Məhəmməd Talıblı: «Əhalinin gəlirləri bazardakı qiymət artımlarının qurbanına çevrilir»
30 növlük ərzaq malları səbətində 28 məhsul bahalanıb – qoyun əti (+5,2%), qarabaşaq (+42,2%), quş içalatı (+7,1%), quş əti (+3,7%), qənd (+7%), un (+16,4%), düyü (+18,3), süd (+16%), peçenye (+23,8%), xiyar (+25%), kərə yağı (4,7%), marqarin (+10%), ağ pendir (+9%), pomidor (+20%), günəbaxan yağı (+4).
Təkcə yumurta (-10%) və ət (-7,7%) ucuzlaşıb.
Yay deflyasiyasından sonra fevralda yenidən bahalanma başlayıb. Şübhəsiz, fevralın yekununa AMB-nin 21 fevralda manatın 33% devalvasiyası qərarı da təsir edib.
Martın ilk günləri qiymətlər bahalanır və ərzaq növlərinin də qiymətləri qalxır. Azərbaycanın ərzaq və qida xammalı idxalından asılılığı 60%-dir. (contact.az)
Amma aparılan araşdırmalara, gətirilən sübutlara rəğmən hökumət strukturları, ayrı-aryı nazirliklər ərzaq məhsullarının qiymətinin dəyişməz olaraq qaldığına iddia edir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, manatın devalvasiyasından sonra ölkədə qiymətlərin artırılması bir reallıqdır. Qiymət artımına rəvac verməmək üçün dövlət strukturlarının bazara inzibati rıçaqlarla deyil, iqtisadi alətlərlə təsir etməsinin vacib olduğunu deyən M.Talıblı vurğuladı ki, zəruri addımlar atılacağı təqdirdə qiymətləri əvvəlki səviyyədə saxlamaq olardı: “Müvafiq dövlət strukturlarının bazara kobud müdaxilələri, bazardakı məhsullarla bağlı konkret satış qiymətlərinin müəyyənləşdirilməsi effektli olmadı. Nəticədə süni qiymət artımları bazarda bahalaşma tendensiyası yaratdı. Bu isə o deməkdir ki, əhalinin gəlirləri bazardakı qyimət artımlarının qurbanına çevrilir. Vətəndaşlarımız devalvasiyadan sonra istehlak mallarına daha çox vəsait xərcləməli olurlar. Hökumətin manitar siyasətinin effekt verməməsi ölkədə əhalinin sosial müdafiəsi ilə bağlı çox ciddi tədbirlərin həyata keçirilməsini zəruri edir”.
M.Talıblı vurğuladı ki, hökumətin sosial siyasəti ailə təsərrüfatlarına yönələrək, onların yaranmış situasiyada qorunmasına xidmət etməlidir. Bu tip addımlar bazardakı qiymət artımına görə vətəndaşlarımızın yoxsullaşmaması üçün edilməlidir. Növbəti aylardan başlayaraq ailələrin büdcə xərclərində ciddi fərqi hiss etməyə başlayacağını deyən M.Talıblı vurğuladı ki, bağlanmış müəssisələrin də sayı durmadan artır. “Bazardakı proseslərdən sosial müdafiələri zəif olan vətəndaşlarımız ən çox təsirlənibdir. Belə bir vəziyyətdə onların sosial müdafiəsi ilə bağlı heç bir effektli tədbir həyata keçirilmir. Təqaüdçülərin aldıqları pensiyalara heç bir kompensasiya verilmir. Sosial müdafiəsi zəif olan təbəqələr qiymət artımından sonra xeyli borclanmaya girmək məcburiyyətində qalırlar. Bu baxımdan hökumətin sosial siyasətə məsul qurumlarının həyata keçirdiyi siyasət qənaətbəxş hesab oluna bilməz”, deyə M.Talıblı bildirdi.
Xəyal