Tanınmış mütəxəssis nazirin yalanını rəqəmlərlə ifşa etdi
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov İtaliyada səfərdə olarkən bildirib ki, Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü, demək olar, tam təmin etmək səviyyəsinə gəlib çatıb. Bununla bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov fikirlərinin bildirib:
“Təssüflər olsun ki, Azərbaycan özünün heç bir adda ərzaq və qida məhsullarına olan təlabatlarını daxili istehsal hesabına ödəyə bilmir. Belə ki, Dünya Səhiyyə Təşkilatının (DST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda Azərbaycan il ərzində adambaşına 32 kiloqram, tələbatın yalnız 38 faizi qədər ət istehsal edir. Idxal olunan ət və ət məhsulları ilə birlikdə isə ümumi tələbatın yalnız 40 faizi təmin olunur. Belə ki, 2013-cü ildə ölkədə adambaşına 33, 8 kiloqram ət və ət məhsulları istehlak olunub. Bu da o deməkdir ki, Azərbaycanda adambaşına normadan 2 dəfədən də çox aşağı ət istehlak olunur.
Azərbaycanda süd istehsalı da tələbatdan xeyli aşağı səviyyədədir. Belə ki, Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına 360 kiloqram süd müəyyən olunsa da, Azərbaycan keçən il adambaşına 193 kiloqram süd istehsal edib. Istehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 53,6 faizini təmin edir. Son zamanlar ciddi şəkildə artan süd və süd məhsullsrı idxalı ilə birlikdə il ərzində adambaşına 248 kiloqram istehlak edilir ki, bu da ümumi istehlak təlabatının 69 faizini təşkil edir.
Azərbaycan çörək istehsalında xammal kimi istifadə etdiyi ərzaq buğdasını 100 faiz xaricdən idxal edir. DSK-nın məlumatına əsasən, 2013-cü ildə ölkəyə 1milyon 451 min ton ərzaq buğdası, 18 min ton düyü, 46 min 449 ton buğda unu idxal olunmuşdur ki, bu da bizim istehlak tələbatımızdan xeyli çoxdur. Onu da qeyd etməliyəm ki, bu il buğda istehsalı ilə bağlı vəziyyət daha da acınacaqlıdır. Belə ki, bu il buğda istehsalı keçən ilə nisbətən 25 faiz azalıb.
Ikinci çörək hesab olunan kartof istehsalı da aşağı səviyyədədir. Adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir. Istehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən dəÿkeçən il adambaşına kartof istehlakı normanın 51 faizi qədər,ÿyəni 64,2 kiloqram olmuşdu.
Son zamanlar Azərbaycanın istehsal etdiyi tərəvəz və meyvə məhsullarına Rusiya hökumətinin marağının artması nəticəsində bu sahədə çox ciddi ajiotaj yaranıb. Rusiya hökumətinin yüksək çinli məmurları ölkəmizə etdikləri səfər zamanı və öz ölkələrində mətbuata verdikləri müsahibələrdə tez-tez ölkəmizin adını vurğulamaqla bu sahədə ticarət əlaqələrimizin yaxşılaşmasını arzu etdiklərini bidirirlər. Ola bilsin ki, Azərbaycan ətrafında yaranan bu ajiotaj bəzi adamlarda ölkəmizin həqiqətən də meyvə, tərəvəz ticarətində ciddi oyunçu olduğu assosasiyası yaradıb. Qeyd edim ki, Azərbaycan adambaşına ən az tərəvəz istehsal edən ölkələr sırasındadır. Ölkəmiz keçən ilÿadambaşına 131 kiloqram (norma 140 kiloqram) tərəvəz və bostan məhsulları istehsal etdiyi halda, əhali normadan xeyli az, adambaşına 105,2 kiloqram ümumi normanın 75 faizi qədər məhsul istehlak edib.
Il ərzində adambaşınaÿmeyvə və giləmeyvə norması 100 kiloqram müəyyən edilsə də, 2013-cü ildə Azərbaycanda 75,2 kiloqram istehlak olunub.
Apardığımız araşdırmalar Azərbaycanın adambaşına əsas qida məhsulları istehsalında və istehlakında digər ölkələrdən hətta MDB ölkələri sırasında da geridə qaldığı, yalnız Tacikistandan irəlidə olduğunu göstərir.ÿOnu da qeyd etməliyəm ki, Tacikistan adambaşına kartof və tərəvəz istehsalında Azərbaycandan irəlidədir.
Azərbaycan Dövlət Statistika Komitəsinin saytında beynəlxalq müqayisələr bölümündən əldə etdimiz rəqəmlər və BMT-nin açıqladığı məlumat Azərbaycanın adambaşına illik və gündəlik qida istehlakına görə regionda sonuncu olduğunu deməyə əsas verir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2013-cü ilin 16 oktyabr “Ümumdünya Ərzaq Günü”ü münasibətilə hazırladığı hesabatda Orta Asiya və Qafqaz ölkələri, o cümlədən Azərbaycan haqqında məlumatlar da yer ayırmışdı. Həmin məruzədə qeyd olunur: “Orta Asiya və Qafqaz ölkələrində kifayət qədər qidalanmamaq riski müşahidə olunur. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq səviyyəsi isə Dünya Bankının hesablamalarına görə 30-70% təşkil edir.
Azərbaycan əhalisi Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak edir, xüsusən yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: “Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarında da Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu vurğulanır: “Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda 3095 kilokaloridir”.
Bu ilin əvvəlində Oksfam Beynəlxalq Humanitar Təşkilatı Dünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının məlumatları əsasında dünyanın 125 ölkəsinin reytinq cədvəlini hazırlamışdı. Azərbaycan bu reytinqdə 91-ci yeri tutmaqla, keçmiş sovet ölkələri arasında geridə qalmışdı.ÿ
Onu da xatırladım ki, bu il Britaniyanın “The Economist Intelligence Unit” araşdırma şirkəti (“Economist” jurnalının analitik bölməsi) dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayıb. Azərbaycan 109 ölkə arasında 62-ci yeri tutaraq, Honduras kimi ölkə ilə “qonşuluq” edib”.