Hakimiyyət vətəndaşa divan tutmağı ağıl göstəricisi hesab edir
Azərbaycan hakimiyyəti demokratiya, azadlıq, insan haqları anlayışına nifrət etdiyi kimi, tənqidə də dözümsüzdür və tənqid edənləri düşmən siyahısına salır. Son dövrlər Qərbə qarşı yaranmış aqressiya da məhz dünyanın haqlı tənqidlərinin nəticəsidir. Normal düşüncəli insanlar üçün tənqid, inkişaf, səhvlərin təkrarlanmaması üçün vasitədir.
Mövcud hakimiyyət isə bütün qanunsuz əməllərini “bizim öz yolumuz var”, “heç kim bizm daxili işimizə qarışa bilməz”, “bəzi dairələr bizə qarşı milli maraqlarımıza zidd olan tələblər irəli sürürlər” kimi arqumentlərlə sığortalamağa çalışır. Amma məlum olur ki, Azərbaycan hakimiyyətindən yalnız öz vətəndaşına hörmət, beynəlxalq öhdəliklərə əməl etmək tələb olunur.
Bugünlərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxış edib və ənənəyə sadiq qalaraq “bizə ağır öyrətməsinlər” mesajını verib: “Azərbaycan QHT-lərin fəaliyyəti baxımından ən nümunəvi ölkədir. Azərbaycana ağıl öyrətməsinlər, demokratiya dərsi keçməyə çalışmasınlar. Azərbaycana III sektorun fəaliyyəti ilə bağlı özlərinin subyektiv mülahizələrini və postulatlarını zorla təlqin etməsinlər. Bu, Azərbaycandakı QHT sektorunun fəaliyyəti və ortaya qoyduğu mövqe, QHT-lərə verdiyi sifarişlər və aldığı nəticələr, bu da həmin demokratiya carçısı olan dövlətləri təmsil edən donor təşkilatlarının fəaliyyəti”- deyə Əli Həsənov bildirib.
Əvvəla, Azərbaycan QHT sahəsində o qədər “nümunəvi”dir ki, Intiqam Əliyev, Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov və digər bu sektorun ünlü simaları şərlənərək həbs olunub. Onlarla vətəndaş cəmiyyəti nümayəndəsinin bank hesabına həbs qoyulub, ofisi möhürlənib. QHT-lər haqqında qanun sərtləşdirilərək hakimiyyətin maraqları səviyyəsinə salınıb.
Əli Həsənovun “bizə ağıl öyrətməsinlər, demokratiya dərsi keçməsinlər” fikrinə gəlincə, sual meydana çıxır. Niyə bütün dünya Azərbaycan hakimiyyətinə ağıl öyrətməyə, dərs keçməyə çalışır?
Çünki buna ehtiyac var. Korrupsiya, repressiya, hüquqsuzluq, insan haqlarının pozulması, avtoritar idarəetmə, ağıllı beyinin məhsulu deyil. Hakimiyyətin qənaətinə görə, vətəndaşa divan tutmaq ağıllılıq göstəricisidir. Ancaq bu ölkədə baş verənlər sağlam təfəkkürün göstəricisi deyil.
Azərbaycan hakimiyyəti bütün imtahanlardan kəsildiyi üçün dərs almaq məcburiyyətindədir. Bəlkə də bir qrup məmurun maraqlarının təmin olunması baxımından hökumət ağıllı siyasət yürüdür. Xalqın və dövlətin maraqları baxımından isə bu olduqca ağılsız siyasətdir.
Ölkənin sərvətlərini talan edib, fərqli fikir söyləyənləri şərləyərək həbs etmək yalnız ağılsızlıq deyil. Həm də oğurluqdur, iyrənc əməldir, cinayətdir.
Əli Həsənovun təmsil olunduğu hakimiyyət bu sevdadadır ki, bütün dünya bunların qanunsuz əməllərini alqışlamalıdır.
Reallıq isə onu göstərir ki, demokratik dünya Azərbaycan hakimiyyətinə ağıl vermək zərurəti hiss edib.
Özü yıxılan ağlamaz, cənablar. Ağıllı olun, ağıl öyrətməsinlər.
Yüzlərlə siyasi məhbusun olduğu ölkənin rəsmiləri “bizdə siyasi məhbus yoxdur” deyirsə, bu ağılsızlığın göstəricisidir. Eyni zamanda hamıya kor damğası vurmaqdır. Yəni görünən həqiqəti gizlətməyə çalışmaq bicliyin yox, ağılsızlığın simptomudur.
Bəli, Azərbaycanda baş verənlər çox ağılsızcasınadır və hakimiyyət də etiraf edir ki, dünya bunu hiss edib.
Akif