Hakimiyət yetkililəri müxalifəti tez-tez dövlətimizin “imicini” korlamaqda, dövlətimizi nüfuzdan… salmaqda qınayır. Onlar desələr də, deməsələr də belə görsənişlər gerçəkdən qınanmalıdır. Ancaq, qınaq gerçəklikdən qaynaqlanmalıdır, yalançı siyasətlərdən yox. Yalnız satqın kimsələr dövlətini gözdən salmaq istəyində buluna bilər. Bir var hansı istəklərləsə dövlətini gözdənsalma çalışmaları, bir də var dövlətinə sevgidən çatışmazlıqları göstərməklə onların aradan qaldırılmasına çalışmaq. Bizlər ikincilərdənik.
Rüşvət-korrupsiya dövləti içindən dağıdan qorxulu görsənişlərdir. Son 21 illlik dönəm Azərbaycanda rüşvətin-korrupsiyanın dövlət ideologiyasına, bu ideologiyadan qaynaqlanan dövlət siyasətinə çevrilməsi dönəmidir. Başqa faktlar bir yana, bunu bugünlər ortaya çıxarılan bir fakt da göstərdi: son 20 ildə Azərbaycan ekanomikasına 190 milyardlıq yatırım qoyulub. Yatırım, bilindiyi kimi, bizim doğma türkcəmizdədir. Saya anlamı qazanc güdüyü ilə iş qurub, pul yatırmaqdır. Bunu ayrı-ayrı adamlar da edə bilər, dövlət də. Indilikdə söhbət dövlətdən gedir. Demək, dövlət özünün varlanıb güclü olması üçün strateji planla haralarasa ekonomika adına 190 milyardlıq yatırım qoyub. Sözsüz, bütün bunlar milyardlarla neft gəlirlərindən gələn yatırımlardır. Düzgün siyasətdir: böyük neft gəlirlərindən yatırım qoymaqla güclü ekonomika qurursan, bundan sonra ekonomikadan gələn gəlirlərə söykənməklə “bizdən sonrakı yurddaşlarımıza da pay çatsın” deyə, neft çıxarılmasını minimuma endirirsən. Bu olur gerçəkdən uğurlu neft-qaz strategiyası.
Illərdir Əliyevlərin, əliyevçi hakimiyətin uğurlu neft-qaz strategiyasından danışılır. Indi bilindiyi kimi, o “uğurlu neft-qaz strategiyası” Azərbaycan üçün, Azərbaycan xalqı üçün bütünlüklə boşuna söz-söhbətdir. Danılmaz bir fakt: ekonomik alana 190 milyardlıq yatırımlardan sonra belə, bizim dövlət büdcəmizin yüzdə səksən beşi neft-qaz gəlirlərindən oluşur. Bu isə sözügedən 190 milyardlıq yatırım yerinə… BATIRIM deməkdir! Onda biz hansı strategiyadan, hansı planlaşdırmadan danışa bilərik? Ortadakı 190 milyardlıq yatırım faktı ölkədəki azsaylılıq baxımından Azərbaycan xalqını dünyanın ən varlı xalqlarından birinə çevirməliydi. Ancaq, çoxsaylı prezident yalanlarına baxmayaraq, bu gün Azərbaycan dünyanın yoxsul ölkələri sırasındadır. Eləcə də Azərbaycanın Təhsil, Sağlamlıq sistemləri necəlik baxımından dünyanın yoxsulları sırasındadır. Olimpiya-idman oyunlarına milyonlar, milyardlar səpələyən əliyevçi hökumətin müəllimə, həkimə verdiyi aylığa baxın: 150-200 manat arası. Hakimiyətin özünün yürütdüyü yaramaz siyasət üzündən müəllimlik bu gün bizdə ən urvatsız professiyalardan birinə çevrilib – son 21 ildə rüşvət müəllimliyin başlıca atributlarından birinə çevrildiyi üçün.
Komunist dövləti olaraq qalan, yaşayanlarının sayı az qala 2 milyarda çatan Çində bu gün orta oxul müəlliminə 800-900 dollar aylıq verilir. Ancaq, bu yüksək aylığa görə də onlardan yüksək öyrətim göstəricisi sorulur. Sonuc nədir? Yüksək göstəricilərə görə Çinin orta oxul öyrənciləri dünyada birinci yerə çıxıb. Lap yaxın çağlaradək bu yeri tutan Sinqapur indi ikinci yerə keçib. Üçüncü yerdə Güney Koreyadır. Çinin beş yüksək oxulu dünyanın 100 oxulu arasındadır. 2020-ci ilədək sayı ona çatdırtmaq planlaşdırılıb. Çinin bu göstəriciləri Britaniya başda olmaqla dünyanı şaşırıb. Britaniya təhsil baxanlığı Çindəki pedaqoji praktikanı mənimsəmək üçün bu il Çindən 60 müəllim çağırıb. Təhsil sistemi başda olmaqla Çin dövlətinin indiki çoxsaylı uğurları doğru-düzgün, prinsipial yönətim strategiyasından, praktikasından qaynaqlanır. Son 20 ildə Çində korrupsiya faktı ilə bağlı 20-dən çox nazirə, nazir yardımçısına məhkəmə ölüm hökmü kəsib. Bizdə məhkəmələrin bir başlıca suçlu subyekti var – müxalifət…