Qapalı məkanda bədbin, açıq havada nikbin olmağın məntiqi
Ölkə başçısı Ilham Əliyevin bütün müşavirələri nikbin məqamlarla zəngin olur. Hər dəfə ilin yekunları müzakirə olunanda camaat xəbər tutur ki, iqtisadiyyatımız inkişaf edib, yoxsulluğun kökü kəsilib, işsizlik problemi həll olunub, Qarabağı da tezliklə alacağıq. Eyni zamanda inkişaf göstəriciləri rəqəmlərlə “sübut”a yetirilir və ac xalqa inandırılır ki, “sən toxsan”.
Amma yanvarın 27-də keçirilən sonuncu müşavirədə prezidentin çıxışı həmişəkindən fərqləndi. Ölkə başçısı etiraf etdi ki, neftin qiymətdən düşməsi ölkəmizə mənfi təsir göstərəcək: “Bununla bərabər, qeyd etməliyəm ki, neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. Investisiya proqramına ancaq prioritet məsələlər salınır. Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər” – deyə Ilham Əliyev bildirdi.
Əslində bu yeni xəbər deyildi və hər bir vətəndaş bilir ki, neftin qiymətdən düşməsi, neftdən asılı ölkəyə mənfi təsir göstərəcək. Yəni, ikini ikiyə vuranda cavabın 4 etməsi, balaca uşağa da bəlli həqiqətdir. Amma yalnız inkişaf proqnozlarına köklənmiş prezident üçün, bunu etiraf etmək yeni mənzərə idi.
Maraqlı məqam ondan ibarətdir ki, yanvarın 29-da Ilham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində olublar və bu dəfə prezident başqa proqnoz verib: “Mən isə istəyirəm ki, Azərbaycanın bütün şəhərləri gözəl olsun. Bütün şəhərlərdə gözəl şərait olsun, insanlar rahat yaşasınlar. Bu gün biz bunu təmin edirik. Azərbaycan inkişaf edir. Heç bir böhran bizə təsir edə bilməz. Biz inamla inkişaf edirik və regionlarımız da inkişaf edir” – deyə Ilham Əliyev bildirib.
Qəribi burda ağlamaq tutur. Indi biz ayın 27-də qapalı məkanda deyilənlərə, yoxsa 29-da açıq havada söylənilənlərə inanaq? Maraqlıdır, 2 gün öncəki böhran, 2 gün sonra necə qeybə çəkildi?
Bəlkə də təbiət insana nikbinlik bəxş edir və ağ qarın müşahidəsi altında bu nikbinlik daha da pərvazlanır. Bəlkə də “bizə böhran təsir edə bilməz” ifadəsi yaddaşa həkk olduğuna görə, ölkə başçısı bədahətən bu fikirləri səsləndirib.
Yoxsa, ölkə baçısı niyə dağ əhalisini sevindirib, şəhər əhlini kədərləndirsin ki?
Allah bizi 2 gün sonradan saxlasın. Üçüncü fərqli proqnoz, bizi dəli edər.
Akif