«Dialoq sevərlər»in narazı qaldığı məqamlar
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ibrahim Ibrahimlinin “Azadlıq” qəzetində dərc olunmuş məqaləsi “dialoq sevərlər”i bərk narahat etdi və “Yeni Müsavat” vasitəsilə öz hikkələrini boşaltmağa çalışdılar. Qeyd edək ki, Ibrahim Ibrahimli “Heydər Əliyev və Pənah Hüseynin əsasını qoyduğu dialoq” başlıqlı məqaləsində Siyasi Partiyaların Demokratiya və Insan Haqları Mərkəzinə daxil olan partiya sədrlərinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş üçün müraciət etməsini şərh edib:
“Dialoq – Bu söz-söhbət: nə az, nə çox düz iyirmi il bundan qabaq, daha doğrusu, mərhum Heydər Əliyevin Pənah Hüseynlə üç saatlıq görüşündən sonra başlayıb: ta o vaxtan bu vaxta qədər davam edir… Daxili siyasi mübarizənin ritminə uyğun olaraq zaman-zaman gündəmə gəlir və gedir.ÿAmma o vaxt iqtidar-müxalifət dialoqunun əsası necə qoyulubsa, indiyə qədər münasibətlər düzəlmir ki, düzəlmir. Niyə? Çünki zahiri gözəl olan bu sözün batini çirkindir; nədən ki, dialoq sözünün yozumu və mənası, daha doğrusu, siyasi-diplomatik dildən loru dilə tərcüməsiÿ BAZARlıq ÿdeməkdir”- deyə Ibrahim Ibrahimli məqalənin girişində yazır.
Ibrahim bəyin yanaşmasından da məlum olur ki, bu dialoq təklifini “bazarlıq” kimi qiymətləndirir və məqalənin davamında bunun izahını verir.
Təbii ki, prinsipial mövqeyi olan bir siyasətçinin yanaşması, bu məqalənin hədəfində olanları razı sala bilməz.
Məhz buna görə də Pənah Hüseyn Ibrahim Ibrahimlnin fikirlərinə etiraz edib: “Ibrahim bəyin az qala kövrəlmək həddinə qədər həyəcanlanmasına lüzum yoxdur. Mən indi Ibrahim Ibrahimliyə nə deyim? Adamın təsəvvürü, zehniyyəti, anlayışı belədir və bu təsəvvürdən, zehniyyətdən, anlayışdan çıxış edir.ÿMən bu cür yanaşmanı səhv, yanlış, məhdud və açığı primitiv sayıram”- deyə Pənah Hüseyn bildirib.
Sərdar Cəlaoğlu da bu məqaləyə münasibət bildirib və Ibrahim Ibrahimlini Heydər Əliyevlə əməkdaşlıqda suçlayıb: “Siz mənə Ibrahim Ibrahimlini böyük siyasi təcrübəsi olan şəxs kimi təqdim edirsiniz. Əgər Ibrahim Ibrahimlinin yetərli siyasi təcrübəsi olsaydı, Xalq Cəbhəsindən Müsavata, Müsavatdan Xalq Cəbhəsinə keçməzdi. Birincisi, Ibrahim Ibrahimlinin özü gedib Naxçıvanda Heydər Əliyevin yanında oturmuşdu və onun mətbuat naziri idi. Ibrahim özü gedib Heydər Əliyevlə əməkdaşlıq edib. Sən proseləri proqnozlaşdıra bilməyən adamsan. Milli Şuranın mitinqində IŞID bayrağı qaldırılmışdı. IŞID-in bayrağının qaldırılmasının qarşısını sən öz mitinqində ala bilməmisən. Sabah hansısa aksiyanda bir canlı bomba gəlib orada bir hadisə törətsə, qarşısını ala biləcəksən?”- deyə Sərdar Cəlaloğlu bildirib.
Göründüyü kimi, “dialoq tras”ına çıxanlar bu təşəbbüslərinə haqq qazandırmağa çalışır və problemlərin kökü kimi cəmiyyətdə dialoq mədəniyyətinin olmadığını göstərirlər.
Təbii ki, dialoqa getmək, hökumətlə əməkdaşlıqa can atmaq hər kəsin şəxsi seçimidir və biz heç kimin qarşısına sədd çəkməmişik. Sadəcə olaraq, Ibrahim Ibrahimlinin haqlı iradlarına bu qədər aqressiv yanaşmaq düzgün deyil. Ibrahim bəy bu məqalədə hər kəsi öz adı ilə çağırıb. Siz öz adınızla çağırılmaqdan niyə qorxursunuz?
Məsələnin başqa tərəfi də var. Bu necə “dialoq sevgisi”dir ki, Milli Şurayla, prinsipial müxalifətlə deyil, ölkəni talan edən hakimiyyətlə aparılır? Necə olur ki, Milli Şuranı “Rusiya proyekti” adlandıranlar, ölkəni Rusiyanın qucağına qoyanlarla dialoqa gedirlər?
Bu “vətənpərvərlik” küləkləri niyə istiqamətini dəyişib?
Ölkədə avtoritar rejimlə mübarizənin sərtləşdiyi bir vaxtda Quranın təfsirinə girişən, Eynşteyni səhv çıxarmağa çalışan, Səməd Vurğunla rinqə çıxan adam, necə müxalifət adına iddia edə bilər?
Bugün Milli Şuranı hədəf seçən partiya liderinin müxalifət olmaq limiti tükənib. Şərlənərək həbs olunan qardaşını müdafiə edə bilməyən adam, dialoqa gedib xalqı müdafiəmi edəcək? Siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən mitinqi aşağılamağa çalışan adamların, müxalifət adından danışmağa ixtiyarı yoxdur.
Dialoqa gedirsinzsə, yaxşı eləyirsiniz. Sizə, səmimi qardaşlıq arzulayırıq. Ancaq, öz adınızla gedin. Ibrahim Ibrahimlinin məqaləsi sizi qıcıqlandırıbsa, deməli, pis işlə məşğul olduğunuzu siz də etiraf edirsiniz.
Pənah Hüseynlə Heydər Əliyevin dialoquna gəlincə, bu, eramızdan əvvəlin hadisəsi deyil ki, təxminlərdən yapışaq. Ibrahim bəy yaxın tarixə ekskurs edib və “dilaoqlar seriyası”nın davam etdiyini xatırladıb.
Ibrahim Ibrahimlinin Xalq Cəbhəsindən Müsavata, Müsavatdan Xalq Cəbhəsinə keçməsini kompramat kimi təqdim etmək də biabırçılıqdı. Çünki, Ibrahim Ibrahimlinin yerdəyişməsi ön cəbhəyə, mübarizənin mərkəzinə keçməyə xidmət edib. Yəni Ibrahim Ibrahimli sizin kimi mövqeyini deyil, mübarizə səngərini dəyişib. Bugün də mübarizənin önündədir. Çox qəribə “arqument”dir. Müxalifətdən iqtidara keçənlər müxalifətdən müxalifətə keçənləri ittiham edir.
Heydər Əliyevlə münasibətlərə gəlincə, Ibrahim Ibrahimli Heydər Əliyevin hakimiyyəti dövründə həbs olunub, işgənəcələrə məruz qalıb və parlamentdə Heydər Əliyevə qarşı ən kəskin mövqe ortaya qoyub.
Onu da qeyd etmək yerinə düşər ki, Pənah Hüseyn hakimiyyətdən istefa verib gedəndə, onun təmsil olunduğu hakimiyyətin məsuliyyətini Ibrahim Ibrahimli üzərinə götürüb və onun fəaliyyətinə görə cavab verməli olub. Əgər həmin dövrdə Ibrahim bəy həyəcanlanmayıbsa, indiki şəraitdə həyəcanlamaq üçün səbəb yoxdur.
Bütün bunları yazmaqda məqsədimiz budur ki, həqiqətlərə qarşı hücuma keçməyin əsassız olduğunu göstərək.
Fakt bundan ibarətdir ki, bugün hakimiyyət yüzlərlə günahsız insanı həbsə atıb, ölkənin bütün potensialını sıfra endirib və bunlardan sonra dialoqa ümid edir. Qarşı tərəf isə, bu dialoqun da öncəkilər kimi “bazarlıq” olduğunu bildirir.
Bu qədər sadə və anlaşıqlı.
Akif