Milli valyutanın bundan sonra da devalvasiya edəcəyi gözlənilir
Samir Əliyev: «Dollar 1,2 manata qədər bahalaşacaq, ilin sonuna kimi manat ən azı 10% ucuzlaşacaq»
Neftin ucuzlaşması başlayandan Mərkəzi Bank hər ötən ay öz valyuta ehtiyatlarından bir qismini xərcləməyə məcbur qalırdı. Bu manatın məzənnəsinin dəyişməməsi üçün edilirdi. Amma Mərkəzi Bankın bazara təsiri son iki ayda pik həddinə çatdı. Nəticədə Mərkəzi Bank valyuta ehtiyatlarından 2.3 milyard dollar, 15 faizi xərcləməli oldu. Bu yaxınlarda isə Mərkəzi Bank ümumiyyətlə bu siyasətdən imtina edərək manatın ucuzlaşmasına getdi. Nəticədə milli valyuta 34 faiz dəyər itirdi.
Amma dövlət başçısının, parlamentin spikerinin açıqlamaları onu deməyə əsas verir ki, hakimiyyət manatın devalvasiyasına həm də qanət etmək məqsədilə gedib. Yəni Mərkəzi Bankın resurslarının qorunması xətti tutulub. Amma belə bir addım atıldığı halda bir sıra suallar yaranır.
Birinci sual ondan ibarətdir ki, hazırda manatın məzənnəsi ilə bağlı baş verənlər hakimiyyətə nə qədər qənaət etməyə imkan verdi? Daha bir mühüm sual isə onunla bağlıdır ki, Mərkəzi Bankın bazara müdaxiləsi olmazsa, manatın real kursu hansı səviyyədə qərarlaşar?
Bu suallara iqtisadçı ekspert Samir Əliyevlə aydınlıq gətirməyə çalışdıq. Onun sözlərinə görə, manat 2014-cü ilin oktyabr, noyabr aylarından başlayaraq ucuzlaşma problemi ortaya çıxdı. Əgər bundan öncə manatın bahalaşma problemi var idisə, 2014-cü ilin sonunda ucuzlaşma problemi meydana gəldi. S.Əliyev bildirdi ki, nəticədə Mərkəzi Bank 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar aylarında bazara 2.3 milyard dollar çıxarmalı oldu: “Güman ki, Mərkəzi Bankın bazara fevralda da intervensiyası külli miqdarda vəsaitin çıxarılması ilə nəticələnib. Ilkin qiymətləndirmələrə görə, hardasa söhbət 2 milyard dollara yaxın vəsaitdən gedir. Onu da nəzərə almaq lazımdır ki, bazarda oyunçu təkcə Mərkəzi Bank olmayıb. Bazarda həm də Neft Fondu da oyunçu olaraq iştirak edib. Neft Fondu da bazara intervensiya edib. Neft Fondu dövlət büdcəsinə transfert edir. Həmin transfertə uyğun olaraq Neft Fondu bazara dollar çıxararaq onu manata çevirir. Ona görə Mərkəzi Bankla Neft Fondunun bazara müdaxiləsi hardasa 3 milyarda yaxın olub”.
S.Əliyev vurğuladı ki, hökumətin manatı “bir az ucuzlaşdırması” nə az, nə çox 33,5% olub. Mütəxəssisin fikrincə, manat bir daha dollardan baha olmayacaq: “Indi yeni situasiya başlayıb. Daha doğrusu ötən ildən başlayan proses yeni ladda davam edəcək. Devalvasiya məsələsi bununla gündəmdən düşmədi, yenidən gündəmə mindi. Biz həmişə devalvasiyanın ya kəskin, ya da yumşaq olacağını söyləsək də, hökumət hər ikisini həyata keçirdi. Əvvəl yumşaq, sonra kəskin. Əvvəl yumuşaq devalvasiya getdilər, amma sonra gördülər ki, dollara təlabatın qarşısında dayana bilmirlər. Nəticədə Mərkəzi Bank kəskin devalvasiyaya getdi”.
Iqtisadçı manatın sonrakı taleyi ilə bağlı yaranan suallara da cavab tapmağa çalışıb. Manatın devalvasiyası prosesinin bundan sonra da davam edəcəyini düşünən S.Əliyev vurğuladı ki, Mərkəzi Bank manatın məzənnəsinə yenidən baxa bilər.
Iqtisadçı hesab edir ki, son sözü neftin qiyməti deyəcək: “Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq. Ancaq indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcək. Ilin sonuna kimi manat ən azı 10% ucuzlaşacaq. Böyük ehtimalla dollar 1,2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa manatı ikinci devalvasiya təhlükəsi gözləyir”.
Samir Əliyevin fikrincə, əgər vətəndaşlarımız bir müddətdir ki, dolları manata çevirirdilərsə, artıq bu proses dayanaraq, əks proses start götürəcək: “Bir müddətdən sonra dollara tələbat yenidən artacaq. Əmanətlərdə dolların payı artacaq, manatın payı azalacaq. Ən əsası manata olan etibar əvvəlki səviyyədə olmayacaq”.
S.Əliyevin fikrincə, əgər Rusiyadakı kimi Mərkəzi Bank manatın dəstəklənməsindən əl çəksə, bir dollar 1.5 manata qədər bahalaşa bilər. S.Əliyev onu da bildirdi ki, Mərkəzi Bankın bazara intervesiyası üçün müxtəlif alətləri mövcuddur.
Xəyal