Cahangir Hacıyevin bu posta gətiriləcəyi barədə xəbərlər təsdiqlənmədi; Elman Rüstəmovun namizədliyi irəli sürüldü
Azərbaycan Mərkəzi Bankının Idarə Heyətinə iki üzv seçiləcək. Milli Məclisdən (MM) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı MM-in aprelin 3-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyəti üzvlərinin təyin edilməsi haqqında” layihə müzakirə olunacaq. Belə ki, həmin məsələ iclasın gündəliyinə martın 29-da daxil edilib.
Mərkəzi Bankın Idarə Heyətinə üzvlüyünə iki nəfərin namizədliyi irəli sürülüb. Bu şəxslər Mərkəzi Bankın Idarə Heyətinin indiki sədri Elman Rüstəmov, digəri isə onun müavini Xəqani Abdullayevdir.
Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.
Qeyd edək ki, Elman Rüstəmov 1995-ci ildən Mərkəzi Bankın rəhbəridir. Manatın devalvasiyasından sonra onun istefaya göndəriləcəyi iddia edilsə də, Mərkəzi Bankın rəhbərliyinə iki namizəddən biri olması bu iddiaların əsassız olduğunu göstərir. Məlumat üçün deyək ki, digər namizəd Xəqani Abdullayev Elman Rüstəmova yaxın şəxsdir. O, sadəcə Elman Rüstəmova formal alternativ rolunu oynayır.
Yeri gəlmişkən, bəzi media orqanları Mərkəzi Bankın rəhbərliyinə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin gətiriləcəyi barədə məlumat yaymışdı. Namizədlər arasında onun adının olmaması yayılan məlumatın əsassız olduğunu göstərir.