Dünən Azərbaycan tarix elminin ən dəyərli simalarından olan Süleyman Əliyarlının doğum günü idi. Bununla əlaqədar Süleyman müəllimin tələbəsi olmuş bir neşə alim onun məzarını ziyarət edib. Ziyarətçilər arasında böyük tarixçinin sevimli tələbələrindən olan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü professor Elmira xanım Muradəliyeva da olub. Elmira xanım öz müəllimini belə xatırlayır:
“18 dekabr böyük alim və şəxsiyyət Süleyman Əliyarlının dünyaya gəldiyi gündür. Yaradan ona böyük xoşbəxtlik bəxş edib, çunki ömrünün son gününədək Süleyman müəllim fəaliyyətdə olub.
Elmi araşdırmalarını hər zaman siyasi konyukturadan uzaq tutan yüksək intellektli Süleyman Əliyarli, tariximizin fundamental istiqamətlərini müəyyənləşdirib. Hələ sovet dövründə “Kökün kim?” min ilin sualını araşdırmış və Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını sübut etmişdir. BDU-da ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” eposunu tarixi qaynaq kimi araşdırmış və xüsusi kurs aparmışdı. 1996-ci ildə 868 səhifəlik “Azərbaycan tarixi” kitabını milli konsepsiya əsasında hazırlaımışdı.
Sovetlər dönəmində azad və sərbəst fikirlərinə görə təqib olunan Süleyman Əliyarli, Azərbaycanın müstəqilliyi dövründə də təqib olunmaqda idi. 55 il çalişdığı BDU-da heç bir Elmi Şuranın üzvü olmadı. 80 ildən artıq yaşasa da , böyük alimin yalnız bir yubileyi – 70 illiyi qədirbilən “Xəzər” Universitetində keçirilmişdi.
2013-cu ildə bizim buraxılışımızın 40 illiyi keçirildi. Tədbirə, bizə BDU-da dərs deyən müəllimlərimiz dəvətli idilər. Görüşdə Süleyman müəllim çox yaxşı əhvalda idi və gözəl çıxış etdi. Sonda o, bu kədərli misralarla fikrini tamamladı: ” Mən öləndə istərəm ki, xalqa bir sozum qalaydi…”
Xalqa sozunuz qaldı, Süleyman müəllim. Yalnız biz tələbələriniz deyil, cəmiyyətimiz Sizin qarşınızda borcludur”.
Xatırladaq ki, Süleyman Əliyarlı 2014-cü il yanvar ayının 16-da dünyasını dəyişib. Sağlığında böyük alimə layiq olduğu qiyməti verilməyən hakimiyyət, ümid edirik ki, ölmündən sonra böyük alimə qarşı münasibətini dəyişəcək.