Avropa Parlamenti müstəqil Fələstin dövlətinin yaradılasını dəstəkləyən qətnamə qəbul edib.
Qətnamə Fələstin dövlətinin tanınmasını tələb edən avropalı parlamentarilərlə bu prosesin İsraillə əməkdaşlıq olmadan mümkünsüzlüyünü iddia edənlər arasında kompromiss qərar hesab olunur.
Bir qədər əvvəl Avropa Ümumi Məhkəməsi radikal Fələstin hərəkəti olan HƏMAS-ı terror təşkilatları siyahısından çıxarıb. İsrail və müttəfiqləri bu qərardan məyus olduqlarını dilə gətiriblər.
İsrailin baş naziri Benyamin Netanyahu Avropa Məhkəməsinin qərarına sərt reaksiya verib və bildirib ki, Xolokost dərsləri avropalıları öyrədə bilməyib.
Netanyahu bəyan edib ki, İsrail öz xalqını və dövlətini terrordan qoruyacaq.
Avropa Parlamentinin qətnaməsinin lehinə 498, əleyhinə 88 parlamentari səs verib.
Qətnamədə deyilir: «Avropa Parlamenti prinsipcə Fələstin dövlətçiliyinin tanınmasını dəstəkləyir. Bu, hər mərhələdə sülh danışıqlarının inkişafı ilə müşahidə edilməlidir».
azadlıq.info