Yaxud «Yeni Müsavat» daha bir «ilk»ə imza atdı
Müstəqillik böyük nemətdir. Allah heç kimə köləlik, gözükölgəlilik, diliqısalıq nəsib etməsin. Adamın ixtiyarı özündə olmayanda, könlünü şərə verəndə bütün dəyərini itirir. Indi Rauf Arifoğluna baxanda adamın üəryi ağrıyır. Bu adamdan istədikləri hər şeyi düzəldə bildilər. Vəziyyət o həddə çatıb ki, “Yeni Müsavat”ın manşetində AXCP əleyhinə yazılar təkrar-təkrar gedir. Yəni eyni yazı müxtəlif başlıqlarla manşeti “bəzəyir”.
Bu qədər hikkəni, bu qədər cılızlığı, bu qədər yarımçıqlığı heç “Səs” qəzeti də edə bilməyib. Görünür, biz “Yeni Müsavat”ı “Səs”lə, “Yeni Azərbaycan”la müqayisə edəndə ədalətsizlik etmişik. Çünki, bu qəzetlərin manşetində anti-müxalifət yazıları təkrarlanmır. Rauf Arifoğlu “ilk”lərə imza atmaqda davam edir.
Bir halda ki, “Yeni Müsavat” “cəbhəşünaslıq”a başlayıb, biz də bəzi tövsiyələr verə bilərik. Əgər eyni yazını fərqli başlıqlarla tirajlamaq mənfəət gətirirsə, o zaman kəmiyyəti bir az da artırmaq olar. Məsələn, eyni yazını 2 yerdə yox, 8 yerdə yerləşdirmək olar. Yəni “Yeni Müsavat”ın hansı pəncərəsinə toxunsan, həmin yerdən “AXCP-də şok olaylar” başlıqlı yazı çıxsın. Beləliklə, qədirbilən hökumətimiz “Səs”i, “Yeni Azərbaycan”ı ləğv edər və bütün yatırımı “Yeni Müsavat”a yönəldər. Biz başa düşürük ki, ixtiyar əldən gedib və ağanın dediyi bütün dərələrə sürmək lazımdır. Onu da başa düşürük ki, iri məmurlardan yaza bilməyən qəzetin ulduzu Ağaşirinlər, Zərifələr olmalıdır. Əslində, hərdən Rauf müəllimə “təşəkkür” etmək də lazımdır. Çünki, onun bu “müqəddəs işi” xeyli insanları tərəddüddən qurtarır. Adamlar başa düşür ki, “Yeni Müsavat” müxalifət qəzeti kimi deyil, vicdanlı adamları şərləmək vasitəsi kimi alternativsizdir.
Görəsən Allahın lənətini qazanıb, hökumətin “sağ ol”unu almağa dəyərmi? Pul bu qədərmi şirindir? Keçmişə xəyanət etmək bu qədrmi asandır?
Nə deyirik, yolunuza davam edin. Şeytanı daşlayanları daşlamaq missiyasını yerinə yetirin.
Əsas odur ki, ən iyrənc işləri görmək üçün potensialınızın tükənməz olduğunu göstərə bildiniz. Allah bu hökumətə də insaf versin. Bir mandat nədir ki, əvəzində vicdan istəyir. Yəqin ki, əliniz boşda qalmaz. “Yeni Müsavat”ı anti-cəbhə qəzetinə çevirməyin mükafatı verilməlidir. Səbr eləyin, axırı olmasa da, ortaları yaxşı olmalıdır.
Həyat belədir qardaş. Ağanın pulu şirin olanda, hətta Ağaşirin də “ən vacib müsahib”ə çevrilə bilir
Azad