Dünən Gəndob-Yalalam yolunun 19-cu km-də Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzada həlak olan 37 yaşlı Günay Ələsgərovanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun qızı olduğu məlum olub. Lent.az-ın məlumatına görə, 1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı “KİA” markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra “KİA”nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını “KİA” ilə toqquşub. Qəza nəticəsində “KİA”da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib.
Mərhumun həyat yoldaşı “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.