Siyavuş Novruzovdan sonra Fəzail Ağamalı da dilə gəldi
Artıq ölkədə vəziyyət o həddə çatıb ki, heç nəyi gizlətmək, danmaq mümkün deyil. Belə ki, hakimiyyətin alovlu təmsilçiləri də bütün sahələrin iflas həddində olduğunu etiraf edir. Bu etiraflar silsiləsi PA rəhbəri Ramiz Mehdiyevin simasında aktuallaşdı. PA rəhbəri açıq şəkildə bildirdi ki, təhsil bərbad vəziyyətdədir, savadlı kadr tapılmır, Elmlər Akademiyası bazara çevrilib və s.
Daha sonra bütün “qara”ları “ağ” rəngdə görən YAP-çı deputat Siyavuş Novruzov dilə gəldi və bildirdi ki, mövcud hakimiyyət vətəndaşı cinayətkara çevirir: “Bu ölkədə kredit borcunu ödəmək üçün ya silah alveri, ya insan alveri, ya da narkotika alveri ilə məşğul olmalısan”- deyə Siyavuş Novruzov bildirmişdi. Qeyd edək ki, 2.2 milyon vətəndaşın kredit borcu var. O da məlumdur ki, yüksək faizlə kredit verən banklar hakim ailəyə və nazirlərə məxsusdur.
Bunun ardınca deputat Aydın Mirzəzadə Mingəçevirdə 10000 ailənin evsiz və işsiz olduğunu bildirdi. Bu mənzərəni Azərbaycana transfer etsək, hansı mənzərənin yaranacağını təsəvvür etmək çətin deyil.
MM-in dünənki iclasında isə icbari sığorta haqqında müvafiq qanununlarla bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.ÿANS PRESS-in məlumatına görə, məsələ ilə bağlı deputat Fəzail Ağamalı çıxış edib. O qeyd edib ki, sığortanın məcburi olması vətəndaşlar üçün problemlər yaradır: “Sığortalar bu gün kommersiya bankları kimi Azərbaycan xalqının qanını sorur. Kimsə maşın, ev alanda onu məcbur edirlər ki, sığorta müqaviləsini alsın. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən isə sığorta şirkətləri dəyən ziyanı ödəməkdə də problemlər yaradır”,- deyə deputat söyləyib.
Spiker Oqtay Əsədov isə bildirib ki, bu sahədə həqiqətən də problemlər mövcuddur. Onun sözlərinə görə, bununla bağlı xeyli sayda şikayət məktubları daxil olub. “Ümumiyyətlə dünyada sığorta şirkətləri pul qazanmaqla məşğuldur. Onlar milyonlarla pul qazanmaqlarına baxmayaraq, həmin pulu xərcləməyə xəsislik edirlər. Düşünürəm ki, Azərbaycanda da bu məsələyə yenidən baxmaq lazımdır”.ÿ
Bəs, bu ölkənin analoqsuz inkişafı nədə əks olunur? Əgər, təhsil, səhiyyə, elm, bank sektoru, sığorta sistemi bərbad vəziyətdədirsə, evsizlik, işsizlik pik həddə çatıbsa, bu hakimiyyətin 21 illik uğuru harda gizlənib?
Azərbaycan balaca ölkədir və bu ölkədə kimin hansı işlə məşğul olduğu aydındır. O da aydındır ki, hakim elitanın nəzarətindən kənar nə bank yaratmaq, nə də sığorta şirkəti açmaq olar. 2.2 milyon adamın qanını bank sektoru, 1 milyondan artıq adamın qanını sığorta şirkətləri sorur. Deməli, bu sistemin bütün fəaliyəti xalqın qanının sorulmasına xidmət edir.
Bu ölkədə xalqa “qan” verən hansısa struktur varmı?
Axı biz də uzun illərdi ölkənin uçuruma yuvarlandığını, məmurların vətəndaşa zülm etdiyini yazırıq. Yazdığımıza görə isə “ermənipərəst”, “qərəzli” olmuşuq.
Indi hökumətin mədhiyyəçiləri də vəziyyətin kritik həddə olduğunu deməyə məcbur olublar.
Ancaq heç kim konkret danışmır, ad çəkmir. Sanki məmurlar bir-birinə mesaj ötürürlər. Yəni, bu ölkədə “qan soran” mərkəzlərin sahiblərini hamı tanıyır.
Nə qədər ki, ölkədə korrupsiya dövlət siyasətinə çevrilib, nə qədər ki, məmur vətəndaşa “pul” kimi baxır, vəziyyət dəyişməyəcək.
Yəni bütün bu acınacaqlı vəziyyətin memarı, Siyavuşların, Fəzaillərin tərif yağışına saldığı hakimiyyətdir.
Akif