Azərbaycan Rusiyanı dəstəkləməklə özünün avtoritar rejimini müdafiə etmiş oldu
Avropa Şurası Parlament Assambleyası yeni qətnaməsilə Rusiya nümayəndə heyətinə qarşı tətbiq edilmiş sanksiyaların müddətini uzatdı.
Xatırladaq ki, sanksiyalar Rusiyanın Ukraynaya qarşı siyasətinə görə tətbiq edilmişdi və daha bir neçə ay qüvvədə qalacaq. AŞ PA Rusiya nümayəndə heyətinin səs hüquqununu da qaytarmadı. Halbuki, qətnamənin ilkin layihəsində səlahiyyətlərÿtam bərpa edilməsə də,ÿxoşməramlı addım kimi, səs hüququnun bərpası nəzərdə tutulmuşdu. Beləliklə, Rusiyanın Ukraynada sülh planının həyata keçirilməsilə bağlı verdiyi vədlərə nə dərəcədə əməl etməsi və nümayəndə heyətinin səlahiyyətlərinin bərpası məsələsinə bir də apreldə baxılacaq.
Rusiya Avropa Şurasını hədələyir ki, əgər onun nümayəndə heyətinin səlahiyyətləri bərpa edilməsə, bu qurumdan çıxacaq. “Rusiya AŞ PA-nı tərk edir”, – deyə Rusiya nümayəndə heyətinin üzvü Robert Şlegel bildirib.
Amma hələ ki, o, bununla nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Azərbaycan isə bu məqamda Rusiya əleyhinə səs verməkdən imtina etdi. Azərbaycan AŞ PA -da yanvarın 28-də keçirilən səsvermədə Rusiyanın bu qurumda səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərarın əleyhinə səs verib. Azərbaycanı bu qurumda millət vəkilləri Əli Hüseynli, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova və Qənirə Paşayeva təmsil edir.
Qətnamənin əleyhinə ümumilikdə 42, lehinə 160 nəfər səs verib. Hətta Ermənistan deputatları da bizimkilərdən fərqli olaraq, Rusiyanı dəstəkləməyərək, səsvermə zamanı bitərəf qalmağa üstünlük veriblər.
Politoloq Razi Nurullayev deyir ki, Rusiyanın Avropa Şurasından çıxmasında Qərb maraqlı deyil. Çünki bu halda Rusiyanın Qərblə danışıq pəncərəsi bağlana bilər: “Rusiya sadəcə, nümayəndə heyətini saxlamaqla, fəaliyyətini dondurmaqla müəyyən danışıq, geri qayıtmaq pəncərəsini özündə saxlamaq istəyir. Azərbaycanın isə Rusiya ilə münasibətləri yalnız onu açıq şəkildə müdafiə etməsilə müşayiət olunur. Təbii ki, bu, qarşı tərəfdən ehtiyat etməklə bərabər, Azərbaycanın Rusiyaya oxşar dövlət olmasının nümayişidir. Rusiya hazırda demokratiya və insan hüquqlarının qorunması baxımından geridə qalan dövlətdir və Azərbaycan sözdə Qərbə inteqrasiya yolunu tutsa da, bu yolu öz qayda-qanunlarıyla getmək istəyir. Azərbaycan Rusiyanın avtoritar rejimini müdafiə etməklə, əslində, öz avtoritar rejimini də müdafiə etmiş oldu”.
Nigar