Milli Mətbuat Günü ilə bağlı sosial şəbəkələrdə yazılanların bir qismini oxuduqdan sonra ürəyimdən etiraz etmək keçdi və bu yazını yazmaq qərarına gəldim.
Dostlar, haqlısınız ki, bu ölkədə azad mətbuat dövlət səviyyəsində susdurulur. Qələminə sadiq jurnalistlərin həbs olunması, oğurlanıb döyülməsi, böhtan və şantaja məruz qalması adi hala çevrilib. Jurnalistlərə qarşı bu çeşidli təzyiq vasitələri artıq ölkə ictimaiyyətini təəccübləndirmir də. Azərbaycan hələ də bütün ATƏT məkanında ən çox jurnalist və bloqçunun həbsə atıldığı ölkə olaraq qalır. Jurnalistləri satın almaq üçün həm rəsmi, həm də qeyri-rəsmi fond yaradılıb. İşləri də pis getmir. Xeyli jurnalisti və bütöv mətbuat orqanını satın ala biliblər. Dövlətin azad mətbuata bu düşmənçilik münasibəti fonunda “reket jurnalistikası” da xeyli inkişaf edib.
Bəli, bütün bunlar həqiqətdir. Amma bunlara görə Milli Mətbuat Gününü qeyd etməmək, qələmin həqiqəti yazmaq missiyasına sadiq qalan jurnalistlərimizi təbrik etməmək düzgün deyil.
Dostlar, əvvəla unutmayaq ki, ölkəmizdə azad mətbuatın bərpa olunduğu 1989-cu ildən bu günlərə qədər avtoritarizmin, sülalə hakimiyyətinin meydan suladığı bu ölkədə bütün təzyiqlərə baxmayaraq, böyük qurbanlar bahasına olsa belə, azad mətbuat (ayrı-ayrı adalar şəklində olsa da) qorunub saxlana bilib. Onlarla, bəlkə də yüzlərlə jurnalistin rəşadətli mübarizəsi olmasaydı, indi Azərbaycanda azad mətbuat adına heç nə qalmazdı.
İkincisi, unutmayaq ki, ölkə jurnalistikası öz içindən çox istedadlı, cəsarətli, fenomenal şəxsiyyətlər yetirib. Azərbaycan milli mətbuatının yaranışı böyük şəxsiyyət Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Etiraf etmək lazımdır ki, azad mətbuatın 70 il sonra bərpası da ölkəmizin böyük ziyalısı, “Azadlıq” qəzetinin qurucusu və ilk baş redaktoru Nəcəf Nəcəfovun adı ilə bağlıdır. Azərbaycanın müasir azad mətbuatının simvolu isə ağzına güllə atılaraq susdurulan Elmar Hüseynovdur. Hər üçünün xatirəsini hörmətlə yad edirəm. Allah onlara rəhmət eləsin.
Heç şübhəsiz, bu gün ölkəmizdə azad mətbuatın ən güclü qalası “Azadlıq” qəzetidir. Bu mübariz kollektiv həbslərə, bıçaqlanmalara, döyülmələrə baxmayaraq mövqeyindən bircə addım da geri çəkilməyib, aylarla əmək haqqı ala bilməsə də hakimiyyətin şirnikləndirici təkliflərindən qətiyyətlə imtina edib, yüz minlərlə azərbaycanlı üçün bu təsəlli və ümid tribunasını qoruyub saxlayıb. Dostum, böyük şəxsiyyət, qəzetin baş redaktoru Qənimət Zahidin “Azadlıq”ın özünün və prinsipial kursunun qorunub saxlanmasında, üstəlik ölkə tamaşaçıları üçün “Azərbaycan saatı” pəncərəsinin açılmasında müstəsna rolu var. Qənimət bəy başda olmaqla bu mübariz kollektivi ürəkdən təbrik edirəm.
Dostlar, Azərbaycan mətbuatının digər fenomeni “Azadlıq”ın yaşıdı olan “Turan” informasiya agentliyidir. Böyük ziyalılarımızdan olan Mehman Əliyevin rəhbərliyi ilə “Turan” kollektivi çox çətin və şərəfli yol keçib, büdrəmədən ölkəmizdə azad mətbuat ənənələrinin qorunub-saxlanmasında mühüm rol oynayıb. Üstəlik, bu gözəl kollektiv ölkə tamaşaçılarına “Obyektiv TV”ni, oxucularına isə “contact.az”ı təqdim edib. Mehman bəy başda olmaqla, “Turan” ailsəini təbrik edirəm.
Milli Mətbuat Günündə azad mətbuatımızın yadda qalan fenomeni olmuş “Ayna” və “Zerkalo” qəzetlərinin kollektivinin fədakarlığını da qiymətləndirmək lazımdır. Ölkəmizin böyük ziyalılarından olan Elçin Şıxlı başda olmaqla, satılmaqdansa bağlanmağı üstün tutmuş bu ləyaqətli insanları təbrik edirəm.
Dostlar, Xədicə İsmayıl və Şahvələd Çobanoğlu başda olmaqla müxtəlif mətbuat orqanlarında çalışan, həqiqətə xəyanət etməyən, heç bir hədə, şantaj qarşısında prinsiplərindən geri çəkilməyən, “azadlıq bulağının qarşısını kəsmiş əjdaha” ilə yalnızca qələmi ilə vuruşan cəsarətli, azadlıqsevər jurnalistlərimizi ürəkdən təbrik edirəm.
Tofiq Yaqublu, Pərviz Həşimli, Əvəz Zeynallı başda olmaqla, məhbus jurnalistlərimizi, bloqçularımızı təbrik edirəm. Onlar həbs olunmaya bilərdilər, əgər qələmlərini satsaydılar. Amma onlar satılmaqdansa həbsi üstün tutdular. Allah qapılarını açsın.
Dostlar, ABŞ-ın, Avropanın nəyinə lazımdır milli mətbuat günü kimi bir günü qeyd etmək? O ölkələrdə azad jurnalist olmaq bir igidlik deyil ki. Belə günləri qeyd etmək məhz bizə lazımdır. Heç olmasa ildə bir dəfə bu ölkədə canı, azadlığı bahasına azad mətbuatı, bununla da cəmiyyətin sabaha ümidini qoruyub saxlayan, ətrafımızdakı qəhrəmanları görək, onlara ürəkdən “Sağ olun! Var olun!” deyək.