Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılıb.
Bu barədə vəkil Adəm Məmmədov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti gələn ilin yanvar ayının 21-nə qədər uzadılıb.
“Həbs müddətinin uzadılmasına səbəb onu göstərdilər ki, Şahin Sultanov nüfuzlu şəxsdir. O, azadlıqda olarkən istintaqın gedişinə təsir edə bilər. Lakin beynəlxaql təcrübədə nüfuzlu şəxsləri istintaq zamanı həbs etmirlər. Onlar sadəcə olaraq polis nəzarətində olur. Yaxud belə insanalra ev dustaqlığı verilir”, – deyə Adəm Məmmədov bildirib.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.