İlkin İsmayıllı
Azərbaycanda hakim siyasi sistemin fundamenti yalan üzərində qurulub. Cəmiyyət yalanlar vasitəsilə manipulyasiya olunur. Ola bilər ki, bir çoxumuz bu yalanların fərqinə varıb. Amma bu yalanlara inanmağa heç ehtiyac da yoxdur. Sistemin davam etməsi üçün bu yalanların içində yaşamağı qəbul etməyin və bu həyatla barışmağın yetərlidir. İctimai-siyasi proseslərlə maraqlanmamaq, vətəndaş mövqeyini ortaya qoymamaq elə sistemin istəklərinə cavab verməkdir. Deyirsən ki, “Mən siyasətə qarışmıram”. Amma fərqində deyilsən ki, sən artıq “siyasətə qarışıbsan” və sistemin xidmətçilərindən birinə çevrilibsən.
Yalan bünövrəsinin üstü bəhanələrlə örtülüdür. Bu bəhanələr fərdlərə öz vicdanlarını aldatmağa, əsl vəziyyətlərini özlərindən və ətrafdan gizlətməyə imkan verir. İnsanlara elə gəlir ki, onların bu hərəkətsizliyi, biganəliyi bəşəriyyətin, insanlığın istəkləri ilə ahəng təşkil edir. İşini itirməmək xatirinə, 150 manat maaşa görə seçki saxtakarlığında iştirak edərək, ləyaqətini, vicdanını ayaqlar altına alan müəllim və ya həkim elə zənn edir ki, sanki belə də olmalıdır. Əslində isə insanlar öz itaətkarlığının, mütiliyinin mənbə və əsaslarını özlərindən gizlətməyə çalışırlar.
Fikir verin. Hamı şikayətlənir, deyinir. Amma gəl buna etiraz et dedikdə, “Düzələn deyil”, “Belə gəlib, belə də gedəcək”, “Başqası gəlsə, guya yaxşı olacaq?” kimi standart və stereotip cavablar verir. Əslində isə fərd demək istəyir ki, bir qarın çörəyə, pula, vəzifəyə görə nəinki susmağa hazıram, hətta bəzən vicdanımı da sata bilərəm. Ümumiləşdirsək deyə bilərik ki, bu kimi bəhanələrin yaranma səbəbi, insanların cəmiyyətdəki statusunu, sakitlik və təhlükəsizliyini, “cəmiyyət ilə harmoniya”sını itirmək riski altında qalmaq istəməməsidir. Məhz həmin bəhanələr hakimiyyətin bünövrəsini gizlətməyə, onun mahiyyətini örtməyə xidmət edir və sistemə legitimlik qazandırır.
Sistem ona xidmət edən fərdlərdən ibarətdir və bu siyasi sistemin qurulmasında, inkişaf etdirilməsində müxtəlif fərdlərin payı var. O fərdlər ki, sistemi birbaşa dəstəkləyir və yaxud da cəmiyyətdə baş verən ictimai-siyasi proseslərə biganəlik göstərərək, hakimiyyətin istəklərini yerinə yetirir və dolayısı yolla ona xidmət edir. Bu tamaşada baş rol alan prezidentdən tutmuş, köməkçi rol oyunçusu olan bəhanələrlə silahlanan sadə vətandaşa qədər hamının payı var. Sadəcə iştirak dərəcəsi fərqlidir. Bu iştirak dərəcəsi günah və məsuliyyət dərəcəsini təyin edir. Əslində qurulan bu oyunda sistemin dayaqları, həm də qurbandır. Bütün fərdlər yalanın əsiridir. Ramiz Mehdiyev savadsız kadrlardan, təhsilsiz kütlədən, səhiyyənin vəziyyətindən şikayətlənə bilər. Amma heç vaxt deyə bilməz ki, bunun səbəbkarı 20 illik səriştəsiz, yarıtmaz idarəetməmizdir. Çünki bu etirafı ilə o, fundamenti yalan üzərində qurulan sistemin başına uçmağı ilə nəticələnəcəyindən xəbərdardır.