Bu ölkədə bütün hüquqlar kimi, mülkiyyət hüququ da dəfn edilib və insanların xüsusi mülkiyyətinə hörmətsizlik hər addımda müşahidə olunur. Bakıda cərəyan edən tikinti-söküntü prosesi isə bu reallığı bir daha göz önünə gətirdi.
Bugünə qədər müxtəlif ərazilərdə söküntülər oldu və əhalinin narazılığına baxmayaraq hökumət öz şərtlərini həyata keçirdi. Ədalətsizlik həm də evlərin kvadrat metrinə görə pul bölgüsündədir. Tutalım bir vətəndaşın 25 kvadratmetr evi var və həmin vətəndaşa kvadratmetrinə görə 2000 manat pul ödənilir. Axı, yeni tikilən binalarda 25 kvadratmetrlik mənzil olmur. Şəhər ətrafında olan yeni tikililərdə 1 otaqlı mənzilin ölçüsü 70 kvadratmetrdən başlayır. Yəni hökumət təmsilçilərinin “bu pula şəhərin mərkəzində mənzil almaq olar” fikri tamamilə absurddur.
Ancaq yazımızın məqsədi bu deyil. Biz bu yazıda onu sübut etməyə çalışacağıq ki, bu tikinti-söküntü bumunda udan tərəf oliqarxlar, itirən isə sadə vətəndaş və dövlət büdcəsidir.
Ümumiyyətlə, bugünə qədər hökumət söküntü prosesini stimullaşdırmaq üçün heç bir əməli addım atmayıb. Indi əsas söküntü bumu “Sovetski” ərazisində gedir. Sonrakı prosesdə “Şanxay” məhəlləsinin, NZS qəsəbəsinin, Alatavanın və digər əraziləri söküntüsü planlaşdırılır. Yəni onminlərlə ev söküləcək və bazarda tələbat artacaq.
Əslində, söküntü prosesində vətəndaşların narazılığının qarşısını almaq üçün və dövlətin daha az xərcə düşməsi baxımından xeyli əlverişli yollar var. Əvvəla, bu prosesi hansısa tikinti şirkətlərinə həvalə etmək olardı. Yaxud bir neçə bina inşa edib, sakinləri yerləşdirmək mümkün idi. 1 sot ərazidə bir ailə yaşadığı halda, bu ərazi göydələnlə əvəzlənəndə həmin ərazidə 30-40 ailəni yerləşdirmək olur.
Başqa ədalətli və effektli yollar da var və bu prosesdə dünya təcrübəsindən istifadə etmək olar. Ancaq hökumət bütün bu vasitələri həyata keçirməkdə maraqlı deyil. Çünki bu proses pul qazanmaq üçün əlverişli şərait yaradır.
Birincisi, evi sökülən vətəndaşlara pul vermək üçün büdcədən milyonlar ayrılır. Və bu proses qeyri-şəffaf həyata keçirildiyi üçün kütləvi mənimsəmələr də qaçılmaz olur. Ikincisi, “Sovetski” ətrafında elə yerlər var ki, 1 sotun qiyməti indiki bazarda 700 min mantdan başlayır. Əgər 1 sot ərazidə yaşayan vətəndaşın sənədində yaşayış sahəsi 70 kvadratmetr göstərilibsə, hər kvadratmetrə görə 1500 manat alacağı təqdirdə, 105 min manat əldə edə bilir. Yəni onun torpağının dəyərindən 7 dəfə az vəsait əldə edir. Nəticədə bu prosesə birbaşa nəzarət edən məmurlar böyük pullar qazanmaq fürsəti əldə edir.
Ikinci mərhələdə isə, vətəndaş əldə etdiyi vəsaitlə ev axtarışına çıxır. Bazara daxil olan onminlərlə alıcı sözsüz ki, mənzil bazarında qiymətlərin artımına səbəb olur. Nəzərə alsaq ki, bu gün yeni tikililərin əksəriyyəti yüksək vəzifəli şəxslərin adı ilə bağlıdır, o zaman məlum olur ki, satılan evlər də həmin şəxslərin mənfəətinə xidmət edir.
Bu gün Bakı şəhərində ən ucuz mənzilin kvadratmetri 700 manatdan başlayır (Qeyd edək ki, yeni tikililərin 90 faizi hələ də qazlaşdırılmayıb və sənədi də yoxdur).
Vətəndaş bu binalardan 80 kvadratmetrlik 2 otaqlı mənzil almaq üçün, 56000 manat pul xərcləməlidir. Bundan sonra aldığı mənzili təmir etməlidir. 80 kvadratmetrlik mənzili sıfırdan təmir etmək üçün isə minimum 16000 manat vəsait tələb olunur. Nəticədə, 72000 manata, şəhər kənarında 2 otaqlı mənzil əldə olunur. Nəzərə alsaq ki, bu adamın sökülən mənzili də 2 otaqlı olub və yaşayış sahəsi 40 kvadratmetr hesablanıb, o zaman məlum olur ki, bu ailəyə 60000 manat pul verilib. Yəni yuxarıda dediyimiz mənzili almaq həmin ailənin daha 12000 manata ehtiyacı yaranır.
Yaranmış ümumi mənzərə isə, yuxarıda qeyd etdiyimiz fikri sübuta yetirir. Dövlətin büdcəsi boşalır, məmurların cibi dolur, vətəndaş problemin məngənəsində qalır.
Akif