Son günlər baş verənlər həqiqətən də bugünün və sabahın ən iyrənc reallığı olaraq xatırlanacaq. Cəbhəçilərə qarşı nifrət o həddə çatıb ki, hakimiyyət “cəbhəçi soyqırımı” həyata keçirməyə start verib. AXCP sədri Əli Kərimlinin qayınının həbsi ilə başlayan “ənənə” digər cəbəhəçilərin simasında davam etdirilir. Əvvəlcə AXCP Rəyasət Heytənin üzvü, “Azadlıq” qəzetinin yazarı Natiq Ədilovun qardaşı şərlənrək həbs olundu. Daha sonra AXCP Təşkilat Komitəsinin rəhbəri Rafiq Daşdəmirlinin oğlunu narkotik ittihamı ilə zindana göndərdilər. Ötən gün isə həbsdə olan AXCP Naxçıvan şöbəsinin fəalı Hicran Qasımovun anası Rahilə və həyat yoldaşı Səadət Qasımovanın saxlanıldığı bildirildi.
Nə baş verir? Bu cəbhəçilər niyə bəlaya çevrilib? Bu nə nifrətdir ki, cəbhəçinin özü ilə yanaşı ailəsini də hədəf alır?
Mübarizə insanının anasını və həyat yoldaşını girov götürmək ləyaqətsizliyin yeni mərəhələsidirmi?
Hakimiyyət sözün həqiqi mənasında cəbhəçilərə dəyər biçməklə məşğuldu. Bəlkə də sıravi bir cəbhəçi gələcək nəsillərin yaddaşında qalmayacaqdı. Ancaq bu sıravi cəbhəçiyə qarşı qəddar bir rejimin apardığı mübarizə, həmin cəbhəçini tarixin bələdçisinə çevirir. Hakimiyyət aqressiv siyasəti ilə hər bir cəbhəçini gələcəyin mübarizlərinə nümunə kimi təqdim edir.
Bəli, anasının və həyat yoldaşının həbs olunması, oğlunun uzun illər həbsdə qalması reallığı ilə barışıb, doğru bildiyi yolda irəliləyən adam, qəhrəmanlıq fenomeni yaradıb.
Bir reallığı hamı dərk etməlidir. Eramızdan əvvəl, heç bir informasiya texnologiyasının olmadığı dövrdə mübarizə aparan insanları tarixdən silmək mümkün olmayıbsa, 21-ci əsrdə bu insanların kökünü kəsmək absurd iddiadır.
Artıq cəbhəçilik mübarizənin simvoluna çevrilib. Cəbhəçilər dağlara çəkilmiş qaçaqlar deyillər, meydanda düşərgə salmış qoçaqlardılar.
Bu gün mübarizə aparan cəbhəçilər haqqında danışmaq hamı üçün asan olacaq. Çünki, bu “Koroğlu” dastanı deyil ki, belə bir qəhrəmanın olub-olmadığı mübahisə mövzusuna çevrilsin. Yəni cəbhəçilərin mübarizəsi haqqında qeyri-müəyyən rəvayət kimi yox, olmuş əfsanə kimi danışacaqlar.
Adamlar öyrənəcəklər ki, yüzlərlə cəbhəçi hər gün evinə naz-nemət daşımaqdansa, təmiz ad daşımağı üstün tutublar. Hamı biləcək ki, ehtiyac bataqlığında mübarizə aparanlar yalnız öz adını deyil, millətin simasını yaşatmaqla məşğul olublar. Uzun illər nəfəsi kəsilə-kəsilə yaşayanlar, boğulmuş millətə nəfəs verməkdən imtina etməyiblər.
Bir vaxt gələcək babalar nəvələrinə “o vaxt cəbhəçilər olub” deyə maraqlı əhvalatlar danışacaqlar. Bir vaxtlar gələcək adamlar bir-birinin xarakterini qiymətləndirmək üçün CƏBHƏÇILIYI nümunə gətirəcəklər. “Cəbhəçi kimi inadkarsan”, “səndə cəbhəçi tərsliyi var”, “cəbhəçilər kimi dediyindən dönmürsən” kimi misallar çəkiləcək.
Hətta, cəbhəçilər haqqında nağıl kimi danışanlar da “biri var idi, biri yox idi” deməyəcəklər. “Biri var idi, o biriləri də var idi” deyəcəklər. Bəli, o biri cəbhəçilər də var və olacaq. Cəbhəçilər müəllim qarşısında, vicdan qarşısında imtahan veriblər. Indi tarixin imtahan biletini çəkib cavab verirlər.
Şərəfsizlik labirintindən şərəflə keçməyi bacaranlar, tarixin bütün dövrləri üçün DƏYƏRƏ çevrilmiş adamlardı.
Dostlar, sizə daş atanlar hələ çox olacaq. Hələ başınızdan çox qanlar axacaq. Amma narahat olmağa dəyməz. Böyük qayanın ətəklərinə yığılmış daş parçaları həmin qayaya təzim edirmiş kimi görünür.
Məhrumiyyətdən ləzzət alan adamlar haqqında mütləq danışacaqlar.
“O vaxt cəbəhçilər olub ki, həbsdə də mübarizə aparıb. O vaxt cəbhəçilər olub ki, vəhşicəsinə döyüləndən sonra da ağrılarına tabe olmayıb” deyəcəklər.
Bu cəbhədə atəşkəs çox pozulacaq. Amma səngərdə olanlar ölümün zəruriliyini dərk etdiklərinə görə məğlubiyyətdən söhbət gedə bilməz.
Köhnə palto, yamaqlı şalvar, cırıq ayaqqabı geyinməkdən utanmayın. Çünki əyninizdə bahalı başqa libas da var. Bundan sonrakı bütün dövrlərə örtük ola biləcək libas.