Məlahət Nəsibova: «İlqarı elə yerlərindən vurublar ki, əsəb sistemi korlanıb»
Naxçıvanda döyülən hüquq müdafiəçisi Ilqar Nəsibovun durumu yaxşılaşır. Bu haqda “Azadlıq” radiosuna Ilqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə Ilqar Nəsibov artıq normal qidalanmağa başlayıb: “Hələlik təhqiqatın nəticələrindən xəbər yoxdur. Biz də gözləyirik. Ilqarın vəziyyəti yaxşılığa doğru xeyli irəliləyib.
Artıq yeməyə başlayıb deyə, bədəni güclənib. Buna baxmayaraq, çox danışa bilmir. Danışdıqca əsəbiləşir. Onu döyəndə elə yerlərindən vurublar ki, əsəb sistemi korlanıb. Hələ ki, bədənindəki sınıqların müalicəsinə başlanmayıb. Bir az da yaxşılaşsın, həkimə müraciət edəcəyik”.
Xatırladaq ki, Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi Ilqar Nəsibov avqustun 21-i axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. Naxçıvan hüquq-mühafizə orqanlarından zərərçəkənə verilən məlumata görə, hadisədə əli olanlardan biri – Fərid Əsgərov saxlanılıb. Naxçıvan Daxili Işlər Nazirliyi məlumat yayaraq, hadisənin məişət zəminində baş verdiyini açıqlayıb.
Ilqar Nəsibovla həyat yoldaşı Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin Inkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.
Bu arada, ABŞ Ilqar Nəsibovun döyülməsini pisləyib. ABŞ Dövlət Departamenti baş verənlərlə əlaqədar bəyanat yayaraq, hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyib.
Dövlət Departamenti bəyanatda həmçinin Azərbaycan hökumətini ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının qorunması istiqamətində dərhal addımlar atmağa çağırıb.