Sülhəddin Əkbər: «Bu terror qruplaşmalarına qarşı mübarizədə yanlışlığa yol verilərsə, növbəti hədəf Qafqaz ola bilər»
Son günlər IŞID-in böyük planları ilə bağlı müxtəlif fikirlər səsləndirilir və bu planın içində Azərbaycanın olduğu iddia edilir.
Virtualaz.org saytının yazdığına görə Rusiya Diplomatları Assosiasiyasının sədr müavini, Rusiya Federasiya Şurasının sədr müavininin müşaviri Andrey Baklanov bu günlərdə “Nezavisimaya qazeta”da dərc olunmuş məqaləsində yazır ki, IŞID ərəb ölkələrində hakimiyyəti ələ almağa can atır. Onların planlarına görə, Iraq və Suriyada möhkəmləndikdən sonra “xilafəti” Səudiyyə Ərəbistanına doğru genişləndirəcəklər. Daha sonra onlar Küveyt və onun nefti ilə məşğul olacaqlar.
A.Baklanovun sözlərinə görə, IŞID-in daha sonrakı hədəfi Türkiyə və Azərbaycandır: “IŞID liderlərinin fikrincə, həmin ölkələrdə də Islama zidd hökmdarlar var və onları dəyişdirmək zəruridir”, – deyə Baklanov yazır.
“Alfa” xüsusi təyinatlılarının keçmiş üzvü Aleksey Filatov da IŞID-in Avrasiyada fəaliyyəti, eləcə də son vaxtlar aktuallaşan Qafqaza təsiri haqqında məqalə yazıb. Keçmiş xüsusi təyinatlı IŞID-in təyinatının yeni gərginlik mərkəzləri olacaq münaqişə ocağı yaratmaq olduğunu qeyd edib. “Belə münaqişə ocaqlarından biri də Qafqazdır. Qafqazın şimalında IŞID tərkibində döyüşən xeyli sayda çeçen və digər xalqların nümayəndəsi var. Regionun cənubundakı Azərbaycanla da vəziyyət eynidir. IŞID tərkibində camaatlar olaraq təmsil olunan bu insanlar toplusu region üçün yeni ekstremist terror qruplaşmaları potensialına sahibdir. Qərb zamanı gələndə bu ekstremistlərdən gəldikləri Rusiya, Azərbaycan və digər ölkələrdə hökumətlərə qarşı sərfəli şəkildə istifadə edə bilər”,- deyə müəllif vurğulayıb.
Göründüyü kimi, hər iki məqalədə Azərbaycanın adı hallanır və bu ərazinin IŞID-in planlarına daxil olduğu bildirilir.
Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, IŞID-ə qarşı mübarizə effektli aparılmasa, Qafqaza, o sıradan Azərbaycana qarşı təhlükə reallaşa bilər: “Hələ uzun illər öncə demokratik liderlər deyirdilər ki, demokratiyanın boğulması, azadlıqların məhdudlaşdırılması boşluqlar yaradacaq və bu boşluğu radikal qruplaşmalar doldurmağa çalışacaq. Artıq həmin zaman gəlib çatıb və bu amil real təhdidə çevrilib. Hətta hakimiyyət də bunu hiss edir. Məhz bunun nəticəsidir ki, CM-yə dəyişiklik edilir, MTN əməliyyatlar keçirir və s.
Yəni bu faktor potensial təhdiddir və bunun real təhlükəyə çevrilməsi prosesi gedir. Əgər bu terror qruplaşmalarına, o sıradan IŞID-ə qarşı aparılan mübarizədə yanlışlıqlara yol verilərsə, onların yönələcəyi əsas istiqamət Qafqaz olacaq. Əfqanıstandan ABŞ-ın hərbi kontingenti çıxdıqdan sonra bu təhlükə Orta Asiya üçün də reallaşa bilər”.
Akif