53 min kilometr suvarma kanalı və 135 su anbarı kimin dəyirmanına və necə axır
Baxmayaraq ki, müstəqillik əldə etdikdən 20 ildən çox müddət keçib, baxmayaraq ki, dünya ölkələri XXI əsrdə sürətlə inkişaf etməyə başlayıb, yeni-yeni texnologiyalar, texnikalar kəşf edirlər, digər planetləri fəth edirlər biz hələ də nağıllarda olduğu kimi, təpəgözlərin, ifritlərin, divlərin və sair eybəcər müzürlərin təsiri altında yaşayırıq, onların vurduqları zərərə məruz qalırıq. Bölgələrə səfər zamanı bələdiyyə fəalları ilə görüşlərdə və yaxud tanış fermerlər, kəndlilər zəng edib soruşanda ki, arxın suyu niyə quruyub? Məcburiyyət qarşısında qalıb lap Cırtdan nağılında nənənin eyni suala verdiyi cavabı təkrarlayıram: ?…demə, başımıza bəla gəlib!”
Tarix var bu gün yox
Azərbaycanda suvarma əkinçiliyi qədimdən mövcud olsa da, keçən əsrin əvvələrindən bu sahəyə daha çox fikir verilmiş və inkişaf etdirilməyə başlanmışdır.
Bəzi mənbələrdə 1925-ci ildə ölkənin əkin sahəsinin 510 min hektarının suvarma şəbəkəsi ilə təchiz olunduğu göstərilir. Hazırda suvarılan sahələrin həcmi 1432,7 min hektar təşkil edir. Lakin ölkə əhalisinin sürətli artımı və artan əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan ehtiyacı suvarılan torpaq sahələrinin artırılmasını şərtləndirir. Onu da qeyd etmək lazımdır ki, mövcud olan torpaq iqlim şəraiti də buna imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər həllini tapmadığı üçün, mövcud su potensialından səmərəli istifadə olunmadığı halda, suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək mümkün görünmür.
Rəqəmlər ifşa edir
Uzun müddətdir ki, Azərbaycan hökuməti su təsərrüfatını yaxşılaşdırmaq adı altında beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri əldə etməklə yanaşı, həm də ilbəil dövlət büdcəsindən bu istiqamətə maliyyə transfertini artırmaqda davam edir. 2004-2011-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6,3 dəfə artıb. Lakin bu sahədə vəziyyət heç də yaxşılaşmır, əksinə, ölkənin suvarma suyuna olan ehtiyacı ödənilmir. Azərbaycan Respublikasının “Su Məcəlləsi” və bu istiqamətdə digər bir sıra qanunlar, qaydalar, Regionların inkişafı ilə bağlı bir neçə Dövlət Proqramları qəbul olunub. Sonuncu 2010-2013-cü illərdə həyata keçirilən Dövlət Proqramında ölkədə, o cümlədən bütün Aran rayonları ərazisində torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsini, əkin sahələrinin su təminatının yaxşılaşdırılmasını nəzərdə tutur. Həmin Dövlət Proqramının icra müddəti artıq tam başa çatıb. Lakin təsərrüfatlarda su qıtlığı, su çatışmazlığı, su problemi öz həllini uzun müddətdir ki, tapmır. Fermerlərin, kəndlilərin əksər hissəsi suvarma suyu çatışmazlığından əziyyət çəksə də, bu sahəyə məsul olanların hesabatında hər şeyin yaxşı olduğu vurğulanır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində hökumətin gördüyü işlər barədə məlumat axtararkən diqqətimi iki yazı özünə cəlb etdi. Hər iki yazı fərqli zamanlarda (12 dekabr 2013-cü il, 08 may 2014-cü il) yazılsa da eyni başlıqla “Melorasiya və su təsərrüfatı sisteminin misilsiz himayədarı” başlığı altında, eyni orqanda – “Respublika” qəzetində, eyni müəlifin Melorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin imzası ilə verilmişdi. Qəzetinin 12 dekabr 2013-cü il tarıxli nömrəsində gedən məqalədə deyilir:
“Respublika üzrə ötən il bütün kənd təsərrüfatı bitkiləri 1353,7 min hektar sahədə orta hesabla 3,3 dəfə, o cümlədən taxıl 567323 hektarda 2,4 dəfə, pambıq 31192 hektarda 3,1 dəfə, tütün 1332 hektarda 3,6 dəfə, bostan-tərəvəz 70758 hektarda 4,8 dəfə, çoxillik əkmələr 83714 hektarda 3,4 dəfə və həyətyanı sahələr 156373 hektarda 4,6 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 7,0 milyard kubmetr su götürülmüş və ayırıclardan su istifadəçilərinə 5,0 milyard kubmetr su verilmişdir”. Əlbəttə, alternativ statistika olmadığı üçün bu rəqəmləri şübhə altına almaq ədalətsizlik olardı. Lakin bəzi məlumatlar elə bəri başdan şübhəli göründüyü üçün dövlət Statistika Komitəsinin məlumatları ilə üzləşdirməyə ehtiyac yarandı. Təssüflər olsun ki, şübhəmiz əsaslı oldu. Belə ki, 2012-ci ildə ölkədə 29.2 min hektar sahədə pambıq əkildiyi halda suvarılan sahənin həcmi 31,1 min hektardan çox göstərilib. Nəzərə alsaq ki, Səhmdar Cəmiyyətin strukturuna 134 idarə və təşkilat daxildir və bu sistemində 22 min 300 nəfər işçi çalışır, əlbəttə, verilən statistik rəqəmlərdəki fərqlər “başadüşüləndir”. Dövlət hesabına yaradılmış belə nəhəng monstrlar nəinki normal fəaliyyət göstərə bilmir, hətta çox sadə dəqiq statistikanı aparmaq qabiliyyəti də yoxdur. Onu da qeyd etməliyəm ki, son yeddi ildə Melorasiya və Su Təsərrüfatı ASC sistemindəki işçilərin əməkhaqqı 7,4 dəfə artıb.
Adı çəkilən məqalədə özünə yer alan digər informasiya daha çox diqqəti cəlb edir. Belə ki, son zamanlar hökumət məmurları yaxşı nailiyyət kimi qabartdıqları göstəricilər əslində səmərəsiz, qeyri-rasional fəaliyyət, israfçılıq kimi dəyərləndirilməlidir. Buna misal kimi həmin məqalələrdə gedən informasiyanı xatırlatmaq yerinə düşərdi. “Respublika” qəzetinin 12 dekabr 2013-cü il tarıxli nömrəsində qeyd olunur: “Bütün suvarma mənbələrindən 7,0 milyard kubmetr su götürülmüş və ayırıclardan su istifadəçilərinə 5,0 milyard kubmetr su verilmişdir”. Digər nömrədə 08 may 2014-cü il tarixdə gedən məqalədə isə 8,1 milyard kubmetr su götürülməsi və ayrıclardan su istifadəçilərinə 5,7 milyard kubmetr su verildiyi qeyd olunur. Bu göstəricilər onu deməyə əsas verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC adlı “div” heç vaxt ölkənin əkin sularına olan ehtiyacının ödənilməsini təmin edə bilməyəcək. Meliorasiya və Su Təsərrüfatı ASC Azərbaycanın su ehtiyatlarının çox məhdud olduğunu, ölkənin arid zonada yerləşdiyini vurğulayır. Bununla yanaşı hər ildə istifadə olunan suyun həcminin artdığını göstərir. Hökumətin verdiyi statistikaya əsasən, yerüstü su ehtiyatları 32,2 milyard kubmetr, yeraltı suların miqdarı isə 5,2 milyard kubmetr təşkil edir. Bu qədər su resursu olan ölkədə su çatışmazlığını, su probleminin olmasını təsəvvür etmək mümkün deyil. Bu azmış kimi Meliorasiya və Su Təsərrüfatı ASC Respublikada orta illik su çatışmazlığının 4,5-5 milyard kubmetr arasında dəyişdiyini göstərir. Su çatışmazlığının bu qədər olması iddiası əlbəttə, süni yaradılmış, bu sahədə mövcud olan çatışmazlıqları, təsərrüfatsızlığı ört-basdır etmək məqsədi güdür. Şirin su çatışmazlığı ilə bağlı bir sıra ölkələrdə ciddi problemlər olduğu halda onlar bu problemi çox asanlıqla öz xeyirlərinə həll ediblər. Israfçılığın qarşısını qısa müddətdə almaqla yanaşı, həm də kənd təsərrüfatında yüksək göstəricilər əldə ediblər. Israil hökumətinin səyi nəticəsində keçən əsrin 70-90-cı illərində 1 milyard 240 milyon kubmetr suvarma suyundan istifadə olunduğu halda, sonrakı illərdə yeni müasir texnologiya tətbiq etməklə, səmərəliliyi artıraraq 2005-ci ildə istifadə olunan suvarma suyunun həcminini 1 milyard 120 milyon kubmetrə qədər azaltmışlar. Bu qədər suvarma suyundan istifadə edən yəhudilər əhalinin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatını sivil normalara uyğun şəkildə daxili istehsal hesabına tam ödəməklə yanaşı, həm də bizim kimi idxaldan asılı qalan ölkələrə məhsul ixrac edirlər. Təsəvvür edin, bizim ölkədə istifadə olunan suyun həcmi 8,1 milyard kubmetr olduğu halda Israildə bu rəqəm 1,1 milyard rəqəm təşkil edir. Istehsal olunan kənd təsərrüfatı məhsulunun həcmi isə bizdəkindən çoxdur.
Təhlükəli ərzaq təhlükəsizliyi
Yeri gəlmişkən, bu yaxınlarda deputat Vahid Əhmədov ərzaq təhlükəsizliyinə həsr olunmuş tədbirdə çıxışında dedi ki, o, bugünlərdə Azərbaycanın kənd təsərrüfatı naziri ilə görüşüb. V.Əhmədovun dediyinə görə, qabaqcıl təcrübədən bəhrələnmək məqsədilə Israilə səfər etmiş nazir yəhudilərin vətənindən çox pərişan qayıdıb. Nazir bildirib ki, bu ölkədə daha çox genetik modifikasiya olunmuş orqanizmlərdən alınan məhsulları istehsal və istehlak edirlər. Azərbaycanlı nazirÿbu məlumatı həmkarı Israilin kənd təsərrüfatı nazirinin özündən eşitdikdən sonra, həmkarını ekoloji təmiz məhsul istehsal etmək təcrübəsinə yiyələnmək üçün Azərbaycana dəvət edib. Israilli nazirin bu təklifə reaksiyası yəqin ki, sadəcə üzündə təbəssüm ifadə etməkdən ibarət olub. Kənd təsərrüfatı məhsulu istehsalında, yeni texnologiyanın tətbiqində dünyanın ən qabaqcıl ölkəsi olan Israil hökumətinə dərs vermək arzusunda olanlar özlərinə baxsalar, əməllərinə qiymət versələr, bilmədiklərini öyrənsələr, daha yaxşı olar. Onu da qeyd edim ki, hələ öyrənəcəkləri çox şeylər var! Hətta “Cırtdan” nağılını yenidən oxusalar, başa düşəcəklər ki, div, əlində xəlbir nə qədər çalışsa da… Nə isə…
Təsərrüfatsızlıq, hökumətin səmərəsiz fəaliyyəti göz qabağındadır. Hökumət strukturlarında çalışan məmurlar respublikamızda 53 min kilometr suvarma kanalının, 135 su anbarının olduğunu tez-tez dilə gətirsələr də, faktiki olaraq bu obyektlərin varlığı fermerlərin, kəndlilərin su probleminin həllini asanlaşdırmır. Əksinə, son zamanlar tez-tez suvarma kanallarında, göllərdə gənclərin, uşaqların, içində sərnişin dolu avtomobillərin suya batdığının, faciəli halların baş verdiyinin şahidi oluruq. Əlbəttə, hökumət həm də insanları suyun zərərli təsirindən qorumaq haqqında düşünməlidir. Ancaq bu kimi mənzərələr faktiki ölkə ərazisində suyun bolluğu, praktiki olaraq fermerlər, kəndlilər üçün isə əlçatan olmadığı haqda düşünməyə əsas verir.
Vahid Məhərrəmov, ekspert