“Bilməzdim ki, Surət Hüseynovun adı ilə onun adını birgə çəkdiyim üçün Osman inciyər”
Müsavat Partiyasının bir ay öncə keçirilən qurultayından sonra tərəflər və üzvlər arasında başlanan mübahisələr hələ də davam etməkdədir. Narazılardan olan keçmiş MNTK üzvü Əlövsət Talışxanlı ilə hazırkı Məclis üzvü Osman Kazımov da bir-birinə qarşı sərt ittihamlar səsləndirirlər. Osman Kazımovun Ə.Talışxanlının qohumuna pulsuz hüquqi yardım göstərdiyini açıqlaması qarşı tərəfin narazılığına səbəb olub və o, bunu yalan adlandırıb.
Qeyd edək ki, O.Kazımov partiyadaşının fikrinə cavab olaraq bunları demişdi: “Əlövsət Talışxanlının ən yaxın insanının müdafiəsində iştirak etmişəm. Çox təəssüf ki, təmənnasız. Buna indi təəssüflənirəm. Hər bir halda haqqımı onun qohumuna halal edirəm”.
Ə.Talışxanlı isə onun bu fikirlərinə etirazını bildirib. O, musavat.com-a açıqlamasında bildirib ki, qarşı tərəfin siyasi hərəkətləri ilə bağlı dediyi fikrə onun şəxsi məsələsini qatması normal deyil: “Həm də bildirir ki, qohumuma təmənnasız yardım edib. Ancaq bu, doğru deyil. Mən heç Osman Kazımovu tanımırdım, onu vəkil tutanda isə əvvəlcə bildirildi ki, hesaba 200 dollar köçürmək lazımdır. Daha sonra yenə 200 dollar köçürməyimi istədilər. Bunlar xidmət haqqı idi. Beləliklə, ümumilikdə vəkilə 500-600 dollar pulumuz çıxdı. Bu, rusum idi, o, məndən rüşvət istəməyib, bəlkə onu deyir? Yəni o, bizdən xidmət haqqı almışdı, bəlkə rüşvət istəyirdi? Nəyi deyiblərsə, ödəmişəm. Hətta kürəkənim dedi ki, vəkili dəyişək, ancaq dəyişmədik. Bu qədər ödənişlərin müqabilində isə onu cəmi bir dəfə müdafiə etdiyi şəxsin yanına Bayıla göndərə bildik, o da güc-bəla ilə. Onun vəkillik fəaliyyəti bizi qane etmədi. Mən elə bilirdim ki, açıqlama verdiyimdə Surət Hüseynovun adı ilə onun adını birgə çəkdiyim üçün Surət Hüseynov inciyər. Mən bilməzdim ki, buna görə Osman inciyər”.
Qeyd edək ki, Ə.Talışxanlı bildirmişdi ki, Osman Kazımov Surət Hüseynovu Gəncə qiyamı zamanı təntənə ilə qarşılamağa hazırlaşanda İsa Qəmbər həbsdə idi və bəzi partiyadaşlar ona yemək aparırdılar: “Eşitdiyimə görə, Osman Kazımov Gəncə hadisələri vaxtı təntənə ilə Surət Hüseynovu qarşılamağa hazırlaşanda İsa Qəmbər tutulmuşdu, təcridxanada idi. Elə müsavatçılar var idi ki, o zaman təzyiqlərə baxmayaraq, İsa Qəmbərə yemək aparırdı. Ancaq Osman Kazımov o vaxt Füzuli Rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri işləyirdi və təntənə ilə Surət Hüseynovu qarşılamağa hazırlaşırdı. Belə adamdan nə desən, gözləmək olar”.