Britaniyanın keçmiş müdafiə naziri Qərbi Moskvaya qarşı sanksiyaları daha da ağırlaşdırmağa çağırdı
Böyük Britaniyanın keçmiş müdafiə naziri Bob Eynvord deyib ki, Rusiya İŞİD-dən (İraq Şam İslam Dövləti) daha təhlükəlidir.
Hazırda Britaniya parlamentində Leyboristlər Partiyasını təmsil edən Eynvordun fikrincə, Rusiyanın hazırkı prezidenti Vladimir Putin pis əməllərinə görə Stalindən heç də geri qalmayan rəhbərdir. Keçmiş nazir eyni zamanda, yeni soyuq müharibənin qarşısını almaq üçün Böyük Britaniyanın təcili addımlar atmalı olduğunu vurğulayıb: “Təcili tədbirlər görülməlidir. Çünki Rusiya dünyada sülh və təhlükəsizlik üçün İŞİD-dən daha təhlükəlidir”.
Bob Eynvordun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra heç bir dövlət başçısı özünü Putin qədər aqressiv aparmayıb.
“Təsadüfi deyil ki, məhz Putin Sovet İttifaqının dağılmasını 20-ci əsrin başlıca faciəsi hesab edir. Putin keçmiş Sovet İttifaqının müxtəlif ölkələrində yaşayan rus azlıqları bəhanə gətirərək, açıq aşkar aqressiv siyasət yürüdür. İkinci Dünya Müharibəsindən sonra Stalin dünyanı soyuq müharibəyə sövq etdi. Eyni kursu Putinin də aparması onu Stalin qədər təhlükəli adama çevirir”, – deyə Eynvord bildirib.
Keçmiş müdafiə naziri onu da əlavə edib ki, Qərb Rusiyaya qarşı sanksiyaları daha da ağırlaşdırmalıdır. Çünki hazırkı sanksiyalar Putinin işğalçılıq siyasətini dayandırmağa kifayət etməyə bilər.
İnformasiya şöbəsi