Müzəffər Baxışov: «Hakimiyyət bu cür məhdudiyyətlər qoymaqla, ümumiyyətlə, ölkədə siyasi partiyaların fəaliyyətini dayandırmaq istəyir»
Həsən Kərimov: «Görünür, bundan sonra siyasi partiyaların qapadılması istiqamətində də «addımlar» atılacaq»
Azərbaycanda xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan ərazisindəki filial və ya nümayəndəliyi ləğv ediləcək. “Trend”in məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsi ilə birgə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O qeyd edib ki, bu məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.
Ə.Hüseynli bildirib ki, “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, siyasi partiyaların üzvlük haqqı onların nizamnamələrində aydın şəkildə göstərilməlidir. Bununla yanaşı, siyasi partiyalara verilən ianələrin yuxarı həddi də müəyyən edilib. Siyasi partiyalara bir il ərzində ən çoxu 10 min manat ianənin verilməsi nəzərdə tutulur.
Hakimiyyətin bu addımının siyasi fəaliyyətin onsuz da məhdudlaşdırıldığı Azərbaycanda partiyaların vəziyyətini daha da çətinləşdirəcək.
Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, dəyişiklikdən açıq şəkildə görünür ki, məqsəd siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa xidmət edir. Siyasi partiyanın fəaliyyət göstərməsi üçün maliyyə mənbəyinin mühüm faktor olduğunu deyən M.Baxışov vurğuladı ki, normal siyasi partiya üçün 10 min manat ianə təşkilatın bir aylıq xərcin təşkil etmir: “Siyasi partiyalar üçün normal fəaliyyət göstərməsi üçün yüz min manata yaxın vəsait tələb olunur. Hakimiyyət isə bunu 10 min manat həcminə endirir. Hakimiyyət bu cür məhdudiyyətlər qoymaqla, ümumiyyətlə, ölkədə siyasi partiyaların fəaliyyətini dayandırmaq istəyir”.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov da qeyd etdi ki, hakimiyyətin bu formada dəyişiklik etməsində məqsəd siyasi partiyaları sıradan çıxarmaqdır: “Görünür, bundan sonra siyasi partiyaların qapadılması istiqamətində də ”addımlar” atılacaq. Çünki, hakimiyyətin yürütdüyü xətt ondan ibarətdir ki, ölkədə bir partiya olsun. Azərbaycan hakimiyyəti nə Konstitusiyaya hörmətlə yanaşır, nə də ölkədə alternativ, güclü siyasi qüvvənin olmasını istəyir”.
Maraqlıdır ki, qanuna edilən dəyişiklik YAP daxilində müəyyən çaşqınlıq yaradır. Bunu YAP-çı deputatın açıqlamasına əsasən söyləmək olar. S.Novruzov “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə xəbərlərin yanlış anlaşıldığını deyib. YAP-çı deputat virtualaz.org saytına açıqlamasında qanunda ediləcək dəyişikliyi belə izah edib: “Dünya praktikasında da belə hal mövcuddur ki, siyasi partiyalar bir neçə formada özünün maliyyə mənbələrini formalaşdırırlar. Bunlar üzvlük haqqından, ianələrdən və dövlət büdcəsindən alınan vəsaitlər hesabınadır. Bəzi ölkələrdə seçkilər ərəfəsində bu vəsaitlər 3 dəfə artırılır. Məsələn, Türkiyədə və Almaniyada da bu belədir. Bəzi ölkələrdə isə büdcə artımı zamanı partiyalara ayrılan vəsaitlər də artırılır. Siyasi partiyalara ayrılan ianələrə gəlincə, görünür, bunu kimsə düzgün izah etməyib. Ianənin maksimum və minimum həddini müəyyənləşdirmək olar. Bir siyasi partiya il ərzində 10 min manat ianə alarsa, bu vəsait onun heç bir fəaliyyət istiqamətinə fayda verə bilməz. Siyasi partiyaların maliyələşməsinin əsasları haqqında qanunda göstərilir ki, siyasi partiyalar üzvlük, ianə və dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşə bilər. Ianənin maksimum həddi 10 min manat göstərilə bilər. Məsələn, bu gün hər hansı bir partiyaya bir neçə şəxs gəlib 5 min, 10 min manat ianə vermək istəyirsə, bunu heç bir qanunla qadağan etmək olmaz. Bu, mümkün olan bir məsələ deyil”.
S.Novruzovun sözlərinə görə, siyasi partiyanın ildə maksimum 10 min manat ianə ala bilməsi mümkün deyil: “Bəlkə xalqın yarısı hansısa bir siyasi partiyaya ianə vermək istəyir… Bunun qarşısını necə almaq olar? Bunun yalnız maksimum və minimum məbləği göstərilə bilər. Ancaq bu ianəni xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi təşkilatlar edə bilməz”.
Xəyal