İlham Əliyev hüquq müdafiəçisinin müraciətinə 5 maddə ilə “cavab verdi”
Əli Kərimli: “İlham Əliyev tarixin səhv cinahında yer alır. Tarixin təkərlərini geriyə döndərmək istəyənlər bu təkərlərin altında qalacaqlar! Mütləq!”
Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus həbs olunub. Leyla Yunus dünən Demokratik Qüvvələrin Milli Şurasının tədbirinə gedərkən onun maşının qarşısını kəsib, naməlum istiqamətə aparıblar. Bu barədə “Azadlıq” qəzetinə Leyla Yunusun həyat yoldaşı Arif Yunus məlumat verib. O, bildirib ki, maşının qarşısını kəsən mülki geyimli şəxslər olub və özlərini təqdim etməyiblər. Arif Yunus həmçinin bildirib ki, yaşdığı mənzilin qarşısına mülki geyimli şəxslər toplaşıb.
Leyla Yunusun səhhəti pisləşib
Sonradan məlum olub ki, Leyla Yunus Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə dindirməyə aparılıb. Arif Yunus curnalistlərə açıqlmasında deyib ki, Leyla Yunusun vəkilini dindirməyə buraxmayıblar. “Bilirəm ki, Rauf Mirqədirov kimi Leylanı da casusluqda ittiham edərək həbs edəcəklər”, – deyə Arif Yunus əlavə edib.
Arif Yunus açıqlama verəndən sonra vəkil Xalid Bağırov curnalistlərin müşaiyəti ilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə ifadə verməyə yollanıb.
Leyla Yunus 6 saatdan çox dindirilib. İdarədə hüquq müdafiəçisinin səhhəti pisləşib. Bununla belə o, Nəsimi Rayon Məhkəməsinə aparılıb. Yolda Leyla Yunusun səhhəti daha da kritikləşib. O dərəcədə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onu məhkəməsinə binasına qollarında aparıblar.
Nəsimi Rayon Məhkəməsində Leyla Yunus barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Hüquq müdafiəçisinin vəkili bildirib ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması) və 178.3.2 (dələduzluq) maddələrilə təqsirləndirilir.
Arif Yunusa qarşı da ittiham irəli sürülüb. O, Cinayət Məcəlləsinin 274-cü(dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələrilə təqsirləndirilir. Lakin onun barəsində xəstəliyi nəzərə alınaraq, başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib. Arif Yunus jurnalistlərə deyib ki, hətta Montinə gedəndə də polisə xəbər verməlidir.
Leyla Yunus bir gün əvvəl İlham Əliyevə nə yazmışdı?
Leyla Yunus bir gün əvvəl İlham Əliyevə müraciət etmişdi. Həmin müraciətdə deyilirdi:
“Cənab prezident.
Bəsdir vahimələndiniz. Sizi gerçək olaraq izahedilməz qorxu və həyəcan basıb. Nədən belə qorxursunuz? Doğrudanmı bu gənclər – bloggerlər, NİDA fəalları hakimiyyətinizə belə təhlükə yaradır ki, hər gün yeni gənclər həbs olunur?!
Siz bilirsiniz onların valideynləri hər saat yaxınlarınıza nələr arzu edir?
Parlaq ziyalılar olan Yadigar Sadıqlı və Həsən Hüseynli “xuliqan” oldu!
Müxtəlif ölkələrin və xalqların tarixində analoci, yaxud daha sərt repressiyalar təkrarlanıb. Nəticə birdir.
Gözəl anlayıram – arxalanacağınız, güvənəcəyiniz heç kim yoxdur. Bəli, nəhəng inzibati resurs, HEÇ BİR məhdudiyyəti olmayan hakimiyyət, böyük pullar var. Ancaq bununla yanaşı yanınızda intellektdən məhrum, yalnız maddi rifahlarının qayğısına qalan yaltaq oğrulardır. Belə adamlar sadiq dost ola bilməz. Onlar ilk təhlükədə nəinki Sizi satacaq, eyni zamanda prezident kreslosu uğrunda mübarizədə qarşıdurmada olan qruplaşmaların hansını dəstəkləməli olduğunu götür-qoy edəcəklər. Bunu mənim kimi Siz də yaxşı bilirsiniz.
Bu sadəcə söz deyil: “Yüz manatın olmaqdansa, yüz dostun olsun”. Dost sənin bayramlarında rəqs edən adam deyil. Dost – rejimin zəncirli itləri üstünə cumanda yanında olan, çiyin-çiyinə dayanan, səninlə birgə parçalanmaqdan qorxmayandır. Sizə yazığım gəlir. Siz heç vaxt əsl dostluğun nə olduğunu bilməmisiniz.
Özünüzü ələ alın. Dayanmaq heç vaxt gec deyil. Yalnız o dünyadan dönüş yoxdur.
Emosiyalara qapılıb Sizi qıcıqlandıranlara, öz əllərinizlə boğmaq istədiklərinizə divan tutmağı tələb etmək lazım deyil.
Düşünün, axı tarixdə ölkəsini qana bulayan diktator və tiran kimi deyil, tolerant və praqmatik siyasətçi kimi qalmaq olar.
İndi, bu gün göstərişinizlə həbs edilən BÜTÜN günahsızları azad edin.
Seçim Sizindi!”
Bəzi ehtimallar görə, uzun müddətdir, hakimiyyətin hədəfində olan Leyla Yunusun həbsinin sürətlənməsi həm də bu müraciətlə bağlıdır.
“Bu həbs Əliyevlərin qərəz və hikkəsinin nəticəsidir”
Azərbaycan Xalq Cəbhəsi Partiyası Leyla Yunusun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hüquq müdafiəçisi Leyla Yunusun həbsini kəskin formada pisləyir.
AXCP birmənalı formada olaraq bu həbsi siyasi sifarişin, hakim Əliyevlərin qərəz və hikkəsinin nəticəsi hesab edir və Leyla Yunusun hərəkətlərində heç bir cinayət tərkibinin olmadığına inamını ifadə edir.
AXCP bəyan edir ki, bu həbs təkcə bir ictimai fəala qarşı yönələn qəddar akt deyil, avtortar hakimiyyətin insan hüquq və azadlıqlarına meydan oxuması, demokratiya, azadlıq uğurunda çalışan insanlarla hesablaşma addımıdır.
AXCP təəssüflə bildirir ki, beynəlxalq təşkilatlar Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən ölkədə hüquqi nihilzmin hökm sürməsinə adekvat reaksiya vermir, bu isə repressiya maşınını daha da işlək edir.
AXCP belə bir ağır stuasiyada xalqımızı, onun ziyalılarını ölkənin müqəddaratı ilə bağlı bir daha və ciddi düşünməyə səsləyir. AXCP hesab edir ki, heç kim azadlıq və demokratik mübarizədən yaxasını kənara çəkməklə məsuliyyətdən və Əliyev recimin hər gün artan pisliklərindən azad ola bilməyəcək. Azərbaycan insanının real qurtuluşu onu əsarət altında saxlayan recimə qarşı səfərbər olub, səbatlı mübarizəyə aparmasıdır.
AXCP bəyan edir ki, bu mübarizənin ön cəbhəsində həmişə olduğu kimi, yenə də mətanətlə dayanır. Heç bir repressiya, böhtan və qarayaxma kampaniyası ülvi dəyərlər uğurunda mübarizədə tərəddüd yaratmayacaq.
AXCP Leyla Yunusu, eləcə də siyasi motivlərlər başqa həbs olunan və təzyiqə məruz qalanları qanunun imkan verdiyi bütün vasitələrlə müdafiə edcək”.
Əli Kərimlidən sərt reaksiya
AXCP sədri Əli Kərimli Leyla Yunusun həbsinə özünün Facebook səhifəsində ayrıca reaksiya da verib. AXCP sədri yazır:
“Leyla Yunusu da həbs etdilər. Leyla xanımı aylarla “ermənilərə işləyir” ittihamı ilə mənəvi terrora məruz qoydular. Sonda isə ona saxta sənəd hazırlamaq, vergidən yayınma kimi maddələrlə də ittiham elan olundu. Əlbəttə, “erməni işi” kimi, bu yeni ittihamlar da quramadır, Leyla xanımı tutmaq üçün sadəcə, bəhanədir.
Hökumət nümayiş etdirir ki, həqiqəti deyən, siyasi məhbusları müdafiə edən insanları susdurmaq naminə istənilən qeyri-populyar addımı atmağa hazırdır. Hətta belə addımlar onu xalqından və dünya birliyindən daha da qoparsa da. Leyla xanımın səhhətində də ciddi problemlər var. Onu bu gün hüquq mühafizə orqanı əməkdaşları məhkəməyə qollarında qaldırıblar. Leyla xanım iyun ayında onu həbs etmək cəhdləri ilə bağlı İlham Əliyevə belə yazmışdı: “Sizin üçün məni məhv etmək çətin olmaz. Çox sayda variant var və əsir saxlamaq onlardan biridir. Sizin məzuniyyətlər dövründə, ictimaiyyətin məlumatlandırılmasının daha çətin olduğu bir dövrdə hücuma keçəcəyinizi təxmin etmək çətin deyil. Məni məhv edə bilərsiniz, amma heç vaxt qələbə qazana bilməzsiniz. Tarixi təzədən yazmaq olmaz, hər kəs öz yerini tutub. Siz tarixdə prezident İlham Əliyev – Heydər Əliyevin oğlu kimi deyil, qadın hüquq müdafiəçisi Leyla Yunusu əyə bilməyən, ona qalib gələ bilməyən və onu amansızlıqla məhv edən prezident kimi qalacaqsınız”.
İlham Əliyev israrla tarixin səhv cinahında yer almaqdadır. Repressiyalarla müasir dünyada yeri olmayan, vaxtı keçmiş, nimdaş rejimini davam etdirəcəyinə hələ də ümüd edir. Deməli, “gözü çıxmış qardaşlarından” heç nə öyrənməyib. Təəssüf. Xalqımız haqq etdiyi demokratiyanın, azadlığın təntənəsinə qovuşacaq! Tarixin təkərlərini geriyə döndərmək istəyənlər bu təkərlərin altında qalacaqlar! Mütləq!”.
Milli Şuranın bəyanatı
Hadisə ilə bağlı Milli Şura da bəyanat verib. Bəyanatda deyilir:
“Bu gün – 30 iyul 2014-cü ildə tanınmış hüquq müdafiəçisi, məşhur ictimai xadim, Sülh və Demokratiya İnstitutunun direktoru, Demokratik Qüvvələrin Milli Şurasının və onun Koordinasiya Mərkəzinin üzvü Leyla xanım Yunus Nəsimi rayon məhkəməsinin hökmü ilə həbs olunub. Leyla xanım Milli Şuranın saat 12-yə təyin etdiyi “Azərbaycanın narkotrafik marşrutuna çevrilməsi” adlı ictimai dinləmədə saxta narkotik ittihamı ilə həbs olunan ictimai fəallar barədə məruzə etməli idi. Lakin Leyla xanım tədbirə gəlmək üçün evindən çıxanda hüquq mühafizə orqanları tərəfindən zor tətbiq edilməklə Baş Prokurorluğa aparılmış və günün ikinci yarısı Nəsimi rayon məhkəməsində onun haqqında həbs qəti imkan tədbiri seçilmişdir. Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb. Təəssüf hissi ilə qeyd edirik ki, kriminallaşmış hakimiyyət orqanlarının bunları etməsi gözlənilən idi.
Leyla xanım son 25 il ərzində Azərbaycanda vətəndaşın iradəsinə və demokratik dəyərlərə söykənən azad bir dövlət yaradılması uğrunda bütün fədakarlıqları göstərmiş bir ictimai xadimdir. Amma vergi sistemi başdan-başa cinayəti içində olan bir rejim belə bir ictimai xadimi vergidən yayınmaqda ittiham edir. Sahibkarıq məsələlərinə heç bir aidiyyəti olmayan, ömrü boyu şərəflə hüquq müdafiəçisi kimi çalışan bu fədakar insan “qanunsuz sahibkarlıq” fəaliyyəti ilə məşğul olmaqda ittiham edilir. Ən gülməlisi odur ki, Leyla xanım kimi nəcib bir insan “böyük ölçüdə fırıldaqçılıq” ittihamı ilə həbsə alınır. Yeri gəlmişkən, Azərbaycanla bağlı “böyük ölçüdə fırıldaqçılıq” əməli məhz Avstriya məhkəməsində araşdırılır və bu günə qədər böyük həcmdə dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı heç kəs cəzalandırılmayıb. “Böyük ölçüdə fırıldaqçılıq” əməli Azərbaycandan keçib Gürcüstan ərazisində tutulmuş 3 tona yaxın narkotik qaçaqmalçılığıdır ki, hələ də heç bir rəsmi dövlət qurumu bu barədə açıqlama verə bilmir. Ən maraqlısı odur ki, Fransa Fəxri Legion ordeninin kavaleri olan Leyla xanıma qarşı tətbiq edilən bütün bu qanunsuzluqlar Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə başçılıq etdiyi bir mərhələdə baş verir. Leyla Yunus İkinci dünya müharibəsi başa çatdıqdan sonra Fəxri Legion ordunun yeganə kavaleridir ki, qurama “dövlətə xəyanət” ittihamı ilə həbs edilir.
Yuxarıda qeyd edildiyi kimi, Leyla xanım Milli Şuranın və onun Koordinasiya Mərkəzinin üzvüdür, onun həbsi həm də Milli Şuraya qarşı başlanmış repressiyaların tərkib hissəsidir. Son 2 ayda MŞ-nın toplantıları Leyla xanımın ofisində keçirilirdi və görünür bu da hakimiyyəti qəzəbləndirən hadisələrdən biri olmuşdur. Üç aya yaxın hakimiyyətin hər cür təzyiq və təhdidlərinə qarşı yorulmadan mübarizə aparan bu böyük humanizm fədaisi sözün tam mənasında cəmiyyətə bir nümunə verdi: qorxmazlıq nümunəsi, fədakarlıq nümunəsi, diktatura rejiminə qarşı ardıcıl mübarizə nümunəsi.
Zaman-zaman siyasi mülahizələrlə həbs edilmiş bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa çıxmasında onun misilsiz xidmətləri olmuşdur. Bu gün də siyasi və vicdan məhbuslarının ən dolğun və obyektiv siyahısını məhz Leyla Yunus hazırlamış və beynəlxalq təşkilatlara göndərmişdir. Lakin indi o, özü vicdan məhbusudur və ölkənin bütün vicdanlı adamları onun yanında olmalıdır. İndi Lelya xanım özü siyasi mülahizələrlə həbs olunub və müdafiə etdiyi siyasi məhbuslar sırasındadır. Milli Şura bütün qanunu vasitələrlə Leyla Yunusu hakimiyyətin qanunsuz repressiyalarından qorumağa çalışacaq və bütün vasitələrlə onu müdafiə edəcək. Biz onun dərhal azad olunmasını tələb edirik”.