Tağı Əhmədov günahı «yuxarı»ların üstünə atdı
Xəbər verdiyimiz kimi metronun “28 may” stansiyasında aparılan yenidənqurma işlərindən sonra döşəməyə vurulan sürüşkən qranit mərmərlər sərnişinlərin həyatı üçün təhlükə yaradıb. Istər sosial şəbəkələrdə yayılan fotolarda, istərsə də “Azadlıq”ın redaksiyasına zəng edən vətəndaşlar sözügedən stansiyada hərəkət edə bilmədiklərini deyirlər.
Artıq bir neçə sərnişin bunun acısını dadıb. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Yeni Müsavat”a açıqlamasında bu problemin yaxın günlərdə həll olunacağını deyib. O bildirib ki, sürüşmənin qarşısını almaq üçün döşəməyə vurulan mərmərin üstünə xüsusi məhlul töküləcək: “”28 May”da bu cür vəziyyətin yaranmasına görə orada təmir işləri aparan tikinti firması məsuliyyət daşıyır. Sürüşkən yerə məhlul töküləndən sonra hər şey öz qaydasına düşəcək. Sürüşkənliyin qarşısı alınacaq. Artıq orada birinci yolda, “Neftçilər” istiqamətinə gedən sahədə arxa tərəfdən həmin məhlul tökülüb və bu, artıq öz effektini göstərir”.
Onu da qeyd edək ki, “28 may”ın təmiri zamanı Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadənin mozaik pannosu kardonla örtülmüşdü. Təmir işləri yekunlaşdıqdan sonra barelyefin qoyulacağı deyilsə də, hələ ki, bu deyilənlər özünü doğrultmayıb.
Tağı Əhmədov bununla bağlı “28 may” mövzusunda “yuxarıdan” nə atribut verilsə, onu da stansiyaya vuracaqlar” deyib.
Bununla da metro şefi Rəsulzadəylə bağlı məsələdə günahı “yuxarı”ların üstünə atıb.
Ramin DEKO