Yaxud, Iqtisadi, sosial və mədəni sahənin iflası
Ölkə başçısının “Şöhrət”, “Şərəf”, “Istiqlal” ordeni və s. təltifləri artıq ənənə halını alıb. Bu təltiflər o qədər adiləşib ki, doğum günü hədiyyəsinə çevrilib. Bu orden-medallara sahib olmaq üçün hansısa yorulmaz fəaliyyətə ehtiyac yoxdur. Diqqət etsək görərik ki, təltif olunanların əksəriyyəti təqaüd yaşını çoxdan keçmiş, ancaq hələ də yüksək postlarda vəzifə tutanlardı.
YAP-çılardan, mədhiyyəçi müğənnilərdən, yarınmaq yarışına girən digər sənət adamlarından kimin yaşı 60-ı keçirsə, prezident anındaca orden hədiyyə edir.
Ilham Əliyevin sayəsində fəxri ad almaq üçün cəmiyyətin fəxrinə çevrilməyə ehtiyac yoxdur. O şəxslər ki,ÿhakimiyyətə sədaqətini ifadə edir, onların “Şöhrət”, “Şərəf”, “Istiqlal” kimi ordenlər alması təbii olur. Yuxarıda qeyd etdiyimiz kimi artıq prezidentin ad günü hədiyəsi hamıya məlumdur. Yubilyarlar əlahəzrətin bəxşişinin nədən ibarət olacağını bilirlər. Son zamanlar Mübariz Qurbanlı, Hacıbala Abutalıbov, Abid Şərifov və digərləri də “Şərəf”ləniblər. Bundan öncə də Vasif Talıbovdan tutmuş, Ilhamə Quliyevaya qədər hər kəs fəxri ad alıb. Ümumiyyətlə, hakimiyyət komndasında az adam tapılar ki, yubileyində “Şərəf”lənməsin. Yəqin bir müddət keçəndən sonra YAP “Şərəf” və “Şöhrət” partiyası olacaq.
Bugünlərdə isə baş nazir Artur Rəsizadənin 80 yaşı tamam oldu və prezident onu da “Şərəf”ləndirdi. Sərəncamda bildirilir ki, Artur Rəsizadə Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə təltif edilir.
Əvvəla, qeyd edək ki, bu hakimiyyətə məhz Artur Rəsizadə kimi baş nazir lazımdır. O faktiki hökumətin rəhbərlərindən biridir. Amma heç bir məsələyə qarışmır, heç bir iddia irəli sürmür və heç bir məsələdə adı hallanmır. Ümumiyyətlə, bu adamın baş nazir kimi varlığı ilə yoxluğu bilinmir. Ona görə də bu təltifi onun yola salınması ilə yox, sədaqətli, susqun olması ilə əlaqələndirmək lazımdır.
Amma məsələnin rəsmi hissəsi də maraqlıdır. Artur Rəsizadə hansı iqtisadi, sosial, mədəni töhfələr verib ki, bizim xəbərimiz yoxdur?
Bu adamın YAP hakimiyyətində təmsil olunduğu 22 ildə Azərbaycanın mədəniyyəti mədəniyyətsiz adamların oylağına çevrilib. Televiziyalardakı mədəniyyət proqramları səviyyəsiz müğənnilərin yaltaqlığı ilə doldurulub, ölkədə ucuz şou pik həddinə çatıb, həqiqi mədəniyyət işçiləri dilənçi maaşına möhtac qalıb və mədəni ənənələr iflasa uğrayıb. Yəni, Azərbaycanda mədəniyyət sahəsinin inkişafı müşahidə edilməyib.
Sosial sahədə vəziyyət daha da ağırlaşıb. Vətəndaşların sosial vəziyyəti getdikcə pisləşib, ölkə vətəndaşları dolanışıq üçün xaricə üz tutub, bütün sosial proqramlar kağız üzərində qalıb və ölkədə 100 minlərlə vətəndaş ünvanlı sosial yardım almağa məcbur olub.
Iqtisadi sahədə isə Azərbaycanda “matəm”di. Son günlər baş verənlər də göstərdi ki, Azərbaycanda iqtisadiyyat olmayıb. Sadəcə neft quyuları iqtisadiyyat kimi təqdim edilib. Və neftin qiymətininin düşməsi ölkəni fəlakətə sürükləyib. Manat 35 faiz dəyərini itirib, ölkədə qiymət artımı baş verib, kütləvi ixtisarlar aparılır, ÜDM azalıb, investisiya layihələri 57 faiz ləğv olunub və.s
Belə bir reallığın meydan suladığı halda, Artur Rəsizadəyə “Şərəf” ordeninin verilməsi necə də fenomenal hədisədir. Bəlkə də 80 yaşında intizamlı şəkildə işə gəlmək böyük fədakarlıqdır və buna görə də nazirlərimizin başçısına orden verilir.
S.Novruz