Eldəniz Quliyev: “Rəqibin qaydasız hərəkətlərinə qırmızı vərəqə düşür, ancaq hakimlərin bunu verməyə cürəti yoxdur”
“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dünya futbolu və sən futbolçu olsaydın…
Çox fəaldır, enerjilidir, yorulmaq ona yaddır. Yazır, yaradır, ictimai-siyasi fəaliyyətlə məşğul olur. Futbol diliylə desək, 90 dəqiqə meydanda dayanmadan hərəkət edir.
Messi kimi hazırda onun da işi məhkəmədədir. Gümüş torpağın sakinini vergidən yayınmada ittiham edirlərsə, Odlar Yurdu ölkəsinin vətəndaşı polisi təhqir etməkdə, ona böhtan atmaqda suçlanır. Ancaq buna baxmayaraq, o, yenə öz işindədir. “Ən yaxşı müdafiə hücumdur” deyib geri çəkilmir.
Söhbət Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramturq, ssenarist Eldəniz Quliyevdən gedir.
“FUTPOLitika”nın 15-ci oyunçusunun meydanda necə oynadığına siz qiymət verin…
– Eldəniz bəy, meydana çıxdığınız oyunun ssenarilərini kim yazır?
– Futbol insanın kəşf elədiyi nəsnədir ki, ya özünün yazdığın ssenaridə top qovursan, ya da başqasının əlinin altında azarkeş qismində çıxış edirsən. Mən oyunuma özüm diqtə edirəm.
– Bəs, ssenarisini yazdığınız oyuna özünüzü hazır hiss edirsiz?
– Səmimi danışırıqsa, yox. Özümü formada hiss etmirəm. Ayağı zədələnmiş, oyuna çıxmaq onun üçün təhlükəli olan, ancaq “meydana girməliyəm” deyə düşünən futbolçu kimiyəm.
– Sizi məhkəməyə veriblər. Deyəsən, bir müddətlik diskvalifikasiya məruz qalacaqsız…
– Ola bilsin. Futbol qəribə bir oyundur. İnsanın bədəni onun başından daha ağıllıdır. Çünki şüur sonra formalaşır. Hesab edirəm ki, qarşı tərəf bir çox hallarda hakimlə iş birliyinə gedib, yeri gəldi-gəlmədi fiti çaldırır, məni ofsayda qoyurlar.
– Buna görə kimisi zədələmək fikrinə düşmüsüz?
– Heç kimi zədələmək istəməmişəm, qaydalarla oynamağa cəhd etmişəm. Zədələnən olubsa, buna ləzzətlə yox, ürək ağrısıyla baxmışam.
– Məşq etdiyiniz stadion əlinizdən alındı. İndi hazırlıqları harada keçirəcəksiz?
– Bu məsələdə bir az pessimistəm. Mikelancelo Antonioninin çəkdiyi “Blowup” (“Fotoböyütmə”) filmində bir epizod var. Tennis oynayanlar topsuzdurlar. Rəqibimiz də bu cür edir. Mən də belə futbol oynamaqdan yorulmuşam. Ən pisi odur ki, bu oyunun azarkeşləri də var. Bax, məşq edib, həm də qeyri-bərabər şərtlər altında meydana çıxmağın tərəfdarı deyiləm.
– Məşq edib daha da güclənmək istəmirsiz?
– Təkcə güclənmək yox, futbolun qayda-qanunlarına da riayət etmək lazımdır. Əgər meydançada eyni sayda futbolçu varsa, ortada mütləq top olmalıdır. Çox hallarda biz topsuz oynayırıq.
– Meydanda top yoxdursa, onda siz oyun adına imitasiya edirsiz?
– Rəqib bir çox hallarda bununla məşğul olur. Nəzərə alsaq ki, futbol özü həyatın imitasiyasıdır və onun içində də bir dənə imitasiya göstərmək, topsuz oynamaq normal deyil.
– Həm də Əli Kərimliylə eyni cinahda oynamaq sizə çətinlik yaratmır?
– Ümumiyyətlə, mən həmişə çalışmışam ki, futbola oyunçu kimi yox, həm də azarkeş kimi baxım. Bir çox hallarda yaxşı, özünü fəda edən komandaya hörmət eləmişəm. Özüm hətta indiki klubda oynamayanda da onlara münasibətim əla idi. O cümlədən görmüşəm ki, Əli Kərimliyə bir oyunçu kimi inamaq, arxalanmaq olar. Bilirəm ki, topu yana vurmayacaq, rəqibə ötürməyəcək. Onunla birlikdə oynamaq mənə rahatdır.
– Zərbələriniz dəqiq olmayanda, çərçivəyə getməyəndə toplar kimə dəyir?
– Zərbəni çərçivəyə yönəltmək işin hamısı deyil. Qapıçıdan da keçib toru silkələməlidir. Topun kimə dəyməsindən asılı olmayaraq, məqsədə doğru irəliləmək, rəqibin cərimə meydançasına girmək lazımdır.
– Topdaşıyanlarla aranız necədir?
– Topdaşıyanlarla heç vaxt aram olmayıb. Onlar daha çox mənə başqa duyğular aşılayır. İnsana qapıçının silkələnən tordan topu çıxarması ləzzət edir. Bunu görmək mənə xoşdur.
– Komandanıza çox maneələr yaradılır?
– Bəzən bizim məğlubiyyətimiz qələbəyə bərabər olur. Çünki hakim cığallıq edir, topdaşıyan topu gecikdirir və başqa yaradılan maneələr var. Hesab edirəm ki, futbol iki komandanın oyunundan daha çox hakimin fitiylə azarkeşlərin qışqırığı arasında gedən bir oyundur.
– Messi haqda sizə film çəkmək təklifi olunsa, baş rola kimi seçərsiz?
– Təbii ki, öncə janrı müəyyənləşdirərəm. Film ekssentrik komediya ola bilər. Gülmək üçün çox güman ki, Siyavuş Novruzovu çəkərdim.
– Daha ciddi janra müraciət etməzsiz?
– Azərbaycanda futbol o səviyyədə deyil ki, Messi haqda belə bir film çəkilsin. Ancaq bir parodiya etmək olar. Burada ekssentrik komediya yerinə düşür.
– Havalar soyuyur, qarşıdan qış gəlir. Qar yağanda da futbol oynayacaqsız?
– Hər zaman futbol oynamaq lazımdır. Belə bir məsələ var: “Dünyanın gözəl vaxtı nə var yaxşı kişi olmağa?! Hünərin varsa, çətin anlarda kişi olmağı bacar”. Bu fikir oyunçulara da aiddir.
– Rüstəm İbrahimbəyovla birlikdə meydanda, məhz meydanda nə vaxtsa oynaya biləcəksiz?
– 40 ilə yaxındır ki, biz meydanda hücum xəttində oynayırıq.
– Ancaq indi meydanda deyil. Komandasının yanına qayıtmır…
– Bu sanballı futbolçunun gəlməməsindən şou düzəltdilər. Guya Bakıya dönsəydi, əla olacaqdı, qayıtmadı deyə hər şey korlandı. Yanlış fikirdi. Oyunun nəticəsinə təsir etməyən bir faktdır. Komandanın yanında olmasa da, həmişə öz aurasıyla, içindəki istəklə futbolçuları dəstəkləyir. Bir gün nəvaxtsa gələcək.
– Sizin komandanın kapitanı döyər, yoxsa rəqibin? Fiziki cəhətdən kim daha güclüdür?
– Güc məsələsi nisbidir. Buddistlərin belə bir kəlamı var: Güc zəiflikdədir. Nə qədər pardoksal olsa da, bunu izah edirlər: Yoğun bir ağacı əyirsən sınır, ancaq təzə pöhrələnəni isə yox. Bundan çıxış edərək deyirlər ki, güc gücsüzlükdədir. Rəqibin kapitanın gücü özünün deyil, komandasının zəifliyindədir. Taktiki gedişləri də oyunun qanunlarına yox, daha çox zora hesablanıb. Hansı ki, onların qaydasız hərəkətlərinə qırmızı vərəqə düşür, ancaq hakimlərin bunu verməyə cürəti yoxdur.
– Sizin oyununuza polislər arasında azarkeşlik edən var?
– Mənim dediyim bir söz qarşı tərəfin poqonlu futbolçularını çox qıcıqlandırıb. Biz adətən deyirik ki, “mənim polisim məni qoruyur”. Əgər onlar belə oyun nümayiş etdirirsə, biz həmin deyimi parafraz edərək “məni mənim polisimdən qoruyun” söyləyəcəyik. Bəli, onlar azarkeşlik edirlər. Futbolda təkcə “ura” qışqırmırlar, həm də söyüş söyürlər.
– Deməli, sizi polislər arasında sevən yoxdur…
– Sevməkləri bir yana qalsın, yetər ki, nifrət eləməsinlər.
– Lazım gəlsə, sizin komandanız qalib gələ bilərmi?
– Biz lazımı özümüz gətirəcəyik.
– Axı, çoxları onu öz ayağıyla hüzurumuza təşrif buyurumasını gözləyir…
– Gözləməyəcəyik, məcbur gətirəcəyik. Hətta yaxşı stadionlar da fikirləşmişik. Onlardan bir neçəsi Dağlıq Qarabağdadı. Cıdır düzünün özü yaxşı bir meydan funksiyası daşıya bilər. Orada gözəl oyunlar nümayiş etdirəcəyik.
– Rəqibin künc zərbələri çox təhlükəlidir?
– Təəssüf ki, bir çox hallarda rəqib qaydasız oyun nümayiş etdirir. Referi də bunu görür və özünü görməməzliyə vurur. Yan hakimlər də eyni məntiqlə davranırlar. Mən öz oynumu oynayıram. Mütləq həmin yolun sonunda işıq var. İşığın içində isə qələbə yazılıb.
– “Rəqib hakimlə anlaşır”, “oyun qaydalarını pozur” – bu kimi ittihamlar irəli sürürsüz. Əgər oyunun taleyi hakimlərdədirsə, onda bir dəfə də siz anlaşın və qələbə çalın…
– Mən bu cür oyunu düzgün saymıram. Kiminləsə anlaşmağı, görüşməyi, danışmağı qəbul etmirəm. Bundansa meydana çıxmamaq daha yaxşıdır.
– Onda qələbə çalmaq da çox çətin olacaq…
– Belə bir rəvayət var. Süd bankasına iki siçan balası düşür. Onlar çox çabalayırlar, ancaq heç bir xeyri olmur. Sonda siçanlardan biri deyir ki, onsuz da boğulacağıq, niyə mübarizə aparırıq? Bankanın dibinə enir və boğulur. O biri isə dayanmır. Çox çabalardan sonra ayağının altı bərkiyir. Süd artıq qatığa çevrilir və oradan xilas olur. Mən bu cür fəaliyyətin tərəfdarıyam. Süd yiyəsindən yalvarıb məni oradan çıxartmasını istəmirəm.
– Ümid edirsiz ki, nəvaxtsa süd qatığa çevriləcək?
– Mütləq. Başqa cür mümkün deyil.
– Qaymaq kimə qalacaq?
– Qaymağı sevimli azarkeşlərə verəcəyik. Onlar o qədər ayran içib və buna doyran deyiblər ki, buna görə də haqq edirlər.
Ramin DEKO