Hakimiyyət bütün imkanlardan dövlətin imicini zədələmək üçün istifadə etdi
Əvvəlki yazılarımızda da əsaslandırmışıq ki, Azərbaycan hakimiyyəti dövlətin maraqları naminə hər hansı addım atmaqdan imtina edib. Əslində bunun üçün dərin analizlərin aparılmasına ehtiyac yoxdur. Çünki, dediklərimiz hər gün təsdiqini tapır. Azərbaycan hakimiyyəti hər gün Avropa Oyunlarına hazırlıqla bağlı geniş şərhlər verir, ölkə başçısı bu istiqamətdə görülən işlərlə tanış olur, telekanallar Avropa Oyunlarının Azərbaycan üçün önəmindən danışır. Ancaq Avropa Oyunlarının maddi olaraq Azərbaycana heç bir uğur gətirməyəcəyi, əksinə, ölkənin büdcəsinin 1/3 hissəsini zədələyəcəyi təsdiqləndi.
Bundan sonra hakimiyyət Avropa oyunlarının ölkəmizin imicinə müsbət təsir edəcəyi ilə bağlı təbliğata start verdi. Amma bu imkan da dəyərləndirilmədi və Avropa Oyunları öncəsi bütün dünya Azərbaycandakı qanunsuzluqlardan danışdı. Belə ki, dünya mətbuatı, beynəlxalq təşkilatlar ölkədəki repressiv mühiti, korrupsiyanı, siyasi məhbus məsələsini işıqlandırdı və bəzi təşkilatlar Avropa Oyunlarını boykot etmək təşəbbüsü ilə çıxış etdi. Azərbaycan hakimiyyəti isə bütün bu tənqidlərdən nəticə çıxarmaq əvəzinə ölkənin tanınmış hüquq müdafiəçilərini daha ağır həbs cəzası ilə “mükafat”landırdı. Intiqam Əliyev, Rəsul Cəfərov və digərləri Avropada da yetərincə tanınmış insanlardı və bu adamların fəaliyyəti Qərb dairələrinə yaxşı məlumdur. Yəni Azərbaycan hakimiyyəti yerli və dünya ictimaiyyətinə o mesajı verdi ki, biz Avropanı söyə-söyə Avropa Oyunları keçirməyə hazırlaşırıq. Həqiqətən də paradoksal bir vəziyyət yaranıb. Bir tərəfdən antiAvropa təbliğatı aparılır, o biri tərəfdə canfəşanlıqla Avropa Oyunlarına hazırlıq gedir.
Qarşıdan isə Riqa sammiti gəlir və bu sammitdə olduqca mühüm məsələlər müzakirə olunacaq. Azərbaycan da Riqa sammitində öz seçimini müəyyənləşdirməli və Avropa Birliyi ilə Assosiasiya Sazişinin imzalanmasında maraqlı olduğunu ifadə etməlidir. Ancaq Azərbaycan hakimiyyəti müxtəlif manevrlərlə avrointeqrasiyadan yayınır və Avropa Birliyinə starateji əməkdaşlıq təklif edir. Təbii ki, Avropa Birliyi Azərbaycanın bəhanələrini kəsmək üçün bu ilkin razılaşmaya da müsbət reaksiya verir. Amma Azərbaycanın Assosiasiya Sazişinin imzalanması ilə bağlı gətirdiyi arqumentlər absurddur və özündə hər hasnsı reallığı əks etdirmir. Tutaq ki, Assosiasiya Sazişinin imzalanmamasında əsas səbəb Rusiya təhlükəsidir. O zaman sual meydana çıxır: Rusiya DTT-yə üzv olduğu halda, Azərbaycan bu təşkilata niyə üzv omur? Axı bu üzvlükdə Rusiya təhlükəsi yoxdur. Yaxud Rusiya Azərbaycan hakimiyyətindən Intiqam Əliyevə 10 il həbs cəzası verməsini, 100-ə yaxın insanı şərləyərk həbs etməsini, ölkəyə daxil olan bütün məhsulların nazirlərin nəzarətində olmasını, vətəndaşa dilənçi maaşı verilməsini tələb edir? Yəni bu gün ölkə daxilində fəal bir gəncin cibinə narkotika atıb həbs etməyi, yaxud kartofu 20 dəfə baha qiyməti satmağı Rusiya tələb etmir. Sadəcə olaraq hakimiyyətin avtoritar zehniyyəti bu addımları atmağı zəruri edir. Yürüdülən siyasətdə dövlətin və millətin maraqları naminə heç nə yoxdur.
Təbii ki, dünya da bunu başa düşür. Siyasi məhbusları azad etmək yetkisinin hakimiyyətdə olduğunu və bu işdə heç bir kənar müdaxilənin olmadığı aksiomadır.
Yəni hakimiyyət Avropa Oyunları ilə dünyaya yalan informasiya sırıya bilməyəcək. Əksinə, Avropa Oyunları yaxınlaşdıqca hakimiyyətin mahiyyəti daha açıq şəkildə ifşa olunur. Dünənə qədər Azərbaycan hakimiyyəti haqqında loyal münasibət sərgiləyən adamlar, indi tənqidi fikirlər səsləndirməyə məcbur olublar. Hakimiyyət aşkar qanunsuz addımları ilə öz lobbiçilərinin də arqumentlərini tükəndirib. Üstəlik, Azərbaycandakı siyasi məhbuslardan, korrupsiyadan danışanları “ermənipərəst”, “qərəzli” kimi təqdim etməklə, öz kimliklərini bir daha ortaya qoyurlar.
Demək istədiyimiz budur ki, avropalı qonaqlar üçün ölkədə süni mənzərə yaratmaq real mənzərəni gizlədə bilməyəcək. Çünki, artıq təbii mənzərəyə şahidlik ediblər. Hakimiyyət əlindən əgləni edir ki, Azərbaycanın imici tamamən sarsılsın. Əsas odur ki, büdcədən milyardlar silinsin, avropalı qonaqlar YAP hakimiyyətinin səxavətinə heyran olsun.
Real nəticə isə bundan ibarətdir ki, 8 milyard vəsait antiAzərbaycan təbliğatına sərf olundu.
Azad