Bəylər Əyyubovun bacısı oğlunun azadlığa buraxılması, digər qohumlarının həbsdə qalması ciddi narazılığa səbəb olub
Prezidentin mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun bacısı oğlu Osman Isayevin azadlığa buraxılması, digər qohumlarının isə həbsdə saxlanılması narazılığa səbəb olub. Qeyd edək ki, ötən ilin sentyabrında Xətai Rayon Məhkəməsinin qərarı ilə O.Isayev və əmisi oğlu Sultan Isayev 2 il, Amil Şirəliyev 2, Rauf Həsənli isə 3 il 6 ay iş alıb.
Bu şəxslər Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə təqsirli biliniblər. Bu maddə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri nəzərdə tutur.
Həbsdə olanlardan Rauf Həsənlinin atası Orxan Həsənli mətbuata açıqlamasında demişdi ki, gənclərin həbsinə səbəb olan hadisə ötən il aprelin 21-də Nobel prospektindəki “AZURE” biznes mərkəzindəki “Opera SKY” restoranında baş verib. Burada skandal olub, məkan sahibi ölkənin ikinci iqtidar soyadının daşıyıcısı olduğuna görə onun oğlunu və digərlərini həbs ediblər. Orxan Həsənli obyektin Nərgiz Paşayevaya məxsus olduğunu bildirmişdi: “Nərgiz Paşayeva (dava olan restoranın sahibi olması iddia edilir- red.) Mehriban xanıma deyib, Mehriban xanım da cənab prezidentə. Ilham Əliyev cənabları Bəylər Əyyubovu çağıraraq deyib ki, hadisəni araşdır, həll elə”. Olay prezidentə elə təqdim olunub ki, guya bizim uşaqlar orda dava-dalaş salaraq müştəriləri ordan qaçırıblar. Halbuki elə ciddi şey olmayıb”.
Lakin sonradan Nərgiz Paşayeva deyilənləri təkzib etmişdi.
Məhkəmə zamanı isə Osman Isayev sərt danışmışdı. “Azadlıq, demokratiya deyirlər. Budur demokratiya, budur azadlıq?! Günahsız insanları türməyə doldurmaqdır demokratiya? Bir zənglə adamları məhv edirlər. Biz Azərbaycanı orda-burda tanıtmaq üçün nələr etmişik? Bu nə münasibətdir bəs bizə? Lazım deyil, heç mənə belə ölkədə vətəndaş olmaq. Mən bu vətəndaşlıqdan da imtina edirəm”,- deyə o, bəyan etmişdi.
Məlumatlara görə, Osman Isayevin həbsdən buraxılması ilə bağlı qərar birinci xanım Mehriban Əliyevaya çoxsaylı müraciətlərdən sonra verilib. Bir müddət əvvəl Osman Isayevin bir qız övladı dünyaya gəlib və deyilənə görə, Mehriba Əliyeva ona çoxsaylı müraciətləri, həmçinin də bu xəbəri nəzərə alaraq Osman Isayevin azadlığa buraxılmasına razılıq verib.
Digər həbs olunanların azadlığa buraxılmaması isə onların valideynlərinin narazılığına səbəb olub. Bildirilir ki, onlar Bəylər Əyyubovda övladlarının da azadlığa buraxılması üçün səy göstərməsini tələb edirlər. Xəbərlərə görə, hazırda generalın ətrafında gərginlik yaşanır.