ABŞ dövlət katibi: «Ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir»
28 May – Respublika Günü münasibətilə daha bir təbrik ABŞ dövlət katibi Con Kerridən gəlib. Obamanın məktubundan fərqli olaraq Kerrinin məktubunda dövlət başçısı deyil, xalq təbrik edilib. Obamanın təbrikində əgər insan haqları və demokratiya ilə bağlı məsələlər qabardılırdısa da, Kerrinin məktubunda ABŞ-ın Azərbaycanın müstəqilliyinə təminatçı olduğu vurğulanır.
“ABŞ Azərbaycanın ”Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu ciddi şəkildə dəstəkləyir". “Trend”in məlumatına görə, bunu Kerri Azərbaycan xalqına 28 May – Respublika Günü münasibətilə təbrikində qeyd edib. Dövlət katibi vurğulayıb ki, Azərbaycan xalqı 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdı: “Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet Ittifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi elan etdiyinizdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir”.
C.Kerri həmçinin Vaşinqtonun və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası vasitəsilə regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlığını qeyd edib.
O əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq qalır.
Təbrikdə iki məqam diqqət çəkir. Birinci məqam təbrikin dövlət başçısı Ilham Əliyevə deyil, birbaşa xalqa ünvanlanmasıdır. Digər diqqətəlayiq məqam isə məktubda ABŞ-ın Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış etməsiylə bağlıdır.
Əslində ekspertlər hesab edir ki, hər iki məktubda iki ölkə arasındakı münasibətlərdəki gərginlik hiss olunur. Hər iki məktubun ritorikası bunu deməyə əsas verir. Bundan başqa, dövlət katibinin müavini Malinovskinin səfərinin də təxirə salınması münasibətlərdəki gərginliyə işarədir. Səfər ABŞ tərəfindən ləğv edildi. Buna səbəb hazırkı situasiyada Azərbaycan hakimiyyəti ilə danışıq aparmağın mənasız olmasıdır.
Təbriklərin mətni göstərdi ki, ABŞ hökuməti Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləmək və demokratiyanın inkişafı üçün zəruri olan səyləri göstərmək fikrindədir. Hər iki məktubdan bir daha görünür ki, ABŞ Azərbaycanın əsası 1918-ci ildə qoyulmuş demokratik ənənələrə uyğun aparılcaq siyasətini dəstəkləməklə bağlı qəti və birmənalı qərar verib.
Xəyal