Obama Rusiya əleyhinə toplantı çağırdı
Avstraliyanın Brisben şəhərində G-20 sammiti çərçivəsində ABŞ və Avropa Birliyi liderlərinin Ukraynadakı vəziyyətlə bağlı qapalı toplantısı keçirilib. Toplantıda ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kameron, İtaliyanın baş naziri Matteo Rençi, İspaniyanın baş naziri Mariano Raxoy, AB Şurasının sədri Herman van Rampuy və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker iştirak edib.
ABŞ və AB liderləri Rusiyanın Ukrayna böhranında oynadığı rolu müzakirə ediblər.
Rusiya prezidenti Vladimir Putin isə Brisbeni vaxtından əvvəl tərk edib. O, sammitin yekun kommunikesinin imzalanmasını belə gözləməyib. Sammitin qalan iştirakçıları işgüzar nahar etdikləri vaxt Putin mətbuat konfransı keçirərək ölkəsinə qayıdıb. O belə təcili geri dönməsini qrafikinin sıxlığı və bir az yatmağa vaxt tapmaq zərurəti ilə izah edib.
Putinin Brisbeni vaxtından əvvəl tərk edəcəyi əslində, mətbuata qabaqcadan bəlli olmuşdu və bu barədə xəbər yayılmışdı. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbəri “cəfəngiyyat” adlandıraraq bunu təkzib etmişdi.
Təhlilçilər Putinin bu hərəkətini sammitdə ona göstərilən pis münasibətlə izah edirlər. Xatırladaq ki, aeroportda qarşılanmasından tutumuş oteldə yerləşdirilməsi, sammit iştirakçıları arasında yerinin müəyyən edilməsi kimi protokol qaydalarına qədər hər mərhələdə Putinə pis mənada fərqli münasibət göstərilib. Qərb liderləri də nümayişkəranə şəkildə Putindən uzaq durub, onunla Ukrayna mövzusunda sərt söhbətlər aparıb.
azadliq.info