Vəfa Quluzadə: «Azərbaycan tərəfi Rusiyaya xoş gələn bu cür bəyanatlar verməyə məcburdur»
Zərdüşt Əlizadə: «Azərbaycan hakimiyyəti Rusiyadan fərqlənmir, avtoritar, korrupsioner, inhisarçı, anti-demokrat hakimiyyətdir və həmrəylik göstərirlər»
Bakıda Azәrbaycan vә Rusiya arasında iqtisadi әmәkdaşlığa dair hökumәtlәrarası komissiyanın 14-cü iclası bir sıra maraqlı məqamlarla yadda qaldı. İclasın bir növ anti-Qərb bəyanatlarının səsləndirildiyi iclasa çevrildiyini desək yanılmarıq. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov toplantıda qeyd edib ki, Rusiya daim Azәrbaycan üçün әn yaxın dost vә qonşu ölkәdir. “Biz daim bir yerdә yaşamış vә әmәkdaşlıq etmişik. Dünyanın bu mürәkkәb vaxtlarında da daim bir yerdә olmalıyıq. Biz birlikdә hәmişә güclü olacağıq. Rusiya qüdrətli vә zәngin tәbii sәrvәtlәrə malik ölkәdir. Rusiyanı heç kim sındıra bilməz, o, heç vaxt əyilməyəcək, əksinə, bu, onu daha da möhkəmləndirəcək. Avropa Birliyi də, ABŞ da başa düşməlidirlər ki, Rusiya ilə danışıqları sanksiya dilinə gətirməklə yanlışa yol veriblər».
Son vaxtlar ölkәlәrimiz asında әlaqәlәrin daha da intensivlәşdiyini bildirən Rusiya baş nazirinin müavini Dmitri Roqozin isə öz növbəsində bildirib ki, Rusiya iqtisadiyyatının çәtin dövrlәr yaşadığı bir vaxtda ölkələrimiz daha da yaxınlaşır: “Artıq müştәrәk müәssisәlәrin yaradılmasının vaxtı çatıb. Bu müәssisәlәr hәm kәnd tәsәrrüfatı, hәm dә sәnaye sahәlәrini әhatә edә bilәr. Rusiya hazırda Azәrbaycanın istehsal etdiyi mәhsullara ehtiyac duyur vә bunun üçün ölkənizin әlavә resursları var”.
Politoloq Vəfa Quluzadə qəzetimizə açıqlamasında bildirdi ki, baş nazirin müavinin bu bəyanatı bir daha təsdiq edir ki, Azərbaycan Rusiyanın regionda yürütdüyü aqressiv siyasətdən çəkinir. Və bu üzdən də Azərbaycan tərəfi Rusiyaya xoş gələn bu cür bəyanatlar verməyə məcburdur: «Mən Yaqub Eyyubovu tanıyıram. Vaxtilə bir komandada işləmişik. Mən hesab edirəm ki, Eyyubov dediyi kimi düşünmür. O bütün azərbaycanlılar necə düşünürsə o cür düşünür. Birincisi, göz qabağındadır ki, Rusiyaya sanksiyalar nəticəsində böyük zərbələr dəyir, birjalar çökür, rublun məzənnəsi, neftin qiyməti düşür. Bunu göyərti satan da başa düşür və o cür yüksək vəzifə tutan adam belə düşünə bilməz. Birdə, bütün azərbaycanlıların istəyi odur ki, Rusiya çöksün, Azərbaycan torpaqları işğaldan azad olsun. Ancaq indiki şəraitdə Rusiya Azərbaycana böyük maraq göstərir. Nəyə görə? Rusiya sanksiyalardan əziyyət çəkdiyi üçün Azərbaycandan meyvə-tərəvəzin, ərzağın getməsinə ehtiyacı var. Azərbaycanın da başqa çıxışı yoxdur. O bacardığı qədər Rusiyaya xoş münasibət sərgiləyir. Başqa cür olsa Azərbaycan cəzalandırıla bilər. Gördünüz ki, atəşkəs xəttində od püskürdü, itkilər oldu, yəni yenidən müharibə alovlana bilər. Bu səbəbdən Azərbaycan Rusiyadan hər gələni ən yüksək səviyyədə qəbul etməyə, Moskvaya dəstək nümayiş etdirməyə məcburdur».
V.Quluzadə hesab edir ki, Azərbaycan hakimiyyətinin bəyanatlarının nədən qaynaqlandığını və Bakının bu cür açıqlamalar vermək zorunda qaldığını Qərbdə gözə anlayırlar. «Amma artıq prosesə start verilib və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar öz nəticəsini verməkdədir. Rusiya iqtisadiyyatı uzun müddət bu cür təzyiqə dözə bilməyəcək», deyə V.Quluzadə vurğulayıb.
Politoloq Zərdüşt Əlizadə isə «Azadlıq radiosu»na açıqlamasında bildirib ki, Azərbaycanda təcrübəsiz məmurlar vəzifə borcları ilə siyasətşünaslıq missiyasını qarışdırırlar. «Yaqub Eyyubov kifayət qədər təcrübəli adamdır və o bəyanatı bədahətən verməyib. Görünür, rəhbərlik deyib ki, biz demirik, sən de ki, Azərbaycan hökumətinin siyasi mövqeyi, kimin tərəfində durması bəlli olsun. Bu da tapşırığı yerinə yetirib. Qərbin isə Bakının nə dediyi vecinə deyil. Mühüm olan Bakının Krımla bağlı mövqeyi idi».
Z.Əlizadə vurğuladı ki, hazırda Azərbaycanın iqtisadi-siyasi maraqları Rusiya ilə sıx bağlanıb: «Azərbaycan siyasi hakimiyyəti Rusiya hakimiyyətindən fərqlənmir, avtoritar, korrupsioner, inhisarçı, anti-demokrat hakimiyyətdir və həmrəylik göstərirlər».
Xəyal