Ədliyyə naziri iddia edir ki, ölkədə 4000-dən artıq QHT, 5000-ə yaxın KIV fəaliyyət göstərir
Mehman Əliyev: «Səslənən rəqəmlər şişirdilib, ölkədə ən yaxşı halda 300 QHT, 300-ə yaxın da KIV ola bilər»
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov sentyabrın 21-də rəsmi dövlət qəzeti “Azərbaycan”da məqalə dərc etdirib. Məqalədə müxtəlif məqamlara toxunulur və qeyri-hökumət təşkilatlarının sayının da ilbəil artdığı qeyd olunur.
Fikrət Məmmədov bildirir ki, hazırda ölkədə QHT-lərin sayı 4.100-ə, KIV-lərin sayı isə 5.000-ə çatmaq üzrədir: “Həmçinin dövlət başçısının ”Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, qeydiyyata alınmış təşkilatlar barədə elektron məlumat bazası yaradılıb, “Fərdi elektron pəncərə” elektron məlumat sistemi istifadəyə verilib”- deyə Fikrət Məmmədov bildirir.
Bu məqalədəki digər məqamlara da diqqət yetirmək olar. Ancaq, hələlik QHT və KIV-lər haqqında səslənən fikirlərə münasibət bildirmək istərdik. Biz, Fikrət Məmmədovun səsləndirdiyi rəqəmləri şübhə altına almırıq. Bu qədər QHT-nin və KIV-lərin qeydiyyatdan keçməsi real ola bilər. Statistikaya inansaq, ölkədə 1 miyondan çox iş yeri açılıb, yoxsulluğun səviyyəsi 5 faizə enib, qeyr-neft sektorunda inkişaf fontan vurub. Ancaq, real həyatımızda bu rəqəmlərin “rəqs”ini görmürük.
Indi, Fikrət Məmmədovun dediyi 4100 QHT və 5000-ə yaxın KIV-də gözəgörünməz olub. Kim ard-arda 50 qəzetin adını və ya 50 QHT-nin adını çəkə bilər. Bu 4000-dən artıq QHT-nin fəaliyyəti hansı sahədə ifadə olunub, bu 5000-ə yaxın KIV-in vətəndaşa xidməti hansı formada həyata keçirilir.
Bu ölkədə müstəqil fəaliyyət göstərən 5-10 QHT var idi, onu da hakimiyyət sıradan çıxardıb. Bu qurumlara rəhbərlik edən adamlar isə həbsxanaya göndərildi. KIV-lər barəsində də eyni fikirləri səsləndirmək olar. Bugün xalqa real informasiya çatdıran, yalanları tirajlamayan, ictimai rəyə təsir imkanı olan media orqanı barmaqla sayılacaq qədərdi. Yəni bu qeydiyyatdan keçən kütləvilik cəmiyyətdə seyrək görünür.
Aydındır ki, bu QHT-lərin əksəriyyəti dövlət hesabına və ya xarici qrantlar hesabına maliyyələşir. Əvəzində isə, yalnız hökumətin siyasətini dəstəkləyirlər. Bu QHT-lərin və KIV-lərin fəaliyyətində dövlətə və millətə yönəlik heç nə müşahidə olunmur.
“Turan” IA-nin rəhbəri Mehman Əliyev bildirdi ki, səslənən rəqəmlər reallığı əks etdirmir və Azərbaycandakı QHT-lərin və KIV-lərin rela çəkisi məlumdur: “Hələ bir neçə il öncə hesab veriləndə məlum oldu ki, ölkədə 293 QHT var. Belə çıxır ki, son 2-3 ildə 3800 QHT artıb. Bu absurddur və şişirdilmiş rəqəmdir. Ola bilər ki, QHT-lər qeydiyyatdan keçib. Ancaq, bu QHT-lərin böyük əksəriyyəti faliyyətini dondurub. Bugün fəaliyyət göstərən QHT-lərin sayı 300-dən çox olmaz”.
KIV-lərin sayına gəlincə, ekspert hesab edir ki, eyni rəqəmləri bu istiqamətə də aid etmək olar: “Azərbaycanda ən uzağı 300-ə yaxın media orqanı ola bilər. Bu media orqanlarının reklam bazarına diqqət edəndə isə aıcnacaqlı nəticə ortaya çıxır. Bugün faliyyət göstərən media orqanlarının əksəriyyəti dotasiya hesabına, çirkli pullar vasitəsilə işıq üzü görür. Hansısa qəzet, jurnal qeydiyyatdan keçə bilər. Ancaq, bu orqanlar bir müddətdən sonra fəaliyyətini dayandırıb. Bu qədər KIV-in yaşaması üçün reklam bazarı, real şərait yoxdur. Bu rəqəmlər yalnız kağız üzərində mövcuddur”.
Akif