Yaxud uğursuzluğu sığortalamaq üçün bütün dünyanı «erməniləşdirmək»
Bu mövzu haqqında dəfələrlə yazmışıq. Amma hakimiyyət bu şit və bayağı təbliğatı israrla davam etdirdiyinə görə bir daha izahat verməyə ehtiyac duyuruq. Bildiyiniz kimi Azərbaycan hakimiyyəti daxildə və xaricdə olan tənqidçilərini “ermənipərəst” adlandırmaqla özünü sığortalamağa çalışır.
Nüfuzlu beynəlxaql təşkilatlar, tirajı milyonlarla ölçülən qəzetlər, tanınmış politoloqlar Azərbaycandakı siyasi məhbuslardan, korrupsiyadan, insan haqlarının pozulmasından yazır. Illərdi ölkə müxalifəti də hakimiyyətin anti-xalq siyasəti yürütdüyünü və sərvət oğrusu olduğunu sübuta yetirməklə məşğuldu. Amma YAP hakimiyyəti cəmiyyətə bu mesajı verir ki, bütün bu tənqidlərin arxasında “erməni lobbisi” dayanır. Hətta ABŞ-ın dövlət katibi Con Kerrinin, ABŞ prezidenti Barak Obamanın da ermənilərin təsirində olduğunu tirajlayırlar. Deməli, dünyanın ən nəhəng ölkələri, ən nəhəng təşkilatları, ən nəhəng media orqanları ermənilərin ixtiyarındadır. Bəli, hakimiyyət məqsədyönlü şəkildə Ermənistanın təbliğatını aparır. Belə çıxır ki, cırtdan Ermənistan bütün dünyaya meydan oxuyur, ən qüdrətli ölkədir və məğlubedilməzdir. Əslində, belə bir siyasətin aparılması, düşmən ölkənin qəhrəman obrazının yaradılması xəyanətə bərabərdir.
Təsəvvür edin ki, hər gün ölkə insanı hakimiyyətin təbliğatı sayəsində ermənilərin böyük qüvvə olduğuna şahidlik edir. Məktəblilər, gənclər müşahidə edir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan ABŞ-ı, Avropa Birliyini, dünyanın ən mötəbər dairələrini tabe etdirib. Yəni hakimiyyət erməni mifi yaratmaqla məşğuldur və düşmənin “Herakl” olduğunu sübut etməyə çalışır. Ancaq hər zaman ermənilərin yaltaq olması, türkə yatlaqlanaraq özünə himayədar seçməsi haqqında eşitmişik. Hakimiyyət ləyaqətli insanları ləkələmək, beynəlxalq öhdəliklərdən imtina etmək naminə ən böyük düşmənimizin təbliğatı ilə məşğuldu. Bu hakimiyyət üçün torpaq, millət, dövlət anlayışı pulla ölçülür və daha çox qazanmaq üçün düşmənə pənah aparmağa da hazırdılar.
Digər tərəfdən, hakimiyyətin bu siyasəti, həm də özünüifşa deməkdir. Başqa vaxt ermənilərin acından öldüyünü, iqtisadi-hərbi gücünün olmadığını deyirlər. Yaxud Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etdiyini söyləyirlər. Amma Cənubi Qafqaz iqtisadiyyatının 10 faizini təşkil edə bilməyən Ermənistanın qarşısında da aciz qalıblar. Necə olur ki, bu ölkə anloqsuz Azərbaycana bütün parametrlər üzrə qalib gəlir? Deməli, 20 faiz torpağımızı işğal etməklə kifayətlənməyiblər. Həm də xarici siyasətdə, informasiya müharibəsində qalib gəlirlər. Azərbaycan hakimiyyəti isə 100 milyardlarla vəsaiti oğurlamaqla məşğul olub. Yəni ermənilərin ABŞ-a, Avropaya diktə etməsi təəssüratını yaratmaq da hakimiyyətin zərərinə işləyir və nə qədər fərsiz bir siyasət yürüdüldüyünü ortaya qoyur.
Nəticə isə bundan ibarətdir ki, hər iki halda hakimiyyət istefaya getməlidir. Düşməni qəhrəmana çevirib, ölkədə onun haqqında mif yaratmaq da, düşmənin bütün dünyanı ələ aldığını söyləmək də istefa üçün əsasdır. Bəli, əgər ermənilər ölkə daxilində və ölkə xaricində hamını satın alıbsa, bu hakimiyyətin ölkəni idarə etmək haqqı yoxdur.
Istənilən halda 20 ildən artıq müddətdə yürüdülən siyasət dövlətin imicinin korlanmasına, düşmənin uğur qazanması üçün şəraitin yaradılmasına xidmət edib. Və bütün bunlardan sonra ölkə insanına ermənilərin qüdrətli olduğunu sübut etməyə çalışırlar.
Dünyada ikinci belə bir hakimiyyət tapmaq mümkün deyil ki, vətəndaşına düşmənin böyüklüyünü sübut etməyə çalışsın. Uğursuzluğu bu formada sığortalamaq, yalnız bizim hakimiyyətin “bacarığı”dır.
Azad