Bir nəfər 7 nəfəri qətlə yetirdi; ölənlər arasında 3 yaşlı uşaq da var FOTO
Həyat yoldaşı küsüb atası evinə gedən rayon sakini qohumlarına qumbara və tüfənglə hücum edib
Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib. Evlərdən birinə hücum edən silhalı şəxs 7 nəfəri öldürüb, 2 nəfəri yaralayıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 4:00 radələrində baş verib.
Qətlə yetirilən şəxslər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.
Yaralılar isə 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədovadır. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəmində baş verib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs – qətlə yetirilən ailənin kürəkəni Rafiq Müzəffər oğlu Hüseynov saxlanılıb.
“Musavat.com” rayondakı mənbələrə istinadla xəbər verir ki, Rafiq Hüseynov setka sexində fəhlə işləyirmiş. Arvadıyla mübahisə edib, qadın gecə 1 radələrində atası evinə gedib. Hüseynov arvadını qaytarmaq üçün qayınatasıgilə yollanıb, lakin qadının valideyinləri ona “yox” cavabı verib. Bundan sonra Rafiq Hüseynov evə gəlib beşatılan silahla arvadının atası evinə hücum çəkib. Sonra da qonşuluqdakı taksi sürücüsünün evinə gedib, ondan maşınını istəyib. Qonşu onun istəyini rədd edəndə Hüseynov onun üstünə silah çəkib. Qonşu qaçıb, bu zaman gözü dönmüş Hüseynov ona atəş açıb. Lakin güllə qapıya dəyib. Taksi sürücüsü olan həmin adam dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə haqda məlumat verib.
“ANS Press” isə xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində baş verib. Qətliamı törədən şəxs bir ay imiş həmin ailə ilə qohum olub. Öldürülənin gəlinin əmisi oğlu Adil adlı şəxs deyib ki, qətliamı törədən Rafiq Hüseynov həyat yoldaşını döyüb. Atası evinə gedən arvadına zəng vuran Rafiq onun geri gəlib-gəlməyəcəyi ilə maraqlanıb. Yaxınları qızlarını buraxmayacaqlarını bildirdikdə Rafiq qaynatasıgilə gələrək evə qumbara atıb.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
Hadisə ilə bağlı baş prokuror Zakir Qaralov da açıqlama verib. Qaralov jurnalistlərə bildirib ki, baş verən hadisədən çox təəssüf hissi keçirir: “Bu barədə mənə səhərə yaxın zəng vurub dedilər. Dərhal göstəriş verdim və Baş Prokurorluqdan xüsusi əməliyyat qrupu hazırlanaraq Goranboya ezam olunub. Hadisəni törədən şəxs tutulub. İlkin araşdırmalar zamanı cinayətin ailə-münaqişə zəminində baş verdiyi məlum olub. Baş verən dəhşətli cinayət barədə ətraflı məlumatlar aparılacaq istintaq zamanı məlum olacaq və mətbuata əlavə məlumat veriləcək”.