Oğluna ibrət dərsi vermək istəyən bir kişi “hər qırdığın insan üçün bu taxtaya bir mismar vur” deyir. Atasının dediyinə əməl edən oğul bir gün baxır ki, taxta mismarla tamam dolub. Bu mənzərəni görən ata “indi qırdığın insanların könlünü al, hər aldığın könül üçün bir mismarı sök” deyir. Oğul mismarları söküb atasının yanına dönür, kişi baxır ki, taxta dəlik-deşikdir. O zaman oğluna “bax, insan ruhu də bu taxta kimidir, qırdığın qəlbi düzəldərsən bəlkə, amma yerində daim belə dərin izlər qalar” deyir…
Dəhşətli 16 mərtəbə yanğınından sonra şəhərdə start götürən üzlük söküntüsü də təxminən buna bənzəyir. Insanlara olan olduqdan sonra “ölüm penoplastları”nın kütləvi sökülməsi yanmış ürəkləri soyutmaz, şübhəsiz. O dəhşətin dərinlərə işləmiş izləri həmişəlik qalacaq yəqin ki. Bu dekorativ bəlasına milyonlar xərcləyib, onları divarlara yapışdıranda düşünmək olmazdımı, təhlükənin dərəcəsini? Niyə bu ölkədə hər şey insan faciələrinin üzərində qurulur axı? Niyə kiçik bir azlığın milyardlar qazanması naminə məsum körpələr can verməlidir buralarda? Insanın başına kiçik bir iş gələndə, dünya gözündə heçə dönür, “gələn mala gəlsin” deyib dizinə vurur. Bizim dərdimiz deyiləsi deyil ki, arada həm malımız gedir, həm də canımız. Biz durmadan “şəhərin memarlıq ənənələrini məhv etməyin, binaları qaşıyıb tökməyin” deyirik də, səsimizi saya salan kim? Biz “paytaxtın hazırkı əcaib tikinti bumu gələcəyin real ölüm kabusudur” bağırırıq da, vecinə alan kim" Seysmik zona sayılan bir şəhərin hər addımında göyün yeddi qatına dikəldilən şüşə binalardan gələn təhlükəni anlamaq bu qədərmi çətindir yəni? Indi iş-işdən keçəndən sonra həmin “ölüm dekorasiyaları”nı çıxarıb tökürlər. Yüzlərlə insanın ahını alıb, ardınca saxta göz yaşları içində “günah çıxarma” kimi…
Hələ ən dəhşətlisi bu da deyil. Ən dəhşətlisi “günah kimdədir” deyincə, hamının mat-mat bir-birinin üzünə baxıb durmasıdır. Əslində, bu qədər qandan sonra o günahkarların başını qaldırıb kimsənin gözünə baxacaq üzü olmasın gərək. Amma üz var, elə bu penoplast üzlüklər kimi dəyişilir vaxtdan-vaxta. Mühitə, iqlimə, şəraitə görə maskalar, qrimlər, rənglər, qabıqlar da yenilənir beləcə. Ancaq üzlüklərə görə kimsə günahkar sayılmır bu ölkədə. Bunun istehsalçısı, milyardlar qazanan sahibi, onu dekorasiya elementi olaraq şəhərə sırıyanlar, onun binalara üzlənməsinə rəsmi icazə verənlər…Onlar hamısı süddən çıxmış ağ qaşıqdırlar. Balaca Fərəhin, Şahinin, Ayanın, Ayxanın ölümündə də heç bir günahı yoxdur onların. Heç ruhları inciyənə də oxşamır. Azacıq vicdanları ağrımış olsaydı, birindən “mən günahkaram” mesajı eşidilərdi ən azından…
Bu ölkədə kimsənin özündə günah aramaması o anlama gəlir ki, orda hamı bir-birini unudub. Kimsənin kimsədən xəbəri yoxdur demək ki, o ölkədə. Ölkə başçısı nazirindən, nazir məmurundan, məmur icraçısından, icraçı işçisindən bixəbərdirsə əgər, artıq sözə lüzum varmı? Indi aydın deyilmi, niyə yaxınında baş verən dəhşətlərin, faciələrin, fəlakətlərin, yanğınların fərqində deyil kimsə?. Axı belə böyük faciələrdə ən azı ölkə rəhbərliyində təmsil olunan hər kəs özünü mənəvi baxımdan günahkar hiss etməlidir. Kimin dilindən eşidildi bu etiraf? Kim baş verən fəlakətin ağırlığını hiss edib, əsl günahkarların cəzalandırılmasında həqiqətən maraqlı olduğunu göstərdi ki? Hər belə yanğından sonra bir JEK müdiri həbsə atılıb “günah çıxarma” işi bitərsə, hələ bu ölkədə çox yanğınlar çıxar. Həm də lap çox…