Doqquzuncu sinifdə oxuyurdum. İqtisadiyyat fənnini tədris edən müəllim zəng çalınmamış sinifə daxil oldu. Hərəmiz bir tərəfdə idik, kimi kitab oxuyub dərsə hazırlaşırdı, kimi vərəqlərdən top hazırlayıb voleybol oynayır, kimisi isə partaların üstündə rəqs edirdi. Bu mənzərəni görən müəllim heç nə demədi. Başa düşdü ki, sinifə tez daxil olub və bizim etdiklərimiz dərs zamanı olmadığı üçün “qanun” pozuntusu kimi qeydə alınmadı.
O, dərsi oxumayan şagirdlərdən birini müəllimlər otağına göndərdi ki, xəritəni və bir də coğrafiya müəllimin ölkələri göstərmək üçün istifadə etdiyi nar çubuğunu gətirsin. Sinif yoldaşım getdi 10 dəqiqədən sonra geri qayıtdı. Xəritəni tapdığını, ancaq çubuğun nar deyil, heyva ağacından olduğunu diqqətini çatdırdı. Hamımız gülüşdük. Müəllim əsəbi şəkildə “get, gətir” – dedi. Sinif yoldaşım getdi, yenə on dəqiqə sonra sinifə daxil oldu. Bu dəfə isə nar çubuğunu tapmışdı, ancaq seçim edə bilmədiyi üçün əli boş qayıtmışdı. Yenə güldük. Müəllim isə dözə bilməyib “ay heyvan, get çubuq gətir, fərqi yoxdur” – dedi. Yenə geri qayıtdı və üçüncü cəhddə müəllimə nar çubuğunu “hədiyyə” edə bildi.
Xəritəni lövhənin qarşısında asan müəllim qloballaşan dünyadan, 20 il sonrakı vəziyyət haqda bizi bilgilər verdi. Dedi ki, illər sonra Azərbaycan daha da qüdrətlənəcək. Övladlarınız sizin kimi məktəbə süpürgə pulu gətirməyəcək, bizə hədiyyə almayacaq. Bir sözlə pulumuz çox olacaq. Müəllimlərin də gözü valideynlərin cibində qalmayacaq.
Mövzu Avropaya çatdı. Bu an şagirdlərdən birinin cırılmış uzunboğaz ayaqqabısı müəllimin də gözündən yayınmadı. “Yoldaşınızın ayağındakı cırıq çəkmə…” və qəhqəhəylə güldü. Biz isə susmuşduq.
Özünü ələ alıb, vəziyyətdən çıxmaq istəyirdi.
– Çəkmə. Bəli, çəkmə. Xəritədə İtaliyaya diqqət etsəniz, bu ölkənin çəkməyə oxşadığını görəcəksiz. Baxın, bu da İtaliyadır.
Arxası xəritəyə qalsa da, əlindəki çubuqla oranı göstərmək istəyirdi. Ancaq ucu sivri olan nar çubuğu Çinə tuşlanmışdı. Biz gülüşdük.
Müəllim bir az var-gəl etdi. İtaliyadan, Roma imperatorlarından söhbət açdı. Yuli Sezardan tutmuş Napaleonun qəhrəmanlığına qədər danışdı. Sonra anladı ki, ikinci “quş”u buraxıb. Napaleonun Roma imperatoru olmadığını ona xatırlatdıq.
Hava soyuq olsa da, sinif yoldaşımın biri ani ayağa qalxaraq pəncərəni açdı.
Müəllim “Ay heyvan, pəncərəni niyə açırsan”, – soruşdu
Sinif yoldaşım isə “Quşlar sinifə dolub, açdım ki, çıxsınlar”, – dedi.
Yenə gülüşdük. Müəllim artıq pərt olmuşdu. Çox əsəbi idi. Məsələnin həlli yolu İtaliyanı xəritədə tapmaq idi. Deyəsən, “çəkməli” ölkəni kimsə geyinib “yox”a çıxmışdı.
Zəng vuruldu. Müəllim “axtarış”da idi deyə, heç kim bayıra çıxmağa cürət etmədi. Axı, özünü təsdiq edə bilməyən adamlar, həm də çox əsəbi olurlar.
5 dəqiqə ötdü. Növbəti dərsin başlanmasını elan edən zəng də çalındı. Tarix dərsi olmalıydı. Ancaq iqtisadiyyat fənni bitmək bilmirdi. Həmkarını görəndən sonra isə daha da pis duruma düşməmək üçün getmək ən yaxşı seçim idi. Çünki tarix müəllimi məsələdən hali olsaydı vəziyyət kritikləşərdi.
Müəllim getmək istəyəndə cırıq uzunboğaz ayaqqabı geyinən sinif yoldaşım əliylə çəkməsini göstərərək “İtaliya burdadır” – dedi.
Hamımız gülüşdük…
Ramin DEKO