Gültəkin Hacıbəyli
Seymur Həzini həbs etdilər. Daha doğrusu, Seymur özü öz ayağı ilə həbsə girdi. Bu mübaliğə deyil. Seymur Həzi 2011-ci ildə vəhşicəsinə döyülmüşdü, lakin cinayətkarlıqla azman mübarizə aparan hüquq-mühafizə orqanlarımız bu cinayətin üstünü açmaqda hələ də acizdir. Seymur uzun zamandır izlənilirdi, ölkəyə giriş-çıxışı nəzarətə götürülmüşdü, hətta bir neçə ay əvvəl bu barədə rəsmi sənədlər də yayılmışdi, lakin yenə də “şanlı hüquq-mühafizəçilərimiz” bu ciddi rəsmi dövlət sənədinə nədənsə çox qeyri-ciddi yanaşdılar. Nəhayət, bir ay öncədən Seymura həbs xəbərdarlığı olmuşdu. “Ya müvəqqəti olaraq ölkədən çıx, ya da ritorikanı yumşalt” demişdilər. Seymur könüllü olaraq həbsi seçdi. Evdə valideynlərini də xəbərdar etmişdi. “Hər şeyə hazır olun, bu, hər gün baş verə bilər” demişdi. Valideynləri gerçəkdən Seymurun həbsinə hazır idilər. “Bu mübarizədə hər şey ola bilər, əsas odur ki, Seymur haqq yolundadır” deyə biləcək qədər güclü və qürurlu gördüm Seymurun ata-anasını. Ancaq bütün hazırlıqlara baxmayaraq həbs həbsdir, məhbəs məhbəsdir və heç kim kefindən Kürdəxanı həsrəti ilə yaşamır. Bura məhbusun ailəsinə, doğmalarına, dostlarına yaşatdığı mənəvi, psixoliji, maddi, fiziki çətinlikləri də əlavə etsək, Seymurun bu “məhbəs sevgisi” bəlkə də çoxlarına ağılsızlıq kimi görünə bilər. Ancaq Seymura ağılsız deyən öz düşüncəsini və ağlını sual altına qoyacaq. Nə olsun ki, rəsmi ittihama görə Seymur Həzi küçədə, avtobus dayanacağının yaxınlığında, insanların və nəqliyyatın gur yerində heç bir səbəb olmadan əvvəllər tanımadığı bir nəfərin üstünə guya hücum çəkib onu döyüb. Yəni, rəsmi ittihama görə Seymurun “başına at təpibmiş”. Ancaq İlkin Rüstəmzadəyə Dənizkənarı Bulvardakı turc heykəlin “şərəf və ləyaqətini təhqir etdiyi üçün” 8 il həbs cəzasının kəsildiyi ölkədə bu gülünc ittihamlarla artıq heç kimi təəccübləndirə bilməzsən. Məhərrəm Həsənov adlı birisi tapılmasaydı, Seymuru məsələn, elə Ceyranbatan qəsəbəsindəki avtobus dayanacağının “şərəf və ləyaqətini təhqir etdiyinə görə ” həbs edə bilərdilər. Seymur bu absurdlar ölkəsində sağlam məntiq və düşüncə adına qalan yeganə azad qəzetin baş yazarı idi. Onun daxili və xarici siyasət haqqında dərin politoloji təhlillərini, intellekt, istedad və cəsarətdən yoğrulmuş analitik yazılarını yüz minlər oxuyur, on minlər isə nəfəs kimi ciyərlərinə çəkirdi. Razılaşın ki, indi Seymurun yeri “Azadlıq” qəzetində də, ciddi analitik jurnalistika da çox görünür. Lakin bu savadlı, intellektli, cəsarətli və dərin analizləri ilə fərqlənən gənc könüllü olaraq həbsi seçdi. Həbsindən az əvvvəl Leyla Yunusa məktubunda belə yazmışdı Seymur: “Sizin həbs xəbərinizdən sonra, anam mənə artıq “ehtiyatlı ol” demir. Yəqin ki, bunu öz qüruruna sığışdırmır. O, artıq anlayır ki, oğlunun yeri bu böyük həbsxana deyil, sizin yanınızdır”.
Seymur Həzi niyə həbsinə belə can atırdı? Axı Seymur nə avantürist-macəraçı, nə də Leopold Zaxer Mazoxun pərəstişkarı da deyil. Seymur Leyla xanıma sevgisini bu sözlərlə dilə gətirmişdi: “Sizi, analıq hissi ilə bütün Azərbaycan övladlarını qorumaq gücünü özündə hiss edən, təhlükəyə can atan böyük ananı çox sevirəm!”. “Təhlükəyə can atan böyük ana” – Leyla Yunusun hakimiyyətə hansı ritorika ilə meydan oxuyaraq öz həbsini labüd etməsini heç kim dana bilməz. Leyla xanımı bu ritorikadan sonra həbs etməyə bilməzdilər, avtoritar hakimiyyətlərin psixoligiyasına yaxşı bələd olan tarix doktoru bunu düzgün hesablamışdı, axı bundan guya hakimiyyətin nüfuzu zədələnəcəkdi və səlahiyyət sahibləri beləcə…Leyla xanımın tələsinə düşdülər. Görünür gec də olsa bunu anladıqlarından Leyla xanıma qarşı belə qəzəblidirlər. Lakin nifrət, kin gözlərini elə örtüb ki, ona işgəncə verməklə daha böyük səhv etdiklərinin fərqində deyillər. “Anası” kimi Seymur da təhlükəyə can atırdı. Çünki, zəkası və intellekti ona dünyada baş verən proseslərdən düzgün nəticə çıxarmağa imkan verir. Dünyanın inqilab və siyasi təkamül tarixinə az-çox bələd olan hər kəs anlayır ki, bu da tarixi inkişafın bir mərhələsidir. Demokratiya uğrunda mübarizənin qaçılmaz olan bir mərhələsi. İnkişaf etmiş, öz azadlığına və demokratik idarəçiliyə, ədalətli cəmiyyətə, tərəqqiyə qovuşmuş bütün xalqlar bu mərhələdən- repressiyalardan, təzyiqlərdən, təqiblərdən, həbslərdən, hətta qətllərdən belə keçib inkişafın indiki mərhələsinə qədəm qoyublar. Və o mərhələni mümkün qədər tez keçməyin, prosesi sürətləndirməyin yeganə yolu həbsin üstünə getməklə həbsi dəyərsizləşdirməkdir! Leyla Yunus da, Seymur Həzi də, Praqadan məxsusi olaraq həbs olunmaq üçün qayıdan İntiqam Əliyev də bu yolu tutdular. İntiqam müəllim hətta “qayıtmasam, özümə hörmət hissimi itirərdim” dedi. Onların, demokratiya mücadiləsinin avanqardına çevrilmiş NİDA-çı gənclərimizin, dindar qardaşlarımızın, “həbsdən qorxmayın, bir ildən sonra adam elə bilir ki, bura öz evidir” deyən 23 yaşlı İlkin Rüstəmzadənin və digər vicdan məhbuslarımızın dirənişi sayəsində 3-5 il əvvəl 2-3 illik həbslərin yaratdığı vahiməni, qorxunu indi 8-9 illik hökmlər yarada bilmir. Axı 5-10 il əvvəl əli silahlıları həbs edirdilərsə, indi əli kitablıları həbs edirlər. Axı indi Leyla Yunus, İntiqam Əliyev, İlqar Məmmədov, Anar Məmmədli kimi bütün dünyanın dəyər verdiyi ziyalılarımız həbsdədir və onların həbsi Azərbaycan hakimiyyətinin vizit kartına çevrilib. Daha dünyaya nəyisə izah etməyə ehtiyac qalmır, bu həbslər özü Azərbaycandakı durumun ən parlaq, ən əyani, ən dolğun izahıdır.
Axı kimi inandırmaq olar ki, Qarabağ Qazisi Tofiq Yaqublu iğtişaşçı, kübar bir Universitet xocası Yadigar Sadıqlı xuliqan, özü ölkənin Ali Hüquq Universiteti olan İntiqam Əliyev cinayətkardır?! Əvəzində, indi sosial şəbəkələrdə insanlar yarızarafat, yarıciddi Kürdəxanı Universitetindən, Kürdəxanı hökumətindən danışırlar. Həbs, əslində, azadlığın məhdudlşdırılmasından daha çox (yaşadığımız qeyri-həbsxana həyatında hansı azadlıqlar var ki?) məhbusa və ailəsinə, yaxınlarına yaşatdığı mənəvi iztirablar, xəcalət hissi, onlara tuşlanan ictimai qınağın nədəni kimi cəza effekti verirdi.Bu həbslərdən sonra Anar Məmmədliyə, Bəşir Süleymanlıya, Pərviz Həşimliyə, Zaura, Rəşadətə, Rəşada, Seymura cinayətkar gözü ilə baxan ağlı başında olan bir nəfər tanıyırsınızmı bu ölkədə?! Onların valideynlərini görəndə “oğlunuzla fəxr edə bilərsiniz” deyənlər arasında nə qədər Yapçı, nə qədər hakimiyyət məmuru olduğunu bilmirikmi? Demək, heç kim bu insanları həbs olunduğu üçün qınamır, əvəzində isə hakimiyyət müxalifət düşərgəsi, opponent düşüncə üçün yeni qəhrəmanlar yetişdirir. İctimai qınağa isə müxtəlif biçimli yeni Pavlik Morozovları- üzəduranları, işverənləri ilə məhkəmələrdə tam ifşa olunan hakimiyyət özü tuş gəlir. Cəmiyyət bizim qəhrəmanların dönməzliyindən danışır, beynəlxalq təşkilatlar onları vicdan məhbusu, repressiya qurbanı elan edir və ən nüfuzlu beynəlxalq mükafatlara təqdim edirlər. Yaxud, dünənədək heç kimin tanımadığı 20 yaşlı Ömər Məmmədov, Əbdül Əbdülov öz mübarizələri ilə Azadlıq mücadiləsinin simvoluna çevrilirlər.
Az sayda təzyiqlərə duruş gəturməyib sınanlar isə dərhal ictimai rəydə çəkisini itirib sıradan çıxıqları üçün hakimiyyətin ideoloji boğçasına əlavə ağırlıq gətirə bilmirlər. Bu çox önəmli məqamdır. Çünki məhz belə nümunələr xalqı öz gücünə, öz mübarizəsinə inandırır və “bu xalqdan heç nə çıxmayacaq” pessimizmi elə Ömərin, Əbdülün və ya 18 yaşını həbsxanada qeyd edən Şahinin dirənişi qarşısında darmadağın olur. Stalin dövrü repressiyalarının da, indiki həbslərin də əsas məqsədi toplumda qorxu yaratmaq və bununla da onu itaətkar bir sükuta qərq etmək idi. Lakin bu repressiyalar arasında bir böyük fərq nəticənin effektivliyi baxımından onların müqayisəsini istisna edir. 37-ci illərdə güllələnməyə aparılan hər kəs son nəfəsində yoldaş Stalinə olan sonsuz sevgisini və sədaqətini ifadə edirdi, indi isə siyasi məhbusların ən böyük şikayəti əfv ərizəsi yazmaq xahişi, bəzənsə, tələbi ilə onları boğaza yığan hakimiyyət elçilərindənir.
Beləliklə, həbslər də öz Xaç Ataları olan Rusiyanın rublu kimi qarşısıalınmaz bir şəkildə devalvasiya uğrayır, qorxuyaratma mexanizmi kimi dəyərdən, urvatdan düşür, gülüş hədəfinə çevrilir, beynəlxalq situasiyanı yetişdirir. Sizlərə avantüra kimi gəlməsin, indi nə qədər çox adamı həbs etsələr, prosesin dinamikası baxımından bir o qədər yaxşıdır. Bu həbslərin, repressiyaların inflyasiyasını sürətləndirəcək. Hakimiyyətdəki sovet nisgilli bəzi adamlar yəqin ki, “gözəlim” sovet dövünün, onun ölüm cəzasının xiffətini çəkirlər, amma elə özləri də bilirlər ki, nə dövr həmin dövr deyil, nə şərait həmin şərait. Bir də ki, ölkədə gerçək cinayətləri- korrupsiya, mandat alveri, adam oğurluğu və s. müxalifətçilər, hüquq müdafiəçiləri, dindarlar etməyiblər axı… Seymur Həzi bunları yaxşı anladığı üçün həbsinin üstünə getdi və hətta mübarizə bunu tələb etsə ölümünün üstünə gedəcəyinə də inanıram. Milyonlar, milyardlar, vəzifə, şan-şöhrət naminə yox. Azərbaycanı xoşbəxt, azad, demokratik bir ölkəyə çevirmək naminə. Millətin hakimiyyət haqqını özünə qaytarmaq naminə. Bizim və özünün hələ doğulmamış körpələrimiz naminə. Ləyaqətli həyat naminə. Bu sözlər bəzilərinə pafos kimi görünə bilər və bu təbiidir. Çünki genetik kodunda Dövlət və Dövlətçilik anlayışları olmayanlar bu müqəddəs sevgidən anlamazlar. Babalarımız bu torpağı, bu milləti belə fədakar, təmənnasız sevgi ilə sevməsəydilər, yolunda əziz canlarına qıymasaydılar bu Vətən olmazdı axı! Torpağın yalnız uğrunda ölən varsa Vətən olduğunu bilmirikmi?! Seymur Vətən, millət sevgisini irsən qan yaddaşında yaşadan bir ailənin, nəslin oğludur . Babası Həzi kişi böyük Məhəmməd Əminin silahdaşı olub. Sadə evlərində insanı ilk qarşılayan da elə Rəsulzadənin böyük portretidir…
Azərbaycan bizim Vətənimizdir, namusumuzdur və biz onu neftinə-qazına, sərvətlərinə görə yox, hər qarışı babalarımızın qanı ilə yoğrulan quruca torpağına, daşına görə sevirik. Onu kimlərəsə qoyub getmək fikrimiz də yoxdur, babalarımız kimi burada yaşayıb, burada öləcək və müqəddəs vətən torpağına çevriləcəyik. Odur ki, lütfən, biriləri bu Vətənin bir qəpiyinə sahib olmasalar da bu Vətən uğrunda təkcə həbsə yox, ölümə də gedəcək oğulların çox, düşündüklərindən qat-qat çox olduğunu anlasınlar. Bir də ki, haqq sözə görə hakimiyyətin şərəf və ləyaqəti ilə oynadığı, nəinki özlərini, bütün yaxınlarını işsiz, çörəksiz, perspektivsiz qoyduğu ölkənin ən ləyaqətli, ən intellektli, ən iradəli insanları bu yaşadığımız şərti azadlıqdan elə də çox fərqlənməyən həbsxanadanmı qorxacaqlar?
Seymurun təsəlliyə ehtiyacı yoxdur. Həbsxanada ikən belə çoxlarına təsəlli, ürək-dirək verəcək halına əminəm. Hətta Seymurun bu halı ilə qürur duyduğunu da bilirəm. Çünki qarşıda siyasi ideologiyalar və metodologiyalar deyil, ləyaqət və ləyaqətsizlik kimi bəsit bir seçim varkən, Seymur ikincini seçə bilməzdi. Özünə, öz şəxsiyyətinə hörmət edən heç kim bunu edə bilməz. Nə intellekti, nə əxlaqı, nə də qan yaddaşı bunu ona bağışlamazdı. Seymur vaxtilə şərəf və ləyaqətini bazara çıxarmış, ucuz alver predmetinə çevirmişlərə belə xitab etmişdi: “Necə baş verir belə olaylar? İnsanlar özlərinə neçə sığışdırırlar bunu? Ölmək çoxmu çətindir? Həyat deyilən şey bu qədərmi şirindir ki, onu əzilərək yaşamağa razı olasan?”.
Həyatı əzilərək yox, kişi kimi dim-dik, məğrur yaşamaq naminə öz dar ağacına salam verən Seymur Həzi, Yolun mübarək! Bu çətin, əzablı Yol onu gedən bütün millətləri işığa çıxardığı kimi, bizi də nura qovuşduracaq. Odur ki, “gözəl günlər, şən günlər, yoluna düşən günlər hələ qarşımızdadır”, qardaş!