəmli, tədqiqatçı – Camal Abdullayev, rejissoru – Rövşən Almuradlı olan film… Birgə işimiz, hardasa, birgə yolçuluğumuzun da təməlini qoydu. Bax, beləcə 20 il ötüb, keçdi…
Bu illər ərzində nəyi qazandın, nə itirdin..? Qulu Məhərrəmli pedaqoq, jurnalisr, teleradio məkanında ehtiramla adı çəkilən PEŞƏKAR, elm adamı, professor. Bunlar haqda hələ çox yazacaq, çox deyəcəklər. Birini də mən əlavə edim – teatr bilicisi. Sənin tamaşalara yazdığın resenziyalar, təhlillər elə yüksək elmi tədqiqatlardır ki, teatrşünaslar kurslarda dərslik kimi istifadə etməlidirlər. Harda, nəyə əl atdınsa, məsuliyyətlə, yüksək professionallıqla gördün işini!
Nə itirdin? Təqribən keçən il bu vaxtlar bir söhbət oldu aramızda… Anan vəfat etmişdi, çox göynədirdi səni. O vaxt dediklərin indiyəcən yaddaşımda ilişib qalıb. Heç zaman unutmaram: “Anam son zamanlar xəstəlikdən yaddaşını itirir, əlimdən tutub deyirdi ki, gedək öz kəndimizə, gedək öz evimizə…”
Mən bildiyim qədər Qulu Məhərrəmli hər ağrıya, hər zərbəyə sinə gərən, haqsızlığı, ədalətsizliyi də özünəməxsus təmkinlə, ləyaqətlə qarşılayan dözümlü insandı!.. Amma o bir cümləni deyəndə, sanki birinci dəfə gözlərinin nəmliyi, səsinin titrəməsi, ürəyinin ağrısı duyuldu..! Yox… bir dəfə də Xocalıdan, orada çəkdiyin əsgərlərin taleyi haqqında danışanda qəflətən səsin beləcə qırılmışdı…
Uşaq kimi kövrək imiş Quli Məhərrəmli…
Əziz dostum, sən bu millətə layiqli övlad kimi xidmət etdin, gecəni gündüzünə qatdın, heç bir təmənna güdmədən, bacardığın işlərin qulpundan yapışdın. İçində Zərdabinin, Üzeyir bəyin idrakının qığılcamlarını yaşatdın, millətin adının və düşüncəsinin böyük miqyas alması üçün jurnalistikada da, elmdə də yeni cığırlar saldın. Bu Vətən, bu millət isə sənin timsalında böyük bir şəxsiyyət qazandı! Tanrı yolunu nurlu, açıq , uğurlu eləsin! Altmışın mübarək!
Rövşən ALMURADLI
rejissor