Müsavatın başqanlığına keçmiş namizəddən ilginc dəyərləndirmə
Arif Hacılı: “Təzyiqlərlə nəyəsə nail olmaq mümkün olmayacaq”
«Kim mənim üzərimə müharibə ilə gələcəksə, mən sülhlə cavab verəcəyəm. Ancaq təzyiqlərlə nəyəsə nail olmaq mümkün olmayacaq». Bunu Müsavat başqanı Arif Hacılı oktyabrın 25-də partiyanın məclis toplantısında bildirib.
O deyib ki, narazılara dəfələrlə barışıq və danışıq təklif edib: «Kimsə hesab edirsə ki, Arif Hacılı kiminləsə toqquşacaq, xeyr, olmayacaq. Müsavat Partiyasında hər bir üzvə bərabər münasibət olacaq. Bunu da deyim ki, təzyiqlərlə hər hansı görəvə də sahib olmaq mümkün olmayacaq».
Məclisdə çıxış edənlərin bir neçəsi təklif edib ki, narazıların məsələsi ciddi şəkildə müzakirə olunsun.
Daha sonra Divan, Mərkəzi Nəzarət və Təftiş Komissiyası (MNTK) və Məclis üzvlüyünə seçkilər keçirilib. Divana 10, MNTK-ya 4 nəfər seçilib.
Sərbəst məclis üzvlüyünə 42 nəfər namizədliyini irəli sürsə də, təkcə Gülağa Aslanlı 60 səs barajını aşa bilib (azadliq.org).
***
Bu arada Müsavatın başqanlığına keçmiş namizəd, partiyadakı “narazılar”dan biri Səxavət Əlisoy özünün facebook səhifəsində Arif Hacılı haqda növbəti ittihamedici qeyd paylaşıb. O, yazır:
“Hacılı kimin projesi idi!
Müsavat cameəsində 3 fikir var:
1. Hacılı iqtidarın projesi idi.
Tamamən yanlışdır. Bu iqtidarın Hacılı kimin populistə stavka etməsi məntiqdən kənardır. Əgər stavka etsəydi, Hacılı ən azı yüzdə 70 faizlə qalib gələrdi.
2. Hacılı müsavatçıların projesi idi.
Bu da yanlışdır. Müsavatçıların Hacılı zehniyyətinə stavka etməsi mümkün deyil. Müsavatda ona etimad göstərənlər maksimum 10-15 faiz olar. Etimad göstərilsəydi, 3 səslə yox, ən azı 10 faiz səslə qalib gələrdi.
3. Hacılı İsa Qəmbərin projesi idi.
Belə düşünənlər tam haqlıdır. Məhz İsa Qəmbərin dəstəyi sayəsində Hacılı çox çətinliklə qələbə çaldı. Bu gün Müsavatın mətbəxinə az-çox bələd olanlar gözəl bilir ki, bütün zamanlarda, xüsusən 2003-cü ildən sonra Hacılını piyasada saxlayan məhz İsa Qəmbər olub. Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. İsa bəy bu gün onun arxasından çəkilsə, Hacılı 2006-cı ildə olduğu kimi partiyadan getmək barədə qərar qəbul edər.
Nədən İsa bəy Hacılını bu qədər dəstəkləyir? Bu sual indi çoxlarını düşündürür. Hər kəsin bir qənaəti ola bilər, mənim də var və inşallah, zamanı çatanda onu açıqlayacam”.