Abdulla Mahmudov
“Aynaya baxdığınız zaman günahkarlığınızı hiss edirsinizsə, gerçəkləri öyrənmisiniz demək”
Ölkədə aylardır sürən pauzadan sonra siyasi aktivlik yenidən artıb. Bu siyasi canlanma fonunda siyasi məhbuslarımızın da sayı artır. Oktyabrın 12-də Milli Şura minlərlə etirazçı insanı səfərbər edib siyasi məhbusların azadlığı tələbi ilə uğurlu bir mitinq keçirdi. Elə Milli Şuranın aparıcı qüvvəsi olan AXCP-yə qarşı çirkin kampaniya da bundan sonra başladı. Özü də həm hökumət, həm də müxalifət adına iddia edən başqa qruplar tərəfindən. Hökumətlə məsələ aydındır, onları başa düşmək olar. Dərd özünə “müxalifətəm” deyib, bizə qarşı qılınclı-qələmli savaş açanlardadır. Bu qruplara elə gəlir ki, ölkədə baş verən bütün qarışıqlıqların səbəbi məhz AXCP-dır. Bilirsiniz, son günlər bu çirkin kampaniya daha da genişlənib. İndi də küçədən, bayırdan əllərinə keçəni tutub bizim partiya sıralarından xaric etdirirlər. Yaxud da 20-25 yaşına gəlib AXCP-nin qapısını tanımayan birini YAP-a transfer edirlər. Təbii, bu xırda şeylər səs gətirmir, elə səsləndiyi yerdəcə batıb qalır. İndi deyəsən daha böyük “proyektlər”ə imza atmaq istəyirlər. Bir həftədir öz sarı mətbuat yayımları ilə AXCP Sumqayıt şəhər şöbəsinin 52 üzvünü istefaya göndəriblər. Amma ortada kimsə yox. Bu yalanı tirajlayanlar Qarabağda hər gün bir kənd alan, Şuşaya kimi gedib çıxmış saytlardır. Bunlardan nə desən, çıxar. Amma hələ ki, bircə nəfəri də tapıb istefanın səbəblərini soruşmayıblar. Tapa bilməyəcəklər də. Olsa-olsa, yenə əvvəlki qayda ilə tanınmaz-bilinməz adamları çıxarıb cəbhəyə sırıyacaqlar.
Dünən axşam daha bir cəbhəçi dostumuz -Xalid Qarayev də həbs olundu. O həm də “Azərbaycan Saatı” və “Azadlıq” qəzetinin əməkdaşıdır. Xalid “Azərbaycan Saatı” proqramının həbs olunan ikinci əməkdaşıdır. Verilişin yayımına hər yolla əngəl yaradan, ancaq onu heç cür dayandıra bilməyən hökumət deyəsən məsələni birdəfəlik həll etmək istəyir. Amma əbəs yerə. Proqramın yaradıcısı Qənimət Zahid Fransadan bəyan etdi ki, “Azərbaycan Saatı” dayanmayacaq! “Mən onu tək də yaşada bilərəm. Onsuz da əlini hara atsan, sizin cinayətləriniz barədə faktlar çıxır. Bu işi bir nəfər də, 10 nəfər də görə bilər”-yazıb FB səhifəsində o. Xalid bəyin həbs səbəbi isə lap gülməlidir. O, gecə vaxtı yolda getdiyi yerdə söyüş söyürmüş, həm də ünvansız söyüş. Kimə söyürmüş, niyə söyürmüş onu açıqlamadılar. 21 ildir xalqın dərd əlindən ərşə dirənən səsini eşitməyənlər, yolda Xalidin söyüşünü necə eşidib görəsən?! Niyə təkcə Xalidin söyüşünü eşitdilər ki? Niyə bütün günü küçələrin tinində əli təsbehli söhbət xırdalayan, bahalı maşınlarıyla insanları toza basıb uçan “qaqaşlar”ın bağırdığı söyüşləri eşitmirlər? Həmin o söyüş söyən gədalara görə yolunu dəyişən qadınlar, qızlar var axı. Həmin o söyüş söyən gədaların üzündən yayda həyətində otura bilməyən insanlar var axı. Amma onları görmürlər, eşitmirlər. O harın, “bahalı” kütbeyinləri görməzliyə vurub keçirlər qarşı-qarşıya gələndə. Çünki bu rejimi ayaqda saxlayan həmin tinlərdə boş-bekar dayanan, gəlib-gedənə söz atan, təhsil almağı, məktəbə getməyi özünə ar bilən, bütün söhbətləri “07”, pivəxana, kef-damaq olan avaralardır. Xalid isə onların düşmənidir. Belə kütbeyinlərin beynini yumağa çalışan, dünyadan xəbərsiz adamlara ölkə həqiqətlərini çatdıran vicdanlı biridir. “Aynaya baxdığınız zaman günahkarlığınızı hiss edirsinizsə, gerçəkləri öyənmisiniz demək”-deyir “V for Vendetta” filminin qəhrəmanı. Bax buna görə də, onlar hər yerdə Xalidi görürlər, onun haqq danışan səsini eşidirlər. Onlar narahat olmaqda əsassız sayılmazlar da. Çünki bilirlər, bir gün hər kəs o səsi eşidəcək-haqqın səsini. Hökmən eşidəcək!