Qənimət Zahid
«….Şümr ölüb, ləşgər sınıb, Əzrəq qaçıb, Mərvan küsüb»
Azərbaycan çox ağır günlər yaşamaqdadır. Avtoritarizm bütün vətəndaşlıq təşəbbüslərinə qənim olacağına and içib. Jurnalistlər, hüquq müdafiəçiləri, siyasi partiyaların üzvləri… hər kəs bu administrativ qarğışın altındadır. Başqa cür düşünmək olmaz! Deyirlər. Heydər Əliyevin heykəllərinə qiblə duruşu rejimin dəyərlərinə sədaqət andı kimi qəbul edilir. Bunun Şimali Koreyadakı kult gələnəklərindən nə qədər fərqləndiyi zaman və ya an söhbətidir. Amma prosesi üzü o tərəfə sürümə cəhdləri göz qabağındadır. Bütə tapınmaqdan imtina edənlər hədəfdədir.
Hədəfi yalnız çoxluq, kütləvilik və hədsiz fəallıq yayındıra bilər. Bu isə siyasi proseslərdə iştirakçıların, təşəbbüsçülərin bolluğunu zəruri edir.
Bir jurnalist həbs ediləndə, onlarla yenisi o yeri doldurmaq təşəbbüsü ilə çıxış edəndə avtoritarizm təntiyir. Bir hüquq müdafiəçisi tutulanda onun haqlarını qoruyan onlarla yenisi peyda olanda həmin o bir nəfəri həbs etməyin mənası itir. Hələlik, deyəsən, Azərbaycan Saatı ətrafında belə həmrəyliyin şahidi ola bildik. Seymur Həzi həbs ediləndən sonra ölkənin nüfuzlu jurnalistləri onun yerini boş qoymamaq təşəbbüsü qaldırdılar və bu təşəbbüs davam edir.
Siyasi meydanda buna bənzər təşəbbüslər yoxdur. İctimai fəaliyyət sektorunda da yoxdur. Hər kəsi adbaad hallandırmağa ehtiyac varmı, bilmirəm. Özünü siyasətdən kənar, sadəcə olaraq ictimai proseslərin, vətəndaş təşəbbüslərinin fəal daşıyıcısı elan edən Ziyalılar Forumu repressiyaların şiddətindən müvazinətini itirdi. Oraya daxil olan ayrı-ayrı insanlar sosial məsuliyyətlərini dərk edərək şəxsi düşüncələrini paylaşmaqda davam etdilər, amma bu ictimai birlik olduqca məsuliyyətsizcəsinə ideyalar məzarlığına gömüldü. Bəlkə də, belə bir birlik olmasa, onun yeri bu qədər heybətli görünməzdi. Sadəcə, boşluq görünərdi, amma bu qədər qorxulu görükməzdi. Cəmiyyətə yanlış nümunə oldu. Repressiyalar şiddətlənən kimi təslim olmaq cəmiyyətin bütün digər təbəqələrinə yaxşı örnək sayıla bilməzdi.
Bir El hərəkatı vardı. Olduqca böyük iddialarla Milli Şuradan qopdu. Təşkilatlanma vədləri və güclənmək əzminin dalınca getdiyini bəyan etdi. Amma hansı istiqamətə getdiyi bəlli deyil.
Bir az əvvəl təşkilatlanmaq və güclənmək əzminin dalınca siyasi təşəbbüslərin axtarışlarına başlayan hörmətli Eldar Namazovun həsrət və nostalji dolu bir müsahibəsini oxudum. Eldar bəy Heydər Əliyev dönəmini az qala, Azərbaycanın qızıl epoxası adlandırıdı.
Eldar Namazov politoloqdur. İctimai fəaldır. Zaman-zaman cücərən, amma çiçəkləməyən siyasi proyektlərini həmişə şaxta vurub. Milli Şuradan sonrakı fəaliyyəti də şaxtaya düşdü. İndi Azərbaycanda payızın sonudur, axı.
Amma Eldar Namazova biət edib onun həmin müsahibəsini oxuyan adamların çoxu Fəxri Xiyabana gedib Heydər Əliyevin heykəlinə bağır basmalıdır. Mən onu araşdırmaq istəmirəm ki, Azərbacanda avtoritarizmin, repressiyaların, korrupsiyanın, insan haqlarına düşmənçilik münasibətinin inzibati-siyasi əsaslarını Heydər Əliyev müəyyən edib və bu günkü rejim bütün imkanlarda özünü onun davamı adlandırır. Düz də deyirlər. İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısıdır və fikir yüzdə yüz doğrudur. Yüzdə yüz doğru olan bu fikrin keçmişinə qayıdan Eldar Namazov isə həmin keçmişi qızıl zaman sayır və onun üstünlüklərini vəsf edir. O keçmişdən yalnız bu cür gələcək törəyə bilərdi. Burası Eldar bəy üçün önəmli deyil. O, Heydər Əliyev zamanı haqqında canlı təəssüratları az olan yeni nəslin kənkiyini azdırmaqla məşğuldur.
İndi sanki inkubasiya dövrüdür. Cəmiyyətdəki bütün anlaşılmaz iddia sahibləri qapalı təşkilatlanma erasına daxil olublar. Gözləyirlər ki, yaz gəlsin, havalar durulsun, sonra ya meydanlara, ya da şeytanlara doğru yön alsınlar. Mübarizənin zəruri olduğu anlarda təşkilatlanma ikiqat enerji və dəfələrlə qat dirəniş əzmi tələb edir. Amma rahat demokratiya savaşçıları (siz onları komformistlər də adlandıra bilərsiniz) həm də başqa bir savaşın aqibətini gözləyirlər. Azərbaycanda belələri çoxdur. Gözləyirlər ki, aparat intriqalarının nəticələrinə uyğun siyasi karyera qursunlar. Aparat intriqalarıə derkən…
Postheydər zamanında Azərbaycan hakimiyyətinin daxilində Paşayevlər fenomeni peyda olub. Bu fenomen «köhnə zamanın» idarəçilərini sıxışdıraraq yeni üfüqlər fəth etmək əzmindədir. Fərq etdiniz, yəqin?
«Mehdiyev- Paşayev» familiyalar cütlüyü bir müharibənin alliterasiyasını yaradır. İndi özünü, guya müxalifətdə təsəvvür edənlərin çoxu da bu savaşın bitməsini gözləyirlər. Paşayevlərin müqtədir olacaqları günlərdə «qızıl Heydər Əliyev zamanı»nın elementlərini proqnozlaşdırırlar. Enerji və imkanlarını həmin zamana saxlayırlar.
Normalda, müxalifət üçün ən məsuliyyətli və ən gərgin zamanlar, məhz, indiki günlərdədir. Yüzlərlə insan siyasi fəaliyyətinə görə təqib edilir. Vətəndaş cəmiyyəti institutları repressiyalarla darmadağın edilir. Şərqi Avropa ölkələri Azərbaycanlı qaçqınların yeni dalğasını qəbul edir. Bir neçə ay əvvəlki Azərbaycanda müstəqil QHT və hüquq müdafiə sektoru adına iddiaçıların hamısı ya həbsxanada dustaqlıq, ya da Şərqi Avropada əbədi mühacirət statusu gözləməkdədirlər.
Siyasi müxalifətçilk və mübarizə üçün bundan daha zəruri, bundan daha məsuliyyətli bir zaman yoxdur. Amma inkubasiya dövrünə daxil olanlar bu ağır zamanı «təşkilatlanma erası» elan ediblər.
Meydanda Milli Şuradır. Onu yıxmaq və dağıtmaq istəyənlərin iddia və hikkələrinə baxmayaraq, avtoritar rejim rəqibsiz qalmadı. Paşayevlərlə Mehdiyevlərin hakimiyyətdə və müxalifətdə – iki cinahda savaşmaq planı axıra qədər gerçəkləşə bilmir. Ölkədəki gerçək müxalifət diktaturaya qarşı azadlıq şüarları ilə savaşır. Heydər Əliyevin daha yaxşı dövlət və rejim başçısı olduğu barədə nağıllar isə sadəcə olaraq, sönük qəlpələr verməkdədir. Qəlp söz ictimai rezonans doğura bilməz axı.
Köhnə nəslin ziyalılıq dəyərləri saray mərhəmətindən, yeni nəslin ziyalılıq göstəriciləri isə savaş arqumentlərindən qidalanır. Siyasi proseslər haqqında proqnozları buna uyğunlaşdırmaq lazım gəlir. Tirajını hökumətlərə borclu olan ziyalılar demokratiya və insan azadlıqları barədə danışmazlar. Danışsalar da, keçici söhbət olar. Buna görə də, indiki günlərə demokratiya uğrunda dirənişin məhək daşı kimi baxmağa dəyər.