Fuad Qəhrəmanlı: «Hakimiyyətin diqqətinə ölkədəki siyasi situasiya, vətəndaş cəmiyyəti institutlarına basqılarla bağlı narahatlıq çatçatdırılacaq»
Avropa Birliyinin (AB) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle sentyabrın 8-9-da Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər. Avropa komissarının Azərbaycana səfərinin məqsədi Bakıda AB-nın “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal görüşündə iştirak etməkdir. Bu görüşün keçirilməsi təşəbbüsü ilə Azərbaycan tərəfi çıxış edib.
Ş.Fülenin Azərbaycan rəsmiləri ilə AB və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir. Qeyd edək ki, sentyabrın 8-də “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşü ilə yanaşı, sentyabrda 9-da Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika və iqtisadiyyat nazirlərinin də qeyri-formal görüşünün keçirilməsi planlaşdırılır.
Ş.Fülenin Azərbaycana səfəri kifayət qədər maraqlı dönəmə təsadüf edir. Hazırda Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı repressiyaları gücləndirdiyi, müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdırdığı bir zamanda Fülenin səfəri heç də arzuolunan deyil. Siyasi məhbus probleminin hər ötən gün daha dərinləşdiyi, Azərbaycanın Avrointeqrasiyasının ciddi sual altında olduğu dönəmdə Fülenin Bakıda hansı bəyanatlar verəcəyi maraq doğurur.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Fülenin səfəri zamanı diqqət yetirilən ən prioritet məsələ vətəndaş cəmiyyətinə qarşı son vaxtlar hakimiyyətin başlatdığı səlib yürüşü olacaq. AB-nın təmsilçilərinin bu məsələ ilə bağlı artıq bir neçə dəfə narahatlıqlarını bəyan etdiklərini deyən F.Qəhrəmanlı bildirdi ki, AB Azərbaycan hakimiyyətinin diqqətinə repressiya siyasətini dayandırmaqla bağlı mövqeyini çatdırıb: «Amma Avropa Birliyinin çağrışları bu günə qədər bir nəticə verməyib. Hakimiyyət ona ünvanlanan çağrışlara məhəl qoymur. Hakimiyyətin bu siyasətinin davam etməsi Avropa Birliyi ilə Azərbaycanın münasibətlərini şübhə altına alır. Baş verən olaylar nəinki Azərbaycanın beynəlxalq imicinə mənfi təsir edir, eyni zamanda ölkənin Avropaya inteqrasiya etmək niyyətində olmadığını açıq şəkildə göstərir. Bu siyasətin həyata keçirilməsi də məhz Rusiyanın himayəsi ilə mümkündür. Avropalılar da çox gözəl anlayır ki, Azərbaycan hakimiyyəti avtoritar idarəetməyə görə həmişə Rusiya himayəsinə ehtiyac duyur. Bu üzdən də Azərbaycan hakimiyyəti Avropaya inteqrasiyada maraqlı deyil. Fülenin səfəri zamanı bu məsələlər geniş müzakirə olunacaq. Ölkədəki siyasi situasiya, vətəndaş cəmiyyəti institutlarına basqılarla bağlı narahatlıq çatdırılacaq. Azərbaycan hökumətindən bu istiqamətdə atdığı mürtəce addımların dayandırılması istəniləcəkdir».
F.Qəhrəmanlı hesab edir ki, AB Azərbaycan hakimiyyətinin onun tələblərini nə dərəcədə yerinə yetirəcəyini yerindəcə müəyyənləşdirməyə çalışacaq. Başqa bir mühüm məsələ isə Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakı səviyyəsini müəyyən etmək olacaq: «İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqda maraqlı deyil. Azərbaycan bunun bir qarşılığı olaraq Avropa Birliyi ilə «strateji tərəfdaşlıq və modernləşdirmə» sazişini imzalamağı təklif edir. Amma Avropa Birliyi bu sazişin bir keçici mərhələ ola biləcəyini bəyan edib. Avropa Birliyi hazırda aydınlaşdırmağa çalışır ki, Azərbaycan Avropaya inteqrasiyasını hansı mərhələdə görür. Bu məkana inteqrasiyanın perspektivi necədir. Rusiya ilə münasibətlərin gərgin olduğu, Ukrayna böhranının davam etdiyi bir zamanda Azərbaycandan strateji seçimini aydın müəyyənləşdirməsi tələb olunur. Ənənəvi balans siyasəti heç bir tərəfi qane etmir. Ona görə Azərbaycanın Avropa Birliyi ilə assosiasiya sazişini imzalaması məsələsi görüş zamanı gündəmə gətiriləcək».
Xəyal