Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcu barədə hesabat açıqlayıb. “Media forum” saytının məlumatına görə, rəsmi açıqlamada deyilir ki, 1 iyul 2014-cü ilə xarici dövlət borcu 4 milyard 987.9 milyon manat olub. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 8.5 faiz təşkil edib.
Borc vəsaitlərinin 7.7%-i 10 ilə qədər, 62%-i 10 ildən 20 ilə qədər, 30.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi belədir: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 10.8 faiz, ABŞ dolları – 60.6 faiz, avro – 24.3 faiz, yapon yeni – 2.3 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi -0.5 faiz, Küveyt dinarı – 0.2 faiz.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və sair sahələrə sərf edilib.