Yaxud, prezidenti tərifləyib, xalqı təhqir etmək siyasəti
AntiAzərbaycan mövqeyi ilə seçilən Rusiya Liberal Demokratlar Partiyasının lideri, deputat Vladimir Jirinovski “Rossiya-24″ kanalının canlı yayımında çıxış edərək Azərbaycanla bağlı sensasion açıqlama verib. Jirinovski bu dəfə Azərbaycandakı inkişafdan, Ilham Əliyevin güclü lider olmasından danışıb: ”Bütün kəndlər təchiz edilib, yeni komplekslər tikilir, o cümlədən idman kompleksləri, bütün ölkə yenidən qurulub. Niyə? Çünki rəhbərlərini düzgün seçiblər. Indi orada prezident Ilham Əliyevdir və o, mərhum prezident Heydər Əliyevin davamçısıdır”- deyə Vladimir Jirinovski bildirib.
O, çıxışında həmçinin bildirib ki, Azərbaycanda antiRusiya meyilli partiya yoxdur. Daha sonra millət vəkili həmvətənlərini Azərbaycanın turistik potensialından istifadə etməyə çağırıb. Bakını Parislə müqayisə edən deputat bütün bunların prezident Ilham Əliyevin sayəsində mümkün olduğunu vurğulayıb: “O əla rəhbərdir ”təhsilli və xeyirxah”.
Jirinovskinin Azərbaycanla bağlı bu fikirlərini xəbər portalları “sensasion” kimi təqdim edirlər. Əslində isə, bu fikirlərin indiki şəraitdə səsləndirilməsinin müəyyən obyektiv səbəbləri var. Yoxsa, Vladimir Jirinovskinin qəlbində bədahətən Azərbaycan sevgisi yaranmayıb. Bu həmin Jirinovskidir ki, türkləri vəhşi, heyvan kimi qələmə verir, Azərbaycan xalqını qoyun adlandırır və türk millətini bəşəriyyət üçün təhlükə hesab edir. Daha da uzağa gedərək Qarabağı Rusiyanın tərkibinə qatmaq təşəbbüsünü irəli sürür.
Sadəcə olaraq bugün Rusiyanın beynəlxalq birlik tərəfindən sıxışdırılması, ağır sanksiyaların tətbiqi, Ukraynanın, Gürcüstanın, Moldovanın nəzarətdən çıxması və digər məsələlər Azərbaycanla münasibətlərin normallaşdırılmasını zəruri edir.
Diqqət çəkən məqam yalnız Jirinovskinin Azərbaycanı tərifləməsi deyil, həm də hakimiyyət nümayəndələrinin bu fikirlərdən sevincək olmasıdır. Belə ki, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Jirinovsikəyə təşəkkür etməyi də yaddan çıxarmayıb: “Azərbaycan, onun ümummilli lideri və prezident Ilham Əliyev haqqında ”Rossiya 24″də dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm. “RBK” kanalında bəzi jurnalistlər “Rossiya 24″də baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var”- deyə Novruz Məmmədov bildirib.
Bəli, Jirinovski Ilham Əliyevi güclü lider, xeyirxah və təhsilli adlandırdığı üçün təşəkkürə layiq görülür. Onun bugünə qədər Azərbaycanın əleyhinə səsləndirdiyi fikirlər isə, unudulur. Azərbaycanlı adında bir xalqın mövcud olmadığını deyəndə hakmiyyət nümayəndələri tərəfindən tənqid olunan Jirinovski, “Ilham Əliyev güclü liderdir” deyəndə qəhrəmana çevrilir.
Bu həm də onu göstərir ki, Jirnovskinin Azərbaycanla bağlı “keçmiş xatirə”ləri hakimiyyət tərəfindən müsbət qiymətləndirilir. Əks halda, bir-iki tərifə görə onu zirvələrə qaldırmazdılar.
Bir sözlə, hakimiyyət sözçülərinin dünənə qədər “başıxarab”, “şezofrenik”, “türkün düşməni” adlandırdığı Jirinovski bundan sonra minnətdarlıqla xatırlanacaq. Onu da qeyd edək ki, MM-in vitse spikeri Ziyafət Əsgərov bir müddət öncə mətbuata açıqlamasında “Jirinovskiyə siyasi təlxək deyirlər o, həm də xəstə siyasi təlxəkdir. Jirinovskinin fikirləri dəli sayıqlamalarıdır” demişdi.
Indi Novruz Məmmədov “xəstə təlxəy”in prezidenti tərifləməsini müsbət qiymətləndirir və ona təşəkkür edir. Görünür, prezidenti tərifləmək, xalqı təhqir etməyə haqq qazandıran əməldir.
Biz, narkotika ittihamı ilə həbs olunan gəncin, siyasi əfv vasitəsilə prezidenti tərifləməsinin şahidi olmuşduq. Yəni narkoman adlandırdıqları adamın tərifinə möhtac qaldıqlarını görmüşük. Indi də “xəstə təlxəy”in fikirlərindən feyziyab olublar.
Franız yazıçısı Lorafuşko deyirdi: “Bizi nə qədər tərifləsələr də, özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar”.
Bəli, biz hamımız özümüzü yaxşı tanıyırıq.