Hakimiyyət İsmayıllı üsyanını müxalifətə bağladı

  • PDF

Font Ölçüsü

ilqar-tofiqİlqar Məmmədov və Tofiq Yaqublu həbs edildi

«Bu üsulla xalqın azadlıq hərəkatının qarşısını almaq cəhdləri əbəsdir»

Hakimiyyət Ismayıllıda baş vermiş üsyana görə günahı müxalifətin üzərinə atmağa cəhd edir. Bu məqsədlə dünən Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri Ilqar Məmmədovun Ismayıllı hadisələrinin təşkilində günahlandırılaraq həbs olunub.
Dünən səhər saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində Tofiq Yaqublu və Ilqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərin təşkili və ya onlarda iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. Onlar Ismayıllıda əhalini ictimai-siyasi sabitliyi pozmağa, polisə müqavimət göstərməyə çağırmaqda təqsirləndirilir. Dünən axşam saatlarında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarlarıyla hər ikisinin barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Ilqar Məmmədov məhkəmənin qarşısında polis nəzarətində maşından düşürülərək binaya aparılarkən, jurnalistlərə siyasi sifarişlə həbs olunduğu bildirib.
Vəkil Akif Əlizadə bildirib ki, Tofiq Yaqubluya qarşı irəli sürülən ittiham, eləcə də məhkəmənin həbs-qətimkan tədbiri qərarı tamamilə qanunsuzdur, heç bir hüquqi əsası yoxdur: “Tamamilə siyasi sifarişlə verilən, siyasi məzmunu olan bir fəaliyyətin nəticəsidir”.
Ilqar Məmmədovun vəkili Fuad Ağayev də ona qarşı irəli sürülmüş ittihamların heç bir əsası olmadığını bildirib: “30 illik təcrübəsi olan hüquqşünas kimi deyirəm ki, bu ittihamın hüquqi əsası yoxdur”.
Vəkilin sözlərinə görə, Ilqar Məmmədov özü də həm istintaqa ifadəsində, həm də məhkəmədə bu ittihamları rədd etdiyini bildirib.

Hər iki siyasətçinin həbsilə bağlı partiyalar bəyanat verib.

AXCP ölkənin tanınmış iki siyasi xadiminin uydurma və sifarişli ittihamlarla həbs olunmasına kəskin etirazını bildirib. Partiya Tofiq Yaqublu və Ilqar Məmmədova qarşı ittihamları “tamamilə əsassız, absurd, cəmiyyətdə qarşıdurma mühitinin şiddətlənməsinə səbəb olacaq addım” kimi dəyərləndirir. AXCP hesab edir ki, hakimiyyət bu həbslərlə avtoritarizmin əzəmətini yüksəltmək, xof yaratmaq istəyir.
AXCP xatırladır ki, avtoritar rejimlərin hamısının tarixi belə qondarma, şər-böhtan məzmunlu həbslərlə zəngindir: “Buna baxmayaraq, həbslərin, repressiyaların heç biri öz azadlığı uğrunda mübarizəyə qalxan xalqları yolundan saxlaya bilməyib. Azərbaycan xalqı da istisnalar kateqoriyasından deyil və bunu deyəsən, Azərbaycan hakimiyyətindəkilərdən başqa hər kəs dərk edir”.
AXCP bəyan edir ki, günahsız yerə həbs olunan siyasi xadimlərin azad olunması istiqamətində sonadək çalışacaq, onların müdafiəsində fəal iştirak edəcək, bu prosesdə bir anlıq da səngimə olmayacaq.
Müsavat partiyası hər iki tanınmış şəxsə qarşı irəli sürülən ittihamları “absurd, siyasi qüvvələrin fəaliyyətini məhdudlaşdırmaq, müxalifətlə xalqın bütövləşməsinin  qarşısını almaq və xalqın köklü narazılıqları səbəbindən meydana çıxan etirazları müxalifətin adına bağlamaq üçün edilən uğursuz cəhd” kimi qiymətləndirib.
Partiya bəyanatında Tofiq Yaqublu və Ilqar Məmmədova qarşı əsassız ittihamların irəli sürülməsini qətiyyətlə pisləyir və hakimiyyətdən siyasi rəqiblərinə qarşı gündən-günə genişlənən repressiyalara son qoyulmasını tələb edir.
Partiya bəyan edir ki, Ismayıllıda baş verənlər Əliyev rejiminin 20 ildir ki, yeritdiyi yarıtmaz, səriştəsiz və soyğunçu siyasətin nəticəsidir və onun günahkarları hakimiyyətin ən yüksək pillələrində qərar tutmuş şəxslərdir.
Ictimai Palatının Koordinasiya Şurası da olayı pisləyən bəyanatla çıxış edib: “Ismayıllı əhalisinin məmur-oliqarx əsarətinə, zülmə, ədalətsizliyə qarşı haqlı etirazına qulaq asmaq, bu etiraza səbəb olmuş məsələləri həll etmək, harınlamış məmurları cəzalandırmaq, insanlarla dialoq aparmaq əvəzinə ismayıllıları, jurnalistləri, vətəndaş cəmiyyəti və siyasi partiya liderlərini həbs etməsi göstərir ki, iqtidar hələ dəÿreallıq hissindən uzaqdır və repressiya vasitəsilə hakimiyyətdə qalmaq kimi ağılsız, fəlakətli kursu davam etdirəcək”.
Ictimai Palatanın Koordinasiya Şurası bu üsulla xalqın azadlıq hərəkatının qarşısını almaq cəhdlərinin əbəs olduğunu qeyd edərək, bu bədnam hadisəni pisləyir, Tofiq Yaqublu və Ilqar Məmmədovun dərhal azad olunmasını tələb edir.








Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub

Son Yenilənmə Çərşənbə axşamı, 05 Fevral 2013 11:24