Milli Şuranın mitinqinə ağız büzənlər, Müsavatın mitinqinə niyə tamah salıblar?
Həqiqətən də zaman ən böyük hakimdir. Həyat çox ədalətlidir. Saxtakarlar, masqalılar elə sürətlə, elə asanlıqla ifşa olunurlar ki, əziyyət çəkməyə ehtiyac qalmır. Ən maraqlısı budur ki, bu adamlar özləri-özlərini ifşa edir. Görünür, insanın hökmü özündə olmayanda, özünə qarşı getmək zərurət olur.
Yadınızdadırsa, Milli Şuranın 12 oktyabr və 9 noyabr mitinqlərinə hökumətlə yanaşı, hökumətin müxalifəti də etiraz etmişdi. Bu “vətənpərvər”lər Milli Şuranın mitinqini az qala xəyanət kimi qiymətləndirdilər.
O zaman ADP sədri Sərdar Cəlaloğlu bildirmişdi ki, Azərbaycanda vəziyyətin necə olduğunu yerli və beynəlxalq ictimaiyyət yaxşı bildiyindən mitinqlərə ehtiyac yoxdur. “Beynəlxalq vəziyyəti nəzərə almadan ölkədə qarşıdurmaya apara biləcək, təxribatlara rəvac verə biləcək kütləvi toplantıların keçirilməsi, xalqı küçələrə, meydanlara çağırmaq yanlış addımdır. Bu cür mitinqlər demokratiyaya xidmət etmir, ölkədə qarşıdurmanın yaranmasına səbəb olur”, – deyə Cəlaloğlu bildirmişdi.
Hətta Sərdar Cəlaloğlu İbrahim İbrahimlinin məlum məqaləsinə cavab verəndə də mitinq məsələsinə diqqət çəkərək deyirdi: “Milli Şuranın mitinqində IŞID bayrağı qaldırılmışdı. IŞID-in bayrağının qaldırılmasının qarşısını sən öz mitinqində ala bilməmisən. Sabah hansısa aksiyanda bir canlı bomba gəlib orada bir hadisə törətsə, qarşısını ala biləcəksən?”
Göründüyü kimi Sərdar Cəaloğlu bu mitinqin keçirilməsini aşağılamaq üçün İŞİD-in “sərhəd”lərinə də gedib çıxmışdı. Hansıki, Cəlaloğlu gözəl bilir ki, bu “İŞİD əməliyyatı”nın müəllifi könül verdiyi hakimiyyətdi.
“Ümid” partiyasının sədri İqbal Ağazadə də Milli Şuranın mitinqinin əleyhinə çıxmışdı və mitinq qərarının yanlış olduğunu bildirmişdi: “Cəmiyyət total şəkildə qoşulmayacaqsa, mitinq keçirməyin nə mənası var? Mitinqə cəmiyyətin səni dinləməyən təbəqələrinin üzvləri qoşulmalıdır. Çox təəssüf ki, hələlik belə bir ab-hava yoxdur”, – deyə o, fikrini əsaslandırmaq istəmişdi.
Bütün bunları xatırlamağımız səbəbsiz deyil. Deməli, Müsavat Partiyasının Divanı noyabrın 23-də keçirilən ümumrespublika müşavirəsində və partiyanın yerli təşkilatlarında irəli sürülən təklifləri nəzərə alaraq, Beynəlxalq insan hüquqları günü münasibətilə dekabrın 14-də saat 15.00-da “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirilməsi barədə qərar qəbul edib.
Bizim mitinq əleyhdarı olan liderlərimiz, Sərdar Cəlaloğlu və İqbal Ağazadə dekabrın 14-də keçiriləcək mitinqə də münasibət bildiriblər.
Sərdar Cəlaloğlu deyib: “Hər bir halda siyasi məhbuslar problemini gündəmdə saxlamaq baxımından mitinqlər də önəmlidir. O ki qaldı ADP-nin 14 dekabr mitinqində iştirakına, qanun bizə partiya üzvlərinin hüquqlarını məhdudlaşdırmağa icazə vermir, ona görə də üzvlərimiz istədiyi təşkilatın təşkil elədiyi mitinqlərdə iştirak edə bilərlər. Əgər Müsavat Partiyası ADP-ni mitinqə dəvət etsə, təbii ki, ADP üzvlərinin mitinqdə mütəşəkkil şəkildə iştirakına çalışacağıq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, siyasi məhbusların azad olunması kimi məsələlərin gündəmə gətirilməsi xoş missiyadır: “Müsavat Partiyası həmin aksiya ilə bağlı bizə müraciət edəcəksə dəyərləndirəcəyik. Hesab edirəm ki, dəyərləndirməmiz müsbət ola bilər. Çünki biz də istəyərik ki, siyasi məhbusların azad olunması ilə bağlı aksiya keçirək. Amma bütövlükdə yanaşdıqda, ümumiyyətlə siyasi partiyaların əsas işi, əsas vəzifəsi mitinqlər deyil. Siyasi partiyalar tamam başqa işlərlə məşğul olmalıdır, siyasi partiyalar təkcə insan haqlarının müdafiəçisi qismində çıxış etməməlidir”.
Nə baş verir, möhtərəm liderlər?
Cənab Cəlaloğlu, bəs deyirdiniz insanları küçələrə tökmək demokratiyaya ziddir,ölkədə qarşıdurma yaradır. Bəlkə, 14 dekabr mitinqində xüsusi təyinatlı ADP-çilər İŞİD təhlükəsinin qarşısının alınmasının yollarını öyrənib? Bu inam hardan doğdu?
Milli Şura da mitinqini “Məhsul” stadionuda keçirmişdi, Milli Şura da siyasi məhbuslara azadlıq tələb edirdi. Necə olur ki, mitinqin biri “xəyanət” o biri “zərurət” olur? Bəlkə, oktyabr və noyabr aylarına sizin niftəriniz var?
Ey İqbal Ağazadə, bəs deyirdin mitinq üçün ab-hava yoxdur. Necə oldu ki, Milli Şuranın mitinqindən 1 ay sonra sosial sifariş yarandı? Axı, bu nə ikiləşmədi?
Bilirəm, heç birinizin cavab verməyə həvəsi yoxdur
Ancaq eyni adamların mitinqlərə müxtəlif yanaşması onu göstərir ki, bu adamların münasibəti məqsədli imiş. Yəni, Milli Şuranın mitiniqini gözdən salmaq üçün, hökumətin ürəyindən keçənləri deməyə məcbur olublar.
İndi isə situasiya dəyişib, Milli Şuranın yeganə alternativ olmasından narahat olan hökumət, “dosta zəng”edib və 14 dekabr mitinqinə dəstək olmaq göstərişi verib.
Təbii ki, Sərdar Cəaloğlu və İqbal Ağazadənin partiya gücü hamıya bəllidir və onların necə dəstək verəcəyi də sirr deyil. Sadəcə olaraq bu adamlar öz aləmlərində ictimai rəyə təsir edir və müxalifətin mitiniqnə dəstək verirmiş kimi görünəməyə çalışırlar.
Nəticə bundan ibarətdir ki, qısa müddət ərzində müxtəlif yerdəyişmələr etməklə, bu adamlar özlərini bir daha “təqdim” etmiş oldular.
Akif